“Axırıncı dəfə oktyabrın 12-də danışdıq…Dedi ki, hər şey yaxşıdır, əgər birdən telefonuma zəng çatmasa, narahat olmayın, ola bilər ki, dalğa olmasın…Oktyabrın 13-dən isə telefonuna zəng çatmadı…”-YEVLAXLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ FƏRİD ƏLFAYIM OĞLU ABIŞOVUN ANASI GÜLŞƏN ABIŞOVA – FOTOLAR

Fərid Əlfayım oğlu Abışov…

Yevlax rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən, Nur üzlü Vətən sevdalılarımızdan biri…

Fərid 1996-cı ilin noyabr ayının 28-də Yevlax rayonunun Qoyunbinəsi kəndində sadə bir ailədə dünyaya gəlib…

Atası Əlfayım Abışov da müharibə iştirakçısı-Birinci Qarabağ Savaşının döyüşçülərindən olub…

Ailənin 3 övladından, 3 qardaşdan biri və evin böyük oğlu idi…

Orta məktəbi bitirdikdən bir müddət sonra həqiqi hərbi xidmətə yollanıb və Əsgərliyini başa vuraraq, evinə, ailəsinə dönüb…

2016-cı ilin Aprel döyüşlərində iştirak edib…

İkinci Vətən Müharibəsi zamanı isə səfərbərliyə cəlb olunub…

Sentyabrın 29-dan oktyabrın 13-nə kimi 15 günlük şərəfli döyüş yolu keçib…

Tərtər-Ağdərə-Suqovuşan istiqamətində döyüşüb…

Axırıncı dəfə Şəhidliyindən bir gün öncə, oktyabrın 12-də ailəsi, valideynləri ilə danışıb…

Və bir gün sonra, oktyabrın 13-də qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Ancaq nəşi 36 gündən sonra ailəsinə təhvil verilib və noyabr ayının 19-da Yevlax şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra 3 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü” “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub…

Eyni zamanda, ailəsi övladlarının ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir və həmin günü səbrsizliklə gözləyirlər…

Fərid həm də Qoyunbinəsi kəndinin 3 İkinci Vətən Müharibəsi Şəhidindən biridir…

24 yaşında Şəhidlik məqamına ucalan Fərid həm də subay olub…

***

Bu gün, 26 mart tarixində Şəhidimizin valideynləri və kiçik qardaşı ilə Qəbələ rayonunun Bum kəndində tanış oldum…

Qəbələli, Bumlu İkinci Vətən Müharibəsi Şəhidi Adəm Heydərovun Cənnətdəki üçüncü doğum günü ilə bağlı mərasimdə Fəridin valideynləri-anası Gülşən xanım, atası Əlfayım kişi və kiçik qardaşı Fəqan ilə bir araya gəldim…

Bu yerdə qeyd edim ki, FəridAdəm eyni yerdə və eyni gündə Şəhidlik məqamına ucalıblar…

Şəhidimizin valideynləri ilə söhbətləşdim, dərdləşdim…

Allahdan səbr və dözüm arzuladım onlara…

“Övladınızın, Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun! Ruhu qarşısında baş əyirəm!”-dedim…

Şəhidimizin anası Gülşən xanımın dediklərindən:

“Fəridlə axırıncı dəfə oktyabrın 12-də danışmışdıq…Dedi ki, hər şey yaxşıdır, əgər birdən telefonuma zəng çatmasa, narahat olmayın, ola bilər ki, dalğa olmasın…Bu onunla axırıncı danışığımız oldu…Oktyabrın 13-dən isə telefonuna zəng çatmadı…Yoldaşım Fəriddən xəbər almaq üçün hər gün gedib-gəlirdi…Hardasa ayın 15-i ya da 16-da Fəridin Şəhid olduğunu, ancaq onun nəşini neytral ərazidən götürmək mümkün olmadığını dedilər…Nəşi 34 gün sonra-noyabrın 17-də Yexlax “morq”una gətirildi, bizə isə noyabrın 19-da təhvil verildi və elə həmin gün balamı torpağa tapşırdıq…Çox ailəcanlı, çox istiqanlı, çox yanımcıl, çox vətənpərvər bir övlad idi Fəridim…”

Qeyd etdiyim kimi, Fərid həm də subay idi…

“Fəridi evləndirmək istəyirdik…Hər dəfə evlənməkdən söz salanda deyirdi ki, ana, tələsməyin, görək müharibənin axırı necə olur…Amma istədiyi qız varmış…Biz onu Şəhidliyindən sonra bildik…Oğlum qardaşının məzarı üstünə gedəndə bir neçə dəfə həmin qızı görüb və bir gün soruşub ki, siz kimsiniz…Qız da deyib ki, biz Fərdlə bir-birimizi istəyirdik (Gözləri dolur)…Heyf, arzumuz gözümüzdə qaldı, balama toy qismət olmadı…”-deyə, Gülşən xanım sözlərinə əlavə edir…

Və sözün bitdiyi yer!!!

Məqamı Ucalardan Uca, dərgahı mübarək olsun-Şəhidimizin!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Rusiya PUA-ları məhv edildi-UKRAYNADA

Read Next

Növbəti həftənin ilk üç günü hava-NECƏ OLACAQ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir