Azərbaycanlı dramaturqun pyesi Kalmık teatrında təqdim olunacaq

Dekabrın 16-17-də Rusiya Federasiyasının Kalmıkiya Respublikasının paytaxtı Elista şəhərində Əməkdar İncəsənət Xadimi, yazıçı-dramaturq Əli Əmirlinin “Zalamca” pyesi əsasında hazırlanmış “Gözlə məni” tamaşasının premyerası olacaq. Azərbaycanlı dramaturq pyesi Kalmık Milli Dram Teatrının sifarişi ilə yazıb.

Etikxeber.az-ın məlumatına görə, Əli Əmirli AZƏRTAC-a bildirib ki, pyesi kalmık ədəbiyyatının görkəmli nümayəndəsi, mühacirətdə yaşayıb yaratmış Sandji Balıkovun “Zalamca” povestinin motivləri əsasında qələmə alıb.

Janrını “tale dramı” kimi müəyyən etdiyi əsərdə dramaturq Don sahilində, ucsuz-bucaqsız kalmık çölündə azad və firavan yaşayan qədim bir xalqın Oktyabr inqilabından əvvəlki xoşbəxt həyatını və inqilabdan sonrakı faciələrini, emiqrasiya və qaçqınlıq müsibətlərini konkret bir ailənin timsalında əks etdirib.

Atçılıqla məşğul olan varlı sahibkarın ərköyün qızı Zalamcanın dramatik həyatı, çətin sınaqlara məruz qalan və bu sınaqlardan mənəvi qələbə ilə çıxan məhəbbəti əsərin əsas süjet xəttini təşkil edir.

Kalmık Milli Dram Teatrının aparıcı aktyorlarının iştirakı ilə hazırlanan tamaşanın quruluşçu rejissoru Azərbaycanın və Kalmıkiyanın Əməkdar İncəsənət Xadimi, Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanovdur.

Görkəmli rejissor “Zalamca”dan əvvəl 2014-cü ildə həmin teatrda Əli Əmirlinin “Sevən qadın” əsərini rus dilində tamaşaya qoymuşdu.

Etikxeber.az

 

Read Previous

Milli Məclisdə şahmat üzrə yığmamızın üzvləri ilə görüş keçirildi – FOTO

Read Next

Millət vəkili zibilliyə atılmış körpəyə baş çəkdi: “Temperaturu bərpa edilib…” – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir