“Azərbaycan xalqı olaraq hər zaman qardaş Türkiyənin yanındadır və bundan sonra da olacaq”-FATMA YILDIRIM

Son günlər Türkiyənin bir sıra bölgələrində baş vermiş meşə yanğınları nəticəsində ekologiyaya, ətraf mühitə, yaşayış məntəqələrinə və infrastruktura ciddi ziyan dəyib. Bir neçə gündür davam edən yanğınlar insan tələfatına da səbəb olub. Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanındadır. Azərbaycan xalqı qardaş Türkiyədə baş vermiş meşə yanğınları ilə bağlı hadisələri böyük narahatlıq və həyəcanla izləyir.

Bunu Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fatma Yıldırım deyib.

Deputat bildirib ki, qardaş Türkiyədə meşə yanğınlarının baş verdiyi ərazilərin təbiətinin, endemik bitki və heyvan növlərinin, təbii ehtiyatların məqsədli və sistemli şəkildə məhv edilməsi bu gün bir daha bütün dünyanın, beynəlxalq ekoloji təşkilatların diqqətində olmalıdır:

“Çünki bu gün qlobal iqlim dəyişikliyi bəşəriyyətin əsas çağırışlarından biridir. Belə bir şəraitdə, ekologiyanı və ətraf mühiti qorumaq, yaşıllıq və meşə ərazilərini əhəmiyyətli dərəcədə artırmaq, flora və faunamızı yaşatmaq dünya ictimaiyyətinin qarşısında dayanan əsas vəzifələrdəndir. Ətraf mühit sahəsində mövcud olan “Bioloji müxtəliflik”, “Ramsar”, “Bern” beynəlxalq konvensiyaları və digər beynəlxalq sənədlər də ətraf mühitin qorunmasını beynəlxalq birliyin əsas vəzifələri kimi müəyyənləşdirir”.

Millət vəkili “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları tarixin ən dar məqamlarında, ən çətin günlərində belə öz sözünü deyir. Azərbaycan dövləti bu çətin günlərdə Türkiyənin yanındadır və meşə yanğınlarının qarşısının alınmasına öz yardımını edir. Yanğından dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana baş vermiş faciədən dərin kədər hissi keçirdiyini, Azərbaycan hökuməti və xalqının hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyə xalqı ilə həmrəy olduğunu vurğuladı. Eyni zamanda, dağıdıcı yanğınlar nəticəsində həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığını ifadə etdi” – deyə, deputat qeyd edib.

F.Yıldırım bildirib ki, Azərbaycan Prezidentinin tapşırıq və göstərişlərinə əsasən Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatların qısa zamanda qardaş Türkiyəyə göndərilməsi istiqamətində tədbirlər görülür. Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Türkiyə Respublikasına yola düşmüş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələrinin 100 nəfər əməkdaşından ibarət ilk qrup artıq qardaş ölkədə, hadisə yerindədir:

“Azərbaycan xalqı olaraq hər zaman qardaş Türkiyənin yanındadır və bundan sonra da olacaq. Eyni zamanda, hesab edirəm ki, ətraf mühit məsələləri üzrə beynəlxalq təşkilatlar, dünya ölkələri Türkiyədə yaranmış vəziyyəti nəzərə alaraq, bu ölkəyə lazımi dəstək verməlidir. Çünki bu dünya hamımızındır və xüsusilə, təbiəti qorumaq bəşəriyyəti qorumaq deməkdir”.

Etikxeber.az

Read Previous

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub-MÜDAFİƏ NAZİRLİYİ

Read Next

Sabah hava necə-OLACAQ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir