“Bölgələrdə fevralın 1-də 2000-dən artıq məktəbdə ibtidai təhsildə dərslər başlayacaq…Ümidvarıq ki, bağçalar fevralın 15-ə qədər açılacaq”-TƏHSİL NAZİRİ – YENİLƏNİB

Koronavirusa yoluxmaların böyük hissəsi Bakı, Abşeron və Sumqayıtın payına düşür.

Etikxeber.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda sualları cavablandırarkən deyib.

Nazir bildirib ki, özəl və dövlət olmasından asılı olmayaraq, təhsil eyni qaydada təşkil edilir:

“Bölgələrdə siniflərdə 1.5 metr məsafə qorunmaqla, bütün şagirdlər məktəbə gələ bilirsə, bu halda təhsili həftədə 5 gün formatına qaytarırıq. Daha sonra növbəti həftədəki dinamikadan asılı olaraq çalışacağıq ki, qısa zamanda – fevralın 15-ə qədər məktəblərdə ənənəvi təhsil qismən də olsa, qaytarılsın”.

***

Nazir qeyd edib ki, şənbə günləri ictimai nəqliyyatın işləməməsi və məktəblərdə tədrisin olması ilə də bağlı araşdırma aparmışıq.

Onun sözlərinə görə, dərsləri 5 günə yerləşdirməyə çalışırlar:

“Mümkün qədər 6-cı günlərin dərs olmamasına çalışırıq. Məktəblilərlə bağlı o qədər böyük problemimiz olmur, çünki onların əksəriyyəti dərsə ictimai nəqliyyatdan istifadə edərək gəlmir. Müxtəlif məktəblərdə bu rəqəm 80 faiz civarında dəyişir, bəzisində daha çoxdur. Müəllimlərlə bağlı məsələ ciddi kimi gəlir. Xahişim odur ki, məktəb direktorları ilə müəllimlər bu məsələni tənzimləsinlər. Hansı müəllimlər ki, ictimai nəqliyyatdan istifadə etmir, məktəbə yaxın ərazidə yaşayır  nəzərə alınsın. Şənbə günü fəaliyyət göstərən məktəblərimizin sayı həddən artıq azdır”.

“I sinfə qəbulun aparılması pandemiya şəraitindən asılı olacaq”-deyən nazir bildirib ki, son dövrdə bununla bağlı bir sıra dəyişikliklər edilib:

“Məktəblərə qəbul ərazi prinsipi üzrə aparılır. Yerləşdirmələr elektron sistem vasitəsilə həyata keçirilir. Rus bölməsi ilə bağlı rus dili bilikləri yoxlanılır. Ötən il bunu distant formada etdik. Düşünürəm ki, uğurlu alındı”.

Nazir müəllimlərin COVID-19 testindən keçmə məsələsinə də münasibət bildirib:

“Test iki halda məcburidir. Birincisi sizin hansısa simptomlarınız varsa, hansısa şəkildə təcili yardıma müraciət etməlisiz. İkincisi, təmasda olan şəxslərin də test olunması həyata keçirilir. Amma kütləvi testləşmə o halda olur ki, məktəbdə yoluxma halı qeydə alınıb. Vaksinlərlə bağlı məsələ başqadır. Bu, yaşla bağlı məsələdir. Düşünürük ki, 50 yaşdan yuxarı müəllimlərimiz üçün mərhələli şəkildə həyata keçirilməsi düzgündür”.

Həmçinin “Praktika məsələsi pandemiya şəraitindən asılıdır”-deyən E. Əmrullayev bildirib ki, əgər bu şərait davam edərsə, praktika da mümkündür:

“Ümid edirəm ki, aprel-may aylarına vəziyyət belə davam edərsə, praktika olacaq. Vəziyyət pisləşərsə, insanların sağlamlığını daha irəli tuturuq”.

Nazir qeyd edib ki, pandemiya dövründə yəqin ki, sertifikasiya olmayacaq:

“Sertifikasiyanın keçirilməsi istəyirik və düşünürük. Yaxın 6 ay ərzində bunun olmasını düşünmürük. İlin ikinci yarısı isə situasiyadan asılı olaraq qərar veriləcək”.

“Bütün fənlərin tədrisinin əyani şəkildə təşkilinin tərəfdarıyıq”-deyə, bildirən nazir qeyd edib ki, ilkin hesablamalara görə, bölgələrdə fevralın 1-də 2000-dən artıq məktəbdə ibtidai təhsildə dərslər başlayacaq:

“Bunlar kiçik məktəblərdir, şagirdlərimizin az qismi orada oxuyur, amma əyani təhsilə ayın 1-dən başlamış olacaqlar”.

Nazir vurğulayıb ki, bəzi məktəblərdə pandemiya şəraitində yer problemi yoxdur:

“Müəyyən mənada uşaqların 5 gün ərzində dərsə gəlməsini təmin etmək olur. Bəzi hallarda isə xüsusilə, Abşeron rayonunun Xırdalan qəsəbəsində, Masazırda, Bakının ətraf kənd və qəsəbələrində  kifayət qədər sıx məktəblər var ki, bu məktəblərdə həddindən çox şagird var. Bu məktəblərdə məcbur olaraq təhsili 6 günə keçirə bilirik. Çünki sıxlıq imkan vermir ki,  5 gün  edək. Düzdür, yalnız ibtidai təhsil alanlar məktəbə gələndə sıxlıq  elə də böyük olmur. Amma V-IX siniflər məktəbə qayıtdıqdan sonra sıxlıq olacaq. Operativ Qərargahdan olan həmkarlarımızla birgə  müzakirə aparıb, qərar verəcəyik. Yaxın gələcəkdə valideynlər bununla bağlı məlumat alacaqlar. Düşünürük ki, valideynlər bir həftə əvvəl övladının dərsə getməsi ilə bağlı məlumatlı olmalıdır. Növbəti həftə bununla bağlı açıqlamalar olacaq”.

Daha sonra “Ümidvarıq ki, bağçalar fevralın 15-ə qədər açılacaq”-deyən nazir bildirib ki, bunu istəyirlər, amma yenə də bu, istək məsələsi deyil:

“Bağçaların birinci mərhələdə açılamamasının səbəbi odur ki, bu barədə qərar verəndə yoluxma sayı hələ yuxarı idi. Saylarla bağlı azalmalar var. Yəqin növbəti iş həftəsində  müəyyən qərarlar verilə bilər”.

Etikxeber.az

Read Previous

Gömrük Komitəsinin əməkdaşları rütbələndirildi-TƏLTİF EDİLDİLƏR – SİYAHI – YENİLƏNİB

Read Next

XİN-dən Avropa İttifaqı sözçüsünün erməni hərbçilərinin azadlığa buraxılması ilə əlaqədar açıqlamasına-MÜNASİBƏT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir