“Böyük əmək sərf etdiyiniz Ermənistanla müzakirələrin sülh müqaviləsinin imzalanması ilə nəticələnəcəyinə ümid edirəm”-ƏRDOĞAN ƏLİYEVİ TƏBRİK ETDİ, AZƏRBAYCAN PREZİDENTİNƏ ZƏNG VURDU

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Etikxeber.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident, Əziz Qardaşım.

Bu gün keçirilən seçkilərdə uğur qazanaraq beşinci dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə millətim adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.

Zati-alinizin uğurlu liderliyi ilə Azərbaycanın əmin addımlarla əldə etdiyi inkişaf, bütün torpaqlarını işğaldan azad etməsi və beynəlxalq aləmdə getdikcə artan nüfuzu bizim üçün daim qürurverici olub.

Türkiyə ilə Azərbaycan arasında “Sevincdə və kədərdə birlik” ilə “Bir millət, iki dövlət” şüarları zəminində formalaşan qardaşlıq və həmrəylik əlaqələri Şuşa Bəyannaməsi ilə münasibətlərimizin güclü əsasını təşkil etməyə davam edəcəkdir.

Qardaş Azərbaycan xalqı tərəfindən yenidən lider seçilməyinizin təkcə ölkələrimiz arasındakı bənzərsiz münasibətlər baxımından deyil, bölgəmizin uzun illərdir ehtiyac duyduğu sülh və sabitliyin bərqərar olması baxımından da böyük bir nailiyyət olduğunu düşünürəm.

Bu baxımdan müzəffər lider kimi seçkiləri uğurla başa vurmağınızdan sonra böyük əmək sərf etdiyiniz Ermənistanla müzakirələrin də sülh müqaviləsinin imzalanması ilə nəticələnəcəyinə ümid edirəm.

Bu düşüncələrlə seçkilərdə zəfərinizin həm qardaş Azərbaycan xalqı, həm də bölgəmiz üçün xeyirli olmasını diləyir, Sizə ali vəzifənizdə müvəffəqiyyətlər arzu edirəm”.

***

Fevralın 7-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Türkiyə Prezidenti İlham Əliyevi prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə səmimi-qəlbdən təbrik edib, ölkəmizin daha da inkişaf etdirilməsi və xalqımızın rifahı naminə prezidentlik fəaliyyətində ona yeni uğurlar arzulayıb. Rəcəb Tayyib Ərdoğan dövlət başçısının rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycanın qələbə çalmasının və suverenliyimizin tam bərpa olunmasının böyük önəm daşıdığını bir daha vurğulayıb, bu xüsusda Azərbaycanda prezident seçkilərinin bütün ölkə ərazisində keçirilməsi münasibətilə də təbriklərini çatdırıb.

Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə gələcəkdə də inkişaf edəcəyinə və möhkəmlənəcəyinə, “bir millət, iki dövlət” prinsipi əsasında ölkələrimizin və xalqlarımızın bundan sonra da çiyin-çiyinə irəli gedəcəklərinə əminliklərini ifadə ediblər.

Telefon söhbəti zamanı əməkdaşlığımızın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Etikxeber.az

Read Previous

Seçicilərin 92,4 faizi Prezident İlham Əliyevə səs verib-STM

Read Next

Növbədənkənar prezident seçkiləri-SƏSVERMƏ PROSESİ BAŞA ÇATDI, ÖLKƏDƏ SEÇİCİ FƏALLIĞI 76,73 FAİZ OLDU – YENİLƏNİB – (6) – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir