26 yaşı tamam olan Şəhid Teymur Osmanlının Cənnətdəki ilk doğum günü-“ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLDU… – FOTOLAR – YENİLƏNİB

Bu gün İsmayıllı rayonunun Cülyan kəndindən olan İkinci Vətən Müharibəsi Şəhidi Teymur Osmanlının “Şəhid bulağı”nın açılışı mərasimi olacaq.

Etikxeber.az-ın xəbərinə görə, adıçəkilən mərasim bu gün 26 yaşı tamam olan Şəhidin anadan olduğu Cülyan kəndində keçiriləcək.

Saat 11:00-da nəzərdə tutulan mərasimdə Şəhidin ailə üzvləri, yaxınları, Şəhid ailələri, kənd sakinləri, rayon ziyalıları və rəhbərliyi iştirak edəcək.

Qeyd edək ki, ailənin iki oğlan övladından biri və ali təhsilli olan Teymur Osmanlı 31 may 1995-ci il tarixində Cülyan kəndində, ziyalı ailəsində anadan olub.

Bu gün onun Cənnətdəki-Cənnətindəki ilk ad-doğum günüdür.

İkinci Vətən Müharibəsində iştirak edən Teymur Osmanlı 2020-ci ilin oktyabrın 3-də Talış-Ağdərə yaşayış məntəqələrinin düşməndən azad olunması istiqamətində ağır döyüşlər zamanı qəhrəmancasına həlak olub, Şəhidlik məqamına yüksəlib.

Teymurun Şəhidliyi yalnız 13 gündən sonra, oktyabrın 16-da təsdiqlənib və nəşi bir gün sonra-oktyabrın 17-də Cülyan kənd qəbiristanlığında dəfn olunub.

Ölümündən sonra Teymur “Vətən uğrunda” medalı ilə təltif edilib.

Qeyd edək ki, ailəsi Cülyan kənd orta məktəbinə Teymurun adının verilməsini istəyir.

Onu da qeyd edək ki, Teymur Osmanlı Cülyanın İkinci Vətən Müharibəsindəki yeganə Şəhididir.

Nur içində yatsın, məkanı cənnətlik olsun!

06:50

***

Şəhid Teymur Osmanlı və Cülyanın Birinci Qarabağ Savaşı Şəhidi Çingiz Kərəm oğlu Bağırovun adını daşıyan “Şəhid bulağı”nın açılışı olub.

Açılışdan öncə isə Teymur Osmanlının Cülyan kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.

Ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, həmçinin, Şəhid Cəmil Məmmədlinin valideynləri-Aygün və Habil Məmmədovlar, Kürdəmirli Şəhidimiz Cəmil Həşimlinin anası Simuzər Bağıyeva və Şəhid Aqil Mirzəlyevin anası Aynurə Mirzəliyeva, kənd sakinləri, rayon ziyalıları, media təmsilçiləri, din xadimləri, İsmayıllı rayon İcra Hakimiyyətinin basçısı Nahid Bağırov başda olmaqla, rayon rəhbərliyi iştirak edib.

Ziyarət zamanı Şəhidin ruhuna dualar oxunub.

Ziyarətdən sonra “Şəhid bulağı”nın açılışı baş tutub.

Açılış zamanı Azərbaycanın və qardaş Türkiyənin bayraqları qaldırılıb, sonra Dövlət himni oxunub və səsləndirilib.

Açılışda Birinci və İkinci Qarabağ Savaşının Qaziləri, Şəhid Çingiz Bağırovun döyüş yoldaşları, Şəhid Teymur Osmanlının atası Saday Osmanlı, əmisi Əli Osmanlı, o cümlədən İcra başçısı Nahid Bağırov çıxış ediblər.

Açılış mərasimi təxminən bir saat çəkib.

Sonda İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Şəhid ailələri ilə ayaqüstü söhbətləşib, bir daha Şəhidlərə və Şəhid ailələrinə ehtiramını bildirib, onlarla xatirə fotoları çəkdirib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Tarix çox ədalətlidir-haqsız alibi sonda mütləq mühakimə edirlər!”-ZAHİD ORUC

Read Next

Daha bir Şəhidimiz-20 YAŞLI MƏMMƏDAĞA İMANOVUN NƏŞİ TAPILDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir