Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə “Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda “dəyirmi masa” təşkil olunub.
Etikxeber.az xəbər verir ki, “dəyirmi masa”da çıxış edən M. Əliyeva deyib ki, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti haqqında bu gün çox sözlər söyləndi:
“Biz çox şadıq ki, bu Forum artıq hər dəfə daha da genişlənir. Forumda 100-dən çox ölkənin nümayəndəsi iştirak edir. Mövzu bütün dünya üçün çox vacibdir. Mən çox şadam ki, biz Forum çərçivəsində digər vacib görüşlər də keçiririk. Bu gün xanım İrina Bokovanın təşəbbüsü ilə biz qızlar üçün təhsil məsələsindən danışırıq.
Əlbəttə, təhsil sisteminin inkişafı hər bir dövlət üçün, hər bir ölkənin gələcəyi üçün ən vacib məsələdir. Azərbaycanda müstəqillik bərpa olunandan sonra təhsil sahəsinə diqqət ən vacib, ən prioritet istiqamətlərdən biridir. Yəni, bu gün biz fəxr hissi ilə deyirik ki, ölkəmizdə savadlılıq 100 faizə yaxındır. Bizim bu sahədə böyük təcrübəmiz və tariximiz var. Eyni zamanda, biz dünyanın aparıcı ölkələrinin təcrübəsini öyrənirik və beynəlxalq təşkilatlarla bu sahədə fəal işləməyə hazırıq”.
“Dəyirmi masa”da iştirak edən UNESCO-nun baş direktoru xanım İrina Bokova, Efiopiyanın birinci xanımı Roman Tesfaye, Malinin birinci xanımı Keita Aminata Maiqa, İordaniya şahzadəsi Dana Firas qızlara təhsil verilməsinin əhəmiyyətini qeyd edərək, mayın 6-da IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində bununla bağlı keçiriləcək sessiyada bu mövzu ətrafında fəal müzakirələrin aparılacağını bildirdilər.
Görüşdə qaçqın və məcburi köçkün ailələrindən olan qızların təhsilə cəlb edilməsi ilə bağlı Azərbaycanın müsbət təcrübəsi vurğulandı. “Dəyirmi masa” iştirakçıları bildirdilər ki, ölkəmizin bu sahədə təcrübəsi digər ölkələr üçün maraqlı ola bilər. Görüş zamanı xanım M. Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlərdən söhbət açıldı, Fond tərəfindən Pakistanda qızlar üçün məktəbin yenidən qurulması yüksək dəyərləndirildi.
Etikxeber.az