Bu, vəkilləri məhkəmələrdən asılı vəziyyətə salır… – ANAR BAĞIROV

Vəkillər Kollegiyası: Vəkillik qurumları məhkəmə binalarında fəaliyyət göstərə bilməz

İyulun 19-da Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, millət vəkilləri, xarici ölkələrin səfirləri, yerli və beynəlxalq təşkilatların, həmçinin KİV nümayəndələrinin iştirakı ilə Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.

Etikxeber.az məlumat verir ki, VK-nın sədri Anar Bağırov tədbirdə açılış nitqi ilə çıxış edərək qeyd edib ki, hüquqi dövlətdə vəkillik təsisatının rolunun məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər baxımından böyük əhəmiyyəti var.

Ölkədə 10 min nəfərə 15 vəkil düşəcək

A.Bağırov tədbir iştirakçılarına VK-nın cari fəaliyyəti barədə məlumat verib, xüsusilə vəkilliyə qəbul üzrə keçirilən ixtisas imtahanları və bu imtahanlar nəticəsində VK-nın üzvlərinin sayının 1500-ü ötdüyünü bildirib: “Azərbaycanda vəkillərin sayı xeyli artıb və artmaqda davam edir. Bu, onu göstərir ki, Azərbaycanda vəkilliyə böyük həvəs və maraq var”. A.Bağırov bildirib ki, əgər üç ay bundan əvvələdək 10 min nəfərə 9 vəkil düşürdüsə, indi 15 nəfər vəkil düşəcək:  “Ötən ilin sonunda Azərbaycanda cəmi 920 vəkil var idisə, bu gün onların sayı 1500-dən çoxdur. Yəni, bu gün daha 264 vəkilliyə namizədin and içməsi ilə bu rəqəm 1500-ü keçəcək”.
Sədr qeyd edib ki, vəkiliyə böyük həvəs var: “Gənclər vəkil olmaq üçün böyük həvəs göstərirlər. Bu da ölkədə vəkilliyin gücünün artması ilə bağlıdır. Vəkillik təsisatının tarixində yeni inkişaf mərhələsi yaşanır. Əvvəllər nisbətən yaşlı insanlar vəkil olmaq istəyirdilərsə, indi gənclərin vəkilliyə böyük marağı və həvəsi müşahidə olunmaqdadır. Elə 264 nəfərin 82 faizini 40 yaşa qədər olanlar təşkil edir. Bununla yanaşı, vəkilliyə maraq göstərənlər arasında hüquq-mühafizə orqanlarında çalışan insanlar-müstəntiqlər, prokurorlar da var. Bu, vəkilliyin necə də önəmli peşə olduğuna daha bir nümunədir. Həmçinin, Rəyasət Heyətində təmsil olunmaq istəyən elm adamlarımızın, hüquq elmləri doktorlarının sayında bir artım var. Onlar bizə Rəyasət Heyətində təmsil etmək üçün müraciət ediblər və hazırda Rəyasət Heyətində 6 nəfər hüquq elmləri doktoru var”. A.Bağırovun sözlərinə görə, ilin sonuna kimi vəkilliyə qəbulla bağlı daha bir imtahan keçiriləcək və bu zaman vəkillərin daha bir qədər də artmış olacaq.

anka-

O, çıxışında qeyd edib ki, son 6 ay ərzində vəkillərə yeni vəsiqələr paylanılıb: “İndiyə kimi, vəkillərə sovetlərdən dövründən qalma qırmızı vəsiqələr verilirdi. Ancaq biz həmin vəsiqələri yenilədik, müasirləşdirdik. Çünki qırmızı vəsiqələr başqa assosiasiyalar doğururdu. Həmçinin, müqavilələri yenilədik, bu istiqamətdə də mühüm addımlar atdıq”.

A.Bağırov keçmiş rəhbərliyin dövründə VK-nin qapalı bir quruma çevrildiyini, onun media və xarici təşkilatlarla heç bir əlaqə qurmadığını da deyib: “Vəkillər Kollegiyası kommersiya qurumu deyil, o, qapalı ola bilməz. Bu qurum hər kəsə, bütün vətəndaşlara, xüsusilə, mediaya açıq olmalıdır. Çox təəssüflər olsun ki, ötən illərdə bir dənə də olsun beynəlxalq təşkilatla əlaqə qurulmayıb. Bu qurum mediaya qapalı qurum kimi fəaliyyət göstərib. Bunlar qəbuledilməzdir. Amma bu gün biz bır sıra beynəlxaql qurumlarla, o cümlədən, türkiyəli və gürcüstanlı həmkarlarımızla əməkdaşlıq edirik. Hətta, Ermənistanı, erməniləri də bu məsələdə təcrid vəziyyətinə salmışıq. Onlar mesaj vermişik ki, nə qədər ki, təcavüzkarlıq siyasətlərindən əl çəkməyiblər, digər məsələlərdə olduğu kimi, bu sahədə də təcrid durumunda qalacaqlar”.

VK-nin sədri son dövrlər yerlərdə vəkillik qurumlarının sayının atmasını da müsbət tendensiya kimi dəyərləndirib: “Son bir neçə ay ərzində daha 10 yerli vəkillik qurumları yaradılıb. İndiyə qədər vəkillər qurumları yerli məhkəmələrin binalarında fəaliyyət göstəriblər. Amma belə hesab edirik ki, bu, düzgün deyil. Bu, onların müstəqilliyini kölgə altına salır, bir növ məhkəmələrdən asılı vəziyyətə salır. Vəkil məhkəmə binasında ola, otura bilər, amma vəkillər qurumları yox”.A.Bağırov həmçinin, indiyə qədər mövcud olan hüquq məsləhətxanlarının adının korrekə edildiyini, dəyişikliyə məruz qaldığını söyləyib: “Hüquq məsləhətxanası deyəndə sanki belə çıxır ki, ancaq məsləhətlər verilir. Bu, düzgün deyil. Bu, vəkilliyin, vəkillərin bir növ aşağılanmasıdır. Ona görə də qərara aldıq ki, “hüquq məsləhətxanları” sözü “vəkil büroları” sözü ilə əvəzlənsin”.

VK-nin sədri bununla belə, son aylara qədər Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası ilə heç bir təmas olmadığını bildirib və bunu qurumun tarixində biabırçı hadisə kimi dəyərləndirib: “Çox təəssüflər olsun ki, son dövrə qədər Naxçıvan Vəkillər Kollegiyası ilə heç bir əlaqə, təmas olmayıb. Bu, biabırçılıqdır. Belə bir şey qəbul edilə bilməz. Odur ki, bizim ilk işlərimizdən biri də həmin qurumla işlərimizi, təmaslarımızı qurmaqdır”.

Vəkillər günü olacaq, vəkilliyə qəbulun staj müddəti azaldılacaq

A. Bağırov çıxışında onu da deyib ki, Vəkilliyə qəbulla bağlı staj müddəti azaldılmalıdır.  A.Bağırov deyib ki, Vəkillər Kollegiyası bu barədə qanunvericilik təşəbbüsü ilə çıxış edən subyektlərə müraciət edəcək: “Vəkilliyə qəbulla bağlı staj müddətinin azaldılmasına ehtiyac var”. A.Bağırov eyni zamanda, vəkillərin peşə bayramı-peşə gününə ehtiyac duyulduğunu bildirib: “Təəssüflər olsun ki, bu məsələdə də vəziyyətə ürəkaçan deyildi. Bunu mən özüm də dəfələrlə dilə gətirmişdim. Digər tanınmış vəkillərimiz də vəkillərin peşə bayramının, peşə gününün vacibliyini söyləyirdilər. Odur ki, biz arxivin araşdırılmasına və bu araşdırmaları aparmaq üçün 3 nəfər vəkildən ibarət komissiyanın yaradılmasına qərar verdik. Ötən dövrdə də komissiya arxivi, Cümhuriyyət dövrünü araşdırdı və çox gözəl materiallar, faktlar əldə etdi. Məlum oldu ki, Cümhuiriyyət illərində Azərbaycanda 100-ə yaxın vəkil fəaliyyət göstərib. Ancaq onların cəmi 9-u azərbaycanlı olub. Bununla belə, həmin vəkillər arasında Cümhuriyyət dövrünün qurucuları da olub. Beləliklə, komissiya 30 iyul 1919-cu il tarixinin Azərbaycan vəkilliyinin yaranma tarixi kimi götürülməsi və bu səbədən də 30 iyulun bundan sonra vəkillərin peşə bayramı, peşə günü kimi qeyd olunması təklifi ilə Rəyasət Heyəti qarşısında çıxış edib. İndi Rəyasət Heyəti həmin təklifə münasibət bildirməlidir”.

VK-nin Rəyasət Heyəti də həmin təklifi müsbət qarşılayıb və 30 iyul vəkillərin peşə bayramı, peşə günü kimi qərara alınıb. A.Bağırovun çıxışından sonra peşəyə buraxılan 264 nəfər vəkilliyə namizəd qanunvericiliklə nəzərdə tutulmuş qaydada and içib, onlara yeni nəsil Vəkillər Kollegiyası üzvünün vəsiqəsi təqdim edilib. Beləliklə, ölkə üzrə vəkillərin ümumi sayı 1500-ü ötüb.

Daha sonra, Bakı şəhəri 8 saylı vəkil bürosunun vəkili, Milli Aviasiya Akademiyasının hüquqşünaslıq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İbrahim Quliyev, KPMG şirkətinin direktoru Fərid İsayev, hüquq üzrə fəlsəfə doktoru Fərdin Xəlilov çıxış ediblər.
Tədbirdə həmçinin, Vəkillər Kollegiyası Rəyasət Heyəti Aparatının əməkdaşı Sənan Şirinov tərəfindən Vəkillər Kollegiyasının rəsmi veb-səhifəsində yaradılmış “elektron vəkil kabineti” barədə təqdim edilib, ondan istifadə qaydaları, üstünlükləri və gətirdiyi yeniliklər barədə ətraflı məlumat verililib.

Kamil HƏMZƏOĞLU
Etikxeber.az

 

 

Read Previous

Ermənistan heç nəyə məhəl qoymur – PREZİDENT – FOTO

Read Next

Süni qiymət artımının tüğyan etməsi monopoliyaların əməlidir – MƏSİMLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir