“…Bunu Qarabağ məsələsinin həllində də görəcəyik” – MİLLƏT VƏKİLİ

Azərbaycan-Türkiyə münasibətləri dünya üçün bir nümunə, bir modeldir

1918-ci ilin 15 sentyabr tarixi Azərbaycan xalqının Şərqdə ilk demokratik respublika-Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaratması tariximizə qızıl hərflərlə həkk olundu. Düz yüz il sonra, 2018-ci ilin 15 sentyabr tarixində isə biz o sevinci, o qüruru sanki yenidən yaşadıq. Yüz il öncə Bakımız Türk dünyasının qəhrəman sərkərdəsi Nuru Paşanın rəhbərliyi ilə birləşmiş Azərbaycan və Osmanlı silahlı qüvvələrindən təşkil edilmiş Qafqaz İslam Ordusu tərəfindən azad olundu, erməni-bolşevik işğalından qurtuldu, paytaxtımız yenidən Bakıya köçürüldü və 15 sentyabr Bakının qurtuluş hadisəsi kimi tarixə düşdü. Düz yüz il sonra isə – ikinci dəfə müstəqilliyini əldə edən və ötən 27 ildə də regionun aparıcı dövlətinə, söz, nüfuz sahibinə çevrilən müstəqil Azərbaycanın paytaxtında daha bir möhtəşəm və tarixi hadisə yaşandı. Azərbaycan və qardaş Türkiyənin Prezidentlərinin iştirakı ilə Bakımızın işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı təntənəli və illərlə yaddaşlardan silinməyəcək parad keçirildi. Yəni, Bakının daşnak-bolşevik qüvvələrinin işğalından azad edilməsinin 100 illiyi ilə bağlı keçirilən parad hər bir azərbaycanlı üçün sevincli və qürurlu hadisə idi.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, akademik Gövhər Baxşəliyeva bildirib.

parad-22

parad-13

“100 il bundan əvvəl Osmanlı silahlı qüvvələrindən və Azərbaycan korpusundan təşkil edilmiş Qafqaz İslam Ordusunun uğurlu əməliyyatı nəticəsində Bakı şəhəri daşnak-bolşevik dəstələrindən azad olundu.Bununla da tarixi Azərbaycan torpağının baş şəhərində yenidən Azərbaycan bayrağı dalğalandı. Bu, sadəcə hərbi əməliyyat deyildi, ümumilikdə Azərbaycan xalqının özünün müstəqillik arzusunu həyata keçirməsi idi. Bu hadisə müstəqillik əldə etdiyimiz qədər əhəmiyyətli bir hadisədir”-deyən G. Baxşəliyevanın sözlərinə görə, Bakının işğaldan azad olunmasının 100 illiyini qeyd etməyə hazırlıq çoxdan gedirdi, kulminasiya nöqtəsi isə 15 sentyabr 2018-ci il tarixində keçirilən hərbi parad oldu:

parad-25

“Qeyd etdiyim kimi, hərbi paradda da Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə yanaşı, qardaş və dost Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, həmçinin, Türkiyənin nümayəndə heyəti iştirak etdi. Paradda hər iki dövlət başçısı son dərəcədə məzmunlu və əhatəli çıxış etdi. Paradda Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan xalqı öz müstəqilliyini qorumaq əzmindədir və bu məsələdə heç nə ona mane ola bilməz. O, bildirdi ki, “bugünkü güclü dövlətimiz, güclü Silahlı Qüvvələrimiz bunun bir daha təsdiqidir və belə paradların çox da uzaq olmayan bir dövrdə artıq Xankəndi, Şuşa və digər işğal olunmuş ərazilərimizdə keçiriləcəyinə heç bir şübhə yoxdur”. Dövlət başçısı eyni zamanda bəyan etdi ki, düz 100 il öncə Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi və Nuru paşanın rəhbərliyi altında döyüşərək Gəncədən Bakıya gəlməsi, bir neçə şəhərin azad edilməsi və sentyabrın 15-də şiddətli döyüşlər nəticəsində Bakının azad edilməsi tarixi hadisə idi. “Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq, şəhidlərin əziz xatirəsini daim öz qəlbində yaşadacaq”, – deyən dövlət başıçımız qardaş Türkiyə ilə bugünkü əlaqələrə də nəzər saldı və bildirdi ki, bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Onun qeyd etdiyinə görə, dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, bu qədər bir-birinə arxa-dayaq olsun. “Bizim birliyimiz bütün sahələrdə özünü büruzə verir”,-deyən cənab prezident təkcə bu il Rəcəb Tayyib Ərdoğanla altı görüşünun olduğunu sözlərinə əlavə etdi. “İkisi Azərbaycanda, ikisi Türkiyədə, ikisi isə beynəlxalq tədbirlər çərçivəsində. Bizim görüşlərimiz müntəzəm olaraq keçirilir və hər görüşün böyük əhəmiyyəti var. Siyasi əlaqələr bu gün ən yüksək zirvədədir. Biz uğurlu iqtisadi əməkdaşlıq edirik”- deyə, dövlət başçımız fikirlərini yekunlaşdırdı.

dekabr 2015-ci il (1)

Həmçinin, qardaş ölkənin prezidenti öz tarixi çıxışında bildirdi ki, Qafqaz İslam Ordusunun 1918-ci ildə burada həyata keçirdikləri əməliyyatlar o dövrdə Azərbaycanın ərazi bütövlüyünü təmin edərək bugünkü müstəqilliyin təməlini qoyub. Cənab Ərdoğan sonra vurğuladı ki, Azərbaycanın 1991-ci ildə müstəqilliyini yenidən bərpa etməsindən sonra onu ilk tanıyan ölkənin Türkiyə olması heç də təsadüfi deyil. “Bu, qan qardaşlığımızın təbii nəticəsidir. Türkiyə olaraq müstəqilliyinin ilk dövrlərindən başlayaraq Azərbaycana əlimizdən gələn hər cür dəstəyi göstərdik və göstərməyə davam edəcəyik. Bu gün Türkiyə Azərbaycanın sadəcə siyasi və hərbi deyil, eyni zamanda, ticarət, iqtisadiyyat, mədəniyyət və digər bütün sahələrdə ən mühüm tərəfdaşıdır…”-deyən qardaş ölkənin rəhbəri Qarabağ məsələsində də hər zaman ölkəsinin Azərbaycanın yanında olduğunu və bundan sonra da olacağını açıq şəkildə bəyan etdi. Bütün bunlar isə nəticə etibarı ilə Azərbaycan-Türkiyə münasibətlərinin necə yüksək bir səviyyədə olduğunun növbəti təsdiqidir. Bu gün Azəraycan-Türkiyə münasibətləri dünya üçün bir nümunə, bir modeldir və bu münasibətləri pozmaq, korlamaq, ona xələl gətirmək heç kimə, heç bir gücə müyəssər olmayacaq. Azərbayca-Türkiyə dostluğu, qardaşlığı bu günə qədər bir çox problemləri həll, dəf etdiyi kimi, bundan sonra da bir çox məsələlərin öz ədalətli həlli tapmasında öz rolunu oynayacaq, öz imzasını qoyacaq. Bunu Qarabağ məsələsinin həllində də görəcəyik”.

Etikxeber.az

Read Previous

ƏRDOĞAN SOÇİDƏ PUTİNLƏ QARABAĞ HAQDA NƏYİ DANIŞA BİLƏR? – Baxış bucağı

Read Next

Populist, məsuliyyətsiz və tutduğu posta uyğun gəlməyən biri… – SAHİB ALIYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir