“Çox istərdik ki, qəsəbəmizin küçələrindən birinə qardaşımın adı verilsin…Bu, az da olsa, təsəllimiz olar…”-ŞƏHİD FARİZ QURBANOVUN BACISI… – FOTOLAR

Bu gün-bir az öncə baş tacımız olan daha bir Şəhidimizin ailəsini ziyarət etdim…

Qəhrəman Goranboyumun, Qəhrəman Qızılhacılımın daha bir İkinci Vətən Müharibəsi İgidi, Qəhrəmanı-Şəhid Fariz Məhəmməd oğlu Qurbanovun ailəsinə baş çəkdim…

Fariz Qəhrəman Qızılhacılımın İkinci Vətən Müharibəsində verdiyi ilk iki Şəhidindən biridir…

Müharibədən cəmi bir ay-ay yarım öncə MAXE kimi orduda xidmətə başlayan Fariz döyüşlərin elə ilk günündə, günorta saatlarında qəhrəmancasına Vətən torpaqları uğrunda Şəhid olub, Şəhidlik məqamına ucalıb…

Müharibənin ilk günündə, cəmi bir neçə saat ərzində düşmənə, ermənilərə sözün əsl mənasında qan uddurub…

Və qeyd etdiyim kimi, 27-si günorta saatlarında döyüşə-döyüşə, vuruşa-vuruşa Şəhid olub…

Farizin nəşi sentyabrın 28-də, səhər saatlarında doğma qəsəbəsinə, ailəsinə gətirilib…

Elə həmin gün Qızılhacılının daha bir Şəhidi, 27 yaşlı, iki övlad atası Elman Mehman oğlu Həsənovla bir yerdə qəsəbə (kənd) qəbiristanlığında izdihamlı şəkildə dəfn olunub, torpağa tapşırılıb…

Qeyd edim ki, Fariz 1998-ci ildən idi, cəmi 22 yaşı vardı, həm də subayıydı…

Ailədə də bir bacı, bir qardaş idilər…

Bacısı Əfsanə xanım qardaşının Şəhidliyi ilə fəxr etdiyini, qürur duyduğunu deyir, həmçinin, onun yoxluğu ilə hələ də barışa bilmədiyini dilə gətirir:

“Çox gözəl, çox qeyrətli, çox qorxmaz, çox cəsur qardaş idi…Mənim arxam, dayağımıydı…Allaha ağır və günah getməsin-elə bilirəm ki, artıq arxasız, dayaqsızam…Onun yerini heç kim, heç nə doldura bilməz…Onun adının, xatirəsinin yaşadılması üçün də əlimdən gələni var gücümlə etməyə çalışacağam…Çox istəyirəm, çox istəyirik ki, qəsəbəmizin küçələrindən birinə qardaşımın adı verilsin…Bizim küçəmiz Şəhidimiz, qonşumuz Vasif Əliyevin adını daşıyır…Ona görə istəyirəm, istəyirik ki, qonşu küçələrdən birinə onun adı verilsin…Bu, az da olsa, bizə, qoca ata-anama mənəvi dəstək, təsəlli olar…Bu, həm də Şəhid qardaşımın haqqıdır…”.

Şəhidimizin anası Lətafət xanım:

“Bir övlad kimi oğlumdan çox razıydım…Heç zaman kiminsə xətrinə dəyməzdi, kimisə incitməzdi…Hamıdan ötrü canını verməyə hazır idi…Çox qorxmaz balaydı…Onun orduya getməsini, MAXE olmasını istəmirdim…Ancaq özü hərbçi, MAXE olmaq üçün çox can atırdı və müharibədən də bir ay-ay yarım öncə MAXE kimi qulluq göstərməyə başlamışdı…Sanki Şəhidlik üçün tələsirmiş…Özü könüllü döyüşə getdi, özü bu yolu seçdi…Və Şəhid oldu…Məni də, atasını da, bacısını da gözüyaşlı qoydu…Allah oğluma da, cəmi Şəhidlərimizə də qəni-qəni rəhmət etsin…Allah çəmi Şəhid atalarına, Şəhid analarına, Şəhid ailələrinə səbr versin”.

Onu da qeyd edim ki, Şəhidimizin anası yaxın qohumumuzdur və Lətafət xanımın kiçik qardaşı da Birinci Qarabağ Savaşının işrirakçılarından, Qazilərindəndir…

Eyni zamanda, Şəhidimizin ailəsi Qızılhacılı qəsəbəsinin, kəndimizin aşağı hissəsində yaşayır…

Yol-izləri də çox bərbad gündə, çala-çuxur, palçıq dizə çıxır…

30 ildən artıq bir müddətdə hələ də onlar tərəfə qaz xətti çəkilməyib…

Söz verilsə də, qaz xəttinin çəkilişi yubanır…

Şəhid ailəsi (Şəhidimizin həm atası, həm anası xəstədir, səhhətlərində problemlər var) hələ də istiliyi və şəraiti yaxşı olmayan bir evdə yaşayır…

Amma heç kimdən də heç nə ummurlar, heç nə gözləmirlər, çox gözütox və təvazökar insanlardır…

Sadəcə, mənəvi dəstək, diqqət istəyirlər…

Qaz xətti məsələsi ilə də bağlı “Azəriqaz”la əlaqə saxladım, Şəhid ailəsinin yaşadığı evin qazlaşdırılma məsələsinin nəzarətdə saxlanılmasını xahiş etdim və bildirildi ki, bu məsələ çox da uzaq olmayan bir müddətdə öz müsbət həllini tapacaq…

Şəhidimizin Qəhrəmanlığı, İgidliyi həm də dövlətimiz, Ali Baş Komandan tərəfindən qiymətləndirilib, “Vətən uğrunda” “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub…

Tam Haqqıdır, Haqq etdiyini də qanı, canı ilə qazanıb…

Nur içində yatsın, Şəhidimiz, məqamı ucalardan uca olsun, Şəhid balamızın!

Allah ailəsinə səbr versin!

Bütün Şəhidlər kimi, başımızın tacıdır, müqəddəs and yerimizdir!

Allah rəhmət etsin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

12.03.2021, Qızılhacılı

Etikxeber.az

Read Previous

Prezident Daxili Qoşunların hərbi hissəsinin-AÇILIŞINDA – FOTOLAR

Read Next

Daha 576 yeni yoluxma-DAHA 6 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir