“Dedi ki, ana, 26 yaşımdan o yana keçməyəcəm, ailə həyatı quracağam…Amma…26 yaşında da Şəhid oldu…”-AİLƏNİN İKİ OĞLAN ÖVLADINDAN BİRİ, “AZƏRBAYCAN BAYRAĞI” ORDENLİ, GORANBOYLU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ORXAN NAMAZOVUN ANASI NAİLƏ NAMAZOVA – FOTOLAR

Bu gün-17 fevral 2024-cü il tarixində daha bir Şəhid ailəsində, Şəhid ocağında oldum…

Daha bir Nur üzlü İkinci Vətən Müharibəsi Şəhidinin evini, ocağını ziyarət etdim…

Qəhrəman Goranboy rayonunun Xoylu kəndinin üç İkinci Vətən Müharibəsi Şəhidindən biri olan Orxan Namazovun ailəsi-anası Nailə xanım, tək qardaşı Tərxan və tək dayısı Nofəl bəylə bir araya gəldim…

Və qeyd edim ki, Şəhidimizin ocağında ilk dəfəydi olurdum...

Dəfələrlə söz versəm də, planlaşdırsam da, qismət bugünəymiş…

İki saata yaxın çəkən ziyarət zamanı Şəhidimizin ailə üzvləri-Orxana həm analıq, həm atalıq etmiş Nailə müəllim ilə söhbətləşdim, dərdləşdim…

Öncə Şəhidimizin anasına, doğmalarına bir daha Allahdan səbr və dözüm dilədim…

“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedim…

Şəhidimizin müqəddəs ruhu qarşısında ehtiramla baş əydiyimi dilə gətirdim…

Bir ömür boyu Şəhidimizə, cəmi Şəhidlərimizə borclu olduğumu, borclu olduğumuzu söylədim…

Ziyarət zamanı Şəhidimizin həm də keçdiyi 26 illik qısa, lakin şərəfli həyat, ömür, hərb və döyüş yoluna Orxan Namazovun ailəsi ilə birlikdə nəzər saldım…

Fəxrli, Qürurlu bir ömür, həyat, hərb və döyüş yolu…

Əsl Qəhrəman, əsl İgid, əsl Şəhid ömrü, ömür yolu…

Şəhidimizin anası Nailə xanımın dediklərindən:

“Orxanla müharibə zamanı üç və ya dörd dəfə danışmışdım…İlk dəfə müharibədən cəmi saatlar öncə, 26 sentyabrda danışmışdım…Sən demə, Kəlbəcər-Murov istiqamətinə gedirlərmiş, döyüşə hazırlaşırlarmış…Amma mənə bir kəlmə də demədi…Sonra-ikinci dəfə sentyabrın 29-da danışdım…Evə sığa bilmirdim…Yolda qonşularla söhbətləşirdim…Birdən Orxan zəng vurdu, dedi ki, ana, haradasan, dedim ki, qonşularla söhbət edirəm…

Dedi ki, ana, Kəlbəcərli Qəmzə xalaya mənim adımdan gözaydınlğı ver-Murov azad olunub…Mən də çox sevindim və Orxanın sözlərini Qəmzəyə çatdırdım…Axırıncı dəfə isə oktyabrın 6-da, Şəhidliyindən saatlar öncə danışdım…Hər şeyin yaxşı olduğunu dedi…Nə biləydim ki, bu, Orxanla sonuncu danışığımızdır…6-dan 7-nə gecə balam Suqovuşan-Ağdərə istiqamətində Vətən yolunda Şəhid oldu…”

Ocağını ziyarətdən sonra ailə üzvləri ilə birlikdə Şəhidimizin məzarını ziyarət və bir daha ruhuna dualar etdim…

***

Bu yerdə qeyd edim ki, Orxan Namazov 1994-cü ilin noyabr ayının 24-də Goranboyun Xoylu kəndində dünyaya gəlib…

Ailənin iki oğlan övladından biri, evin sonbeşiyi olub…

İki yaş ondan böyük olan qardaşı Tərxan ali təhsilli və bir qız atasıdır…

2 il Gəncə şəhərində yerləşən 6 saylı orta məktəbdə təsil aldıqdan sonra təhsilini Xoylu kənd orta məktəbində davam etdirib…

Ali məktəb arzusunda olan Orxan orta məktəbi bitirdikdən sonra Gəncə Dövlət Regional Kollecinə daxil olub…

Birinci semestrdən sonra, 2013-cü ilin yanvar ayında Əsgərliyə, Vətənin keşiyinə yollanıb və 2014-cü ilin iyulunda həqiqi hərbi xidmətini başa vurub yenidən evinə, ailəsinə, Xoyluya dönüb…

2017-ci ildən yenidən həyatını Ordu, hərb ilə bağlayıb…

Azərbaycan Ordsunun peşəkar hərbçisi, Kiçik giziri olub…

İkinci Vətən Müharibəsi zamanı isə ilk saniyələrdən döyüşlərdə olub…

Şərəfli döyüş yolu 10 gün çəkib və oktyabrın 6-dan 7-nə keçən gecə qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Ancaq nəşi 3 gündən sonra, oktyabrın 10-da Xoylu kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə” “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub…

İstədiyi, sevdiyi qız olsa da, ailə həyatı qurmayıb…

Və anasına deyib, söz verib ki, 26 yaşını keçməyəcəyək, ailə həyatı quracaq…

Amma…

Ömrü kimi, arzuları, xəyalları da yarım, yarımçıq qalıb…

Məqamı Uca, dərgahı mübarək olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Münxendə İlham Əliyevin Olaf Şolts və Nikol Paşinyan ilə-GÖRÜŞLƏRİ OLDU – FOTOLAR YENİLƏNİB

Read Next

Əliyev Blinken və Şevçoviclə-GÖRÜŞDÜ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir