“Dövlət vəsaitlərini talayanları, büdcəni dağıdanları, yetimin payını yeyənləri imkanlımı adlandırmaq olar?”-KEÇMİŞ MİLLƏT VƏKİLİ BNA-NI “YIXIB-SÜRÜDÜ”…

Sərvətlər, zənginliklər bir ovuc adamın əlində toplanarsa, cəmiyyət parçalanar.

Ədalət, sakitlik olmaz. Bu,bir qanunauyğunluqdur.

Son vaxtlar ölkəmizdə aparılan islahatların, rüşvətə,tamahkarlığa, korrupsiyaya qarşı mübarizənin, zənnimcə, əsas məqsədi elə ondan ibarətdir ki, dövlətimizin sərvətləri, imkanları hər bir vətəndaş üçün əlçatan olsun. Hər kəs öz bacarığı, qabiliyyəti sayəsində özünə istədiyi güzəranı qura bilsin.

Lakin hərdən bəzi dövlət qurumlarından, vəzifə sahiblərindən elə qərarlar, təkliflər gəlir ki, fikirləşirsən ya onların ölkədə gedən proseslərdən xəbərləri yoxdur, yaxud, islahatlara pəl vurmaq istəyirlər.

Bakı Nəqliyyat Agentliyinin taksi xidmətləri ilə bağlı vahid tarif və dispetçer mərkəzinin yaradılması barədə irəli sürdüyü təkliflər iki gündür cəmiyyəti əməlli-başlı qarışdırıb. Mətbuatda, sosial şəbəkələrdə qızğın müzakirələr açılıb.

Ortaya çıxan ümümi fikir ondan ibarətdir ki, kimlərsə indiki ağır şəraitdə əzab-əziyyətli taksiçilik fəaliyyəti ilə ailəsini dolandıran minlərlə insanın çörəyinə göz dikib- bu sahəni monopoliya almaq istəyir.

Ən dəhşətlisi isə Bakı Nəqliyyat Agentliyinin (BNA) Hikmət Babayev adlı rəsmisinin “taksidən istifadə etmək müəyyən imkanlara bağlı olmalıdır və taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil” fikri açıq-aşkar cəmiyyətdə çoxluq təşkil edən kasıb və orta təbəqəyə meydan oxuyur. Bu nə deməkdir?

Komfort, rahatlıq yalnız imkanlılaramı məxsus olmalıdır? Əcaba, kimlərsə ölkədə varlıları üstün, hamıdan əziz tutan bir ideologiyamı formalaşdırmaq istəyir?

Korrupsiya əleyhinə mübarizə kontekstində həyata keçirilən son həbslər, qandallanmalar bir çox adamların nəyin hesabına imkanlaşdığını, varlandığını göstərdi. Dövlət vəsaitlərini talayanları, büdcəni dağıdanları, yetimin payını yeyənləri imkanlımı adlandırmaq olar?

BNA məsul olduğu sahədə qayda yaratmaq istəyirsə, buyurub etsin, buna heç kəsin etirazı yoxdur.

Ancaq bu işlər cəmiyyətdə bölücülük meyillərinə, ölkədə böyük zəhmət hesabına əldə edilən harmoniyanın pozulmasına rəvac verməməlidir.

Unutmaq lazım deyil ki, dövlətlərin rifahı ədalətlə ölçülür!

Mayis SƏFƏRLİ,

Sabiq deputat

Etikxeber.az

Read Previous

“Bunlar Azərbaycan və Türkiyənin həm dostlarına, həm də düşmənlərinə bir mesajdır…”-MƏLAHƏT İBRAHİMQIZI

Read Next

“Azərbaycan xalqı işğal altındakı torpaqlarını tezliklə azad edəcək… Haqq, ədalət mübarizəsində məğlub tərəf Ermənistan olacaq”-PƏRVİN KƏRİMZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir