“Dünya buna reaksiya verdimi?”-BƏHRUZ MƏHƏRRƏMOV YAZDI

Cənubi Qafqazda xristian abidələri ermənilərin bölgəyə köçürülməsindən azı 18 əsr öncədən mövcuddur.

Azərbaycan xalqı 2 min il boyu, əsasən şimalda, çox az hissəsi isə Qarabağda yerləşən kilsələrin hər birinə sahib çıxmış, mühafizə etmişdir.

Bu, belə də olmalı idi, çünki, həmin abidələrin hər biri, bölgənin yerli etnosu və əzəli sahibi kimi xalqımızın tarixinin vacib səhifəsidir.

Tarixdən bəllidir ki, Qafqazda xristian abidələri yalnız 2 dəfə, birinci dəfə Sovet hakimiyyəti qurularkən, kütləvi dinsizləşdirmə siyasəti çərçivəsində, digər dini abidələrlə bərabər, ikinci dəfə isə son 28 il ərzində, Ermənistanın işğal və vandalizm siyasəti nəticəsində dağıntıya məruz qalıb.

Ermənilər tarixi cinayətə əl ataraq nə tikiliş üslubu, nə memarlığı, nə daxili infrastrukturu, hətta xaçı belə erməni-qriqorian kilsəsinə bənzəməyən alban kilsələrinə aşkar təcavüz edərək divarlara, mehraba, tavana erməni izləri əlavə etmək cəhdlərində bulunmuşlar.

Azərbaycan ordusu işğala son qoyarkən hətta ermənicə yazılar yazılmış daş lövhələri sirkə və digər maddələr vasitəsi ilə süni surətdə “qədimiləşdirən” emalatxanalar belə aşkarlanmışdı.

Dünya buna reaksiya verdimi?

Bütün bunların fonunda, Azərbaycanı “xristian abidələrini məhv etməkdə” günahlandıran dairələr görəsən düşünürmü ki, son 30 ilə qədər bu abidələri kim qoruyub?

Bakı, Şəki və Qəbələdə kilsələri kim milli mədəni abidə kimi hər daşına həssaslıqla yanaşıb, orijinallığına xələl gəlməməsi üçün milyonlarla vəsait xərcləyərək təmir edib?!

Niyə bu faktları, habelə, məscidlərin dağıdılması, yaxud, donuz damına çevrilməsini kimi təkzibedilməz dəlilləri dilə gətirməyən kəslər, həqiqətləri bilə-bilə vicdansızcasına erməni dezinformasiyalarını tirajlayır?

Demək ki, bunları düşündürən hər hansı maddi-mədəni irs deyil, məqsəd Azərbaycana qarşı qarayaxma kampaniyası başlayaraq hücum etmək və təzyiq göstərməkdir.

Amma, bu, bizi narahat etmir.

Çünki, Azərbaycana hücumun nəticəsini 44 günlük müharibə göstərdi, hücum edənin də, təcavüzə dəstək verənin də aqibəti hər kəsə bəllidir.

Bəhruz MƏHƏRRƏMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“44 gündə olduğu kimi, “Dəmir Yumruq” yenə də öz yerində, öz gücündədir, “Domokl qılıncı” tək cəmi düşmənlərin başı üzərindədir”-JALƏ ƏLİYEVA YAZIR – (İKİNCİ YAZI)

Read Next

“Ailəmlə kirayədə qalıram, aldığım maaş ailəmin tələbatını, qayğılarını ödəmir, qolumda hələ də ciddi problemlər qalmaqdadır…”-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ QAZİSİ BƏHRUZ XƏLİL OĞLU TAĞIYEV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir