Eldəniz Səlimov 8 maydan və ŞUŞANIN MƏDƏNİYYƏT PAYTAXTI ELAN EDİLMƏSİNDƏN YAZDI…

Xatırlamaq istəməsək də, Şuşa şəhərinin cinayətkar Ermənistan silahlı qüvvələri, yağı və qəvi düşmən tərəfindən işğalından 29 il ötür.

Əlbəttə ki, Şuşanın işğaldan azad edilməsindən sonrakı dönəmdə bu hadisə ilə bağlı hisslərimizdə əvvəlki illərdən fərqli olaraq dərin bir qürur və sevinc hissi daha çox hakimdir.

Buna baxmayaraq xalqımızın yaşadığı müsibət, ermənilərin Şuşada törətdiyi insanlığa sığmayan əməllər, qan yaddaşımız unudulmamalı və tarixdən dərs çıxarılması üçün gələcək nəsillərə ötürülməlidir. 

Şuşanın azad edilməsi bizim şanlı tariximiz, qürur yerimizdir, lakin bununla belə Şuşanın işğal faktı da daim göz önündə olmalı və xatırlanmalıdır.

1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçdilər.

Uzun sürən artilleriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhər işğal olundu. Şuşa işğal nəticəsində ölüm sükutuna qərq olub.

Bütün dünyanın, beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri bu şəhərdə Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atmışlar.

Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıdır, milli arxitekturasını silib, istədikləri kimi yenidən qurmağa cəhd ediblər.

Nadir tarix-memarlıq tikililəri, qədim abidələr, inanc yerləri, yaşayış binaları, hətta məzarlıqlar dağıdılmış, zəngin muzey və kitabxanaları muzeyləri talan edilmiş, bir vaxtlar təkrarolunmaz təbiətinə görə «Qafqazın cənnəti» adlandırılan yerlər xarabalığa çevrilmişdir.

Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür.

Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur. Şuşa şəhərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Cümə məscidini, Aşağı Gövhər Ağa məscidi, Xurşud Banu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa tarix muzeyi,

Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Ermənilər   insanlığa sığışmayan   vəhşiliyə də əl atdılar: Üzeyir Hacıbəyov, Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəllərini güllələdilər.

Bütün bu şiddətə göz yuman fərqli qurumlar və təşkilatlar heç bir işə yaramırdılar. Ermənistana qarşı heç bir ciddi siyasi-iqtisadi addımlar atılmırdı. Lakin bizim möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev onlara ümid olmağa gərəkmədiyini çox gözəl anlayırdı. Uzun illər ərzində Qarabağın, eləcə də Şuşanın azad olunması üçün çox önəmli addımlar atırdı. Azərbaycanın siyasi və hərbi gücünün yetərincə gücləndiyini təmin etdikdən sonra Ali Baş Komandan düzgün anı gözlədi.

Həmin an məhz elə 2021-ci il 27 sentyabr oldu. Vətən müharibəsinin gedişatı zamanı, 8 noyabr bizim şanlı ordumuz Şuşamızı düşmənin tabeçiliyi altından azad etmişdir. Şuşanın azad edilməsi hər kəsə məlumdur ki, müzəffər ordumuzun böyük qəhrəmanlıqları sayəsində baş vermişdir. Şuşa fatehləri öz əlləri ilə düşmənləri məhv edərək bayrağımızı Şuşaya sancmağı bacarmışlar. Bu qəhrəmanlıq tarixi bizim dərsliklərimizdədə öz əksini mütləq tapmalıdır.

Bəli, bizim gələcək nəsillər bu zəfərin detallarını ən incə məqamlarını tarix dərsliklərindən öyrənməlidirlər. Düşünürəm ki, bu barədə bütün lazımi tədbirlər görüləcəkdir. Müzəffər Ali Baş Komandan “Şuşa bizimdir! Qarabağ bizimdir!” deyərək bu münasibətlə bütün Azərbaycan xalqını təbrik etmişdir.

Sonda bildirmək istərdim ki, bütün bu zəfərlərin sahibi bizim sərkərdəmiz cənab Prezident İlham Əliyevdir. Onun uzaqgörən siyasətinin nəticəsidir ki bu gün biz artıq azad olmuş torpaqlarımızda siyasi-iqtisadi inkişaf barəsində tədbirlər görürük. Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdir.

Azad edildikdən dərhal sonra şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır. Prezident İlham Əliyev hələ fevralın əvvəlində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Şuşanın mədəniyyət paytaxtı elan ediləcəyini demişdi.

Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir. Qeyd olunan Sərəncamın imzalanma tarixi kimi məhz 7 may tarixinin seçilməsi özündə mühüm mesajlar ehtiva edir.

Şuşa 1992-ci il mayın 8-də işğal olunmuşdu.

Ermənilər sonradan hər il həmin günü qələbə bayramı kimi qeyd edir, dünyanın müxtəlif yerlərində yaşayan ermənilər həmin gün fərqli tədbirlərlə işğala beynəlxalq dəstək qazanmağa çalışır, şəhərin adını da təhrif edərək “Şuşi” kimi təqdim edirdilər.

Bununla dünya erməniliyinə mesaj verilir ki, “Şuşi” adlı bir şəhər yoxdur, olmayıb və heç vaxt olmayacaq.

Hazırda Şuşanın girişində Azərbaycan bayrağı dalğalanır və bundan sonra əbədi dalğalanacaq.

 Var olsun, cənab Prezident! Yaşasın, Azərbaycan!

Eldəniz SƏLİMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

Daha 649 yeni yoluxma-DAHA 16 ÖLÜM…

Read Next

Əslən Şuşalı millət vəkili Şuşadan-30 İLİN FOTOSUNDAN DANIŞDI – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir