“Ermənistanla sülh sazişinin imzalanması prosesi üzrə danışıqlara başlamağa hazırıq”-PREZİDENTİN KÖMƏKÇİSİ – YENİLƏNİB

Azərbaycan Ermənistanla sülh sazişinin imzalanması prosesi üzrə danışıqlara başlamağa hazırdır.

Etikxeber.az məlumat verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O, deyib ki, sülh sazişində də əsas parametr və prinsip dövlətlərin ərazi bütövlüyü və suverenliyi, sərhədlərin toxunulmazlığıdır.

“Soçi görüşünün nəticələrini Azərbaycan müsbət qiymətləndirir. Qəbul olunmuş Bəyanatda əks olunmuş fikirlər, həmçinin, aparılmış müzakirələrin nəticələri də göstərir ki, qarşımıza qoyduğumuz hədəflərin həyata keçirilməsi istiqamətində müsbət dinamika var. Eyni zamanda Ermənistan özü də regionda dəyişmiş geosiyasi reallığı tam şəkildə dərk etməlidir. Azərbaycan və Ermənistan arasında yekun sülhün olması Ermənistanın maraqlarına uyğun olacaq məsələdir. Azərbaycan öz tərəfindən regionda sülhün, sabitliyin möhkəmləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək”-H. Hacıyev əlavə edib.

13:10

***

“Ermənistan mediasında kifayət qədər dezinformasiya və feyk-nyus xarakterli məlumatlar çox yayılır. Azərbaycan mediasına da fürsətdən istifadə edərək müraciət etmək istəyərdim ki, Ermənistan mediasına istinadlarımızı minimuma endirək”.

H. Hacıyev bunu isə Azərbaycan Ordusunun Laçın və Kəlbəcər istiqamətində geri çəkilməsi barədə Ermənistan mətbuatında yayılan məlumatlara münasibət bildirərkən söyləyib.

H. Hacıyev deyib ki, Ermənistan mediasında kifayət qədər saxta, yalan məlumat yayılır:

“Bu, Ermənistanın daxilində gedən proseslərlə də əlaqədardır. Müxtəlif qruplar tərəfindən Ermənistanda daxili istehlak naminə bu qəbildən olan məlumatlar yayılmaqdadır. Qeyd olunan konkret məlumata gəlincə, bizdə belə bir məlumat yoxdur. Hazırda vəziyyət sərhəddə sabit olaraq qiymətləndirilir. Azərbaycan hərbi qulluqçuları da ölkəmizin suveren ərazilərində öz xidmətlərini həyata keçirirlər”.

Etikxeber.az

Read Previous

Gələn ilin bayram günləri-AÇIQLANDI…

Read Next

Daha 1772 yeni yoluxma-DAHA 21 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir