Evin-ailənin tək və subay oğlu, əfsanəvi XTQ-çı, 4 medallı Şuşa fatehi-CEYHUN İSMAYIL OĞLU RZAYEV…3 GÜN SONRA ANIM GÜNÜDÜR… – FOTOLAR

7 noyabr 2021-ci il tarixində Bərdədə daha bir Şəhid ailəsində olduq, daha bir Şəhid ailəsini ziyarət etdik, daha bir Şəhid ailəsinə baş çəkdik…

İkinci Vətən Müharibəsinin başa çatmasına cəmi iki gün, Şuşada üçrəngli Azərbaycan bayrağının qaldırılmasına, 28 il 6 aylıq Şuşasızlıq həsrətinə son qoyulmasına cəmi saatlar qalmış Şuşa istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olmuş, Şəhidlik zirvəsinə ucalmış Ceyhun İsmayıl oğlu Rzayevgildə olduq, ailəsini-anası Mehparə xanımı, atası İsmayıl bəyi, bacısı Leylanı ziyarət etdik…

Şəhid Ceyhun Rzayevin ailəsini ziyarətdə Bərdəli Şəhid ailələrindən Fəxri Qəribzadənin anası Mehparə xanım, Şəhid Elməddin Hüseynzadənin anası Arzu xanım, Şəhid Ərəstun Xıdırovun anası Səidə xanım, atası Arif bəy, qardaşı Azər, Şəhid Səid Ədilovun anası Əzizə xanım, atası Həsən bəy və daha iki Şəhid ailəsinin üzvü iştirak edirdi…

Qeyd edək ki,7 noyabr tarixi peşəkar hərbçi, Daxili Qoşunların 8 illik Xüsusi Təyinatlısı (XTQ-çı) olan Gizir Ceyhun Rzayevin Şuşa uğrunda döyüşlərdə ağır yaralandığı gündür…

O, həmin gün axşam saatlarında yaralanıb və 7-dən 8-nə keçən gecə Şəhidlik məqamına ucalıb…

Odur ki, Bərdəli Şəhid ailələri ilə birlikdə belə bir gündə Şəhid Ceyhun Rzayevin ailəsinə mənəvi dəstək məqsədi ilə onları ziyarət etdik, Şəhidin ailəsinə bir daha başsağlığı verdik, bir daha onlara Allahdan səbr və dözüm dilədik, Şəhidimizin ruhu şad, məkanı cənnətlik olsun-dedik…

Onu da qeyd edək ki, evin-ailənin iki övladından biri və tək oğul Ceyhun Rzayev 1994-cü ilin sentyabr ayının 16-da Bərdə şəhərində sadə bir ailədə dünyaya gəlib…

Ailədə bir bacı, bir qardaş olublar…

Əsgərliyi, hərbi xidməti də daxil olmaqla həyatının 8 ildən çoxunu hərbə bağlayıb…

Daxili Qoşunların Xüsusi Təyinatlısı, Gizir, XTQ-çı olub…

İkinci Vətən Müharibəsinin ilk saniyəsindən də döyüşlərə atılıb…

Şərəfli döyüş yolu isə uzun olub…

Cəbrayıl, Füzuli, Hadrut, Xocavənd və Şuşa istiqamətlərində vuruşub, döyüş, bir çox qəhrəmanlıqlara imza atıb…

Ailəsi ilə də axırıncı dəfə noyabrın 2-də danışıb…

Və Şuşanın azad olunmasına cəmi saatlar qalmış minamyot qəlpəsindən ağır yaralanıb və Şəhidlik zirvəsinə ucalıb…

Şuşa fatehi kimi adını Azərbaycanın müasir hərb tarixinə qızıl hərflərlə həkk etdirib…

Ancaq nəşi 3 gün sonra, noyabrın 11-də ailəsinə təhvil verilib və elə həmin gün Bərdə şəhər Şəhidlər Xiyabanında əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra İgidliyinə, Qəhrəmanlığına görə, 4 medalla-“Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif olunub…

Ceyhun həm də subay olub…

Ömrü kimi arzuları, xəyalları da yarımçıq qalıb…

Ancaq ən böyük arzusu gerçək, çin olub, Vətən torpaqları işğaldan azad edilib, öz əzəli, əbədi sahibinə, Azərbaycanına qaytarılıb…

Allah məqamını Uca, məkanını cənnətlik etsin!

Nur içində yatsın!

Allah ailəsinə səbr versin!

Ruhu qarşısında baş əyirik!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bu gün Şuşanın işğaldan azad olunduğu gündür-HƏM DƏ ZƏFƏR GÜNÜDÜR…

Read Next

XİN Zəfər Günü münasibətilə-BƏYANAT YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir