Evin tək-nişanlı oğlu… Avqustda nişanlandı, iki ay sonra Şəhid oldu…24 yaşında Şəhid olan 4 medallı Qəhrəman-MURAD QURBANOV… – FOTOLAR

Şəhid Murad Qurbanov…

Nur üzlü Şəhidimiz…

Aprel döyüşlərinin və İkinci Vətən Müharibəsinin iştirakçısı…

Murad haqqında ilk dəfə hələ İkinci Vətən Müharibəsi gedən zaman eşitmişdim…

Birinci Qarabağ Şavaşının iştirakçısı olan əmim oğlu Məsudla Şamaxıya, Göylər kəndinə Şəhid məclisinə gedirdik…

Söhbət zamanı əmim oğlu bildirdi ki, bugünlərdə onların qonşuluğuna Şəhid gəlib, adı da Murad olub…

Və həmçinin qeyd etdi ki, Muradın anası özü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon şöbəsində işləsə də, oğlunun könüllü şəkildə müharibəyə getməsindən sonra xəbər tutub və ona heç bir mane olmayıb…

Murad evin-ailənin tək oğlan övladı olub…

Ümumiyyətlə, ailədə bir bacı, bir qardaş olublar…

Bacısı iki övlad anasıdır…

1996-cı ilin martın 21-də, Novruz bayramında dünyaya gəlsə də, doğum şəhadətnaməsində martın 23-ü yazılıb…

Orta məktəbi 51 saylı məktəbdə, 9-cu sinifə kimi oxuyub…

Sonra Bakı İqtisad Kollecinə daxil olub və təhsilini orada davam etdirib…

Təhsili bitirdikdən sonra hərbi xidmətə yollanıb, Tərtər istiqamətində hərbi hissələrdən birində xidmət edib…

Hərbi xidmət zamanı Aprel döyüşlərində-Ağdamın Quzanlı kəndi və Tərtərin Qapanlı kəndi istiqamətindəki döyüşlərdə iştirak edib…

Hərbi xidmətini başa çatdrdıqdan sonra evinə, ailəsinə dönüb, müxtəlif sahələrdə çalışıb…

2020-ci ilin avqust ayının 20-də sevdiyi qızla nişanlanıb…

İkinci Vətən Müharibəsi başlanan kimi isə evdə heç kimə demədən könüllü şəkildə müharibəyə yollanıb…

Digər Vətən sevdalıları kimi döyüşüb, vuruşub, qəhrəmanlıqlar göstərib və oktyabrın 11-də Hadrut istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik Zirvəsinə ucalıb…

Nəşi sonra Bakıya gətirilərək, Badamdar qəbiristanlığında, Səbail Şəhidlərinin yanında dəfn olunub…

Ölümündən sonra Ali Baş Komandan tərəfindən 4 medalla təltif olunub…

Haqqıdır, Haqq etdiyini də qanı, canı ilə qazanıb…

Məkanı cənnətlik, məqamı Ucalardan-uca olsun-Nur üzlü Şəhidimizin!

Ruhu qarşısında ehtiramla baş əyirəm, baş əyirik!

***

Şəhidimizin anası Mehriban xanımla bu gün, iyunun 12-sində, İsmayıllıda, Şəhid ailələrinin Şəhid Cəmil Məmmədligildə baş tutan görüşündə tanış oldum…

Çox Dəyanətli, çox Təmkinli, çox Qürurlu, çox Məğrur bir Azərbaycan-Türk xanımıdır…

Həm də çox zarafatcıl, yaşadığı bütün acılara rəğmən şən və güclü yumor hissinə malik olan bir xanımdır…

Mehriban xanımla ayaqüstü olsa da, Şəhidimiz haqqında bir qədər söhbətləşdik, eyni zamanda, gec də olsa, başsağlığı diləklərimi çatdırdım…

Mehriban xanım həyatda çox dərdlər, çox acılar yaşayıb (və yaşamaqdadır), çox çətinliklər görüb, çox sınaqlardan keçib…

İki övladını təkbaşına, minbir əzab-əziyyətlə böyüdüb…

1999-cu ildən övladlarına həm ana, həm ata olub…

Onların yolunda saçlarını süpürgə edib…

Ancaq dərdi üstünə dərd, acısı üstünə acı gəlib Mehriban xanımın…

Qızı iki övladı ilə boşanmaq və anasına sığınmaq məcburiyyətində qalıb…

Və bu azmış kimi Mehriban xanım həyatının ən böyük açısını yaşayıb, övladını itirib, Vətən yolunda tək oğlunu Şəhid verib…8 aydır övlad-oğul acısı yaşayır, oğul acısı ilə qovrulur…

Və…Hələlik bu haqda açıqlamağı, təfərrüatına varmağı lazım bilmədiyimdən yazmıram, Mehriban xanım son aylar daha bir acı, daha bir problem yaşayır…

Məqamı gələndə onun haqqında daha geniş yazacağam…

Allah bir daha səbrini versin-Mehriban ananın, Mehriban xanımın!

Allah bundan sonra ona acı, dərd yaşatmasın!

Milyon kərə Amin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

12.06.2021, İsmayıllı

Etikxeber.az

Read Previous

Azərbaycan Ağdam rayonu üzrə mina xəritələri müqabilində 15 nəfər ermənini Ermənistana-TƏHVİL VERDİ – RƏSMİ

Read Next

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Uels-İsveçrə-OYUNUNA BAXDILAR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir