Gəncədə Avropa Gənclər Festivalının açılış mərasimi keçirilib

“Gəncə-2016 Avropanın Gənclər Paytaxtı” layihəsi çərçivəsində keçirilən möhtəşəm tədbirlər gələcəkdə bu titula yiyələnəcək şəhərlər üçün örnək ola bilər”

Oktyabrın 1-də Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində Avropa Gənclər Festivalının açılış mərasimi keçirilib.

Etikxeber.az xəbər verir ki, “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində keçirilən festivalda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Avropa Gənclər Forumunun prezidenti Yohanna Niman, Forumun baş katibi Allan Pall, “Avropa Gənclər Paytaxtı Şəbəkəsi”nin icraçı direktoru Andras Farkas, “Gəncə Avropa Gənclər Paytaxtı-2016” İctimai Birliyinin sədri Elmir Vəliyev, həmçinin bir sıra yerli və əcnəbi qonaqlar iştirak edib.

 

Dövlət Himninin səsləndirilməsi ilə festival açıq elan olunub. Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları salamlayıb, onları Avropanın Gənclər Paytaxtında görməkdən məmnunluğunu ifadə edib.

Məlumat verilib ki, “Gəncə-2016 Avropanın Gənclər Paytaxtı” layihəsi çərçivəsində bu vaxta qədər 250-dən çox beynəlxalq və yerli əhəmiyyətli tədbir keçirilib. İlin sonuna qədər isə daha bir neçə tədbirin təşkil olunması nəzərdə tutulub. Layihə çərçivəsində həyata keçirilən tədbirlərin mövzusu aktual olmaqla yanaşı, rəngarəng və müxtəlifdir. Məqsəd isə gənclərin dünyaya inteqrasiyasını, işgüzar və mədəni əlaqələrini genişləndirməkdir.

Prezident İlham Əliyevin “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində keçiriləcək tədbirlərlə əlaqədar xüsusi Sərəncam imzaladığını diqqətə çatdıran icra hakimiyyətinin başçısı ölkənin 9 nazirliyinin və 2 dövlət komitəsinin də təşkilati işlərə cəlb olunduğunu deyib.

Vurğulanıb ki, keçirilən tədbirlər gənclər arasında həmrəylik yaratmaqla, ölkələrarası və xalqlararası dostluq münasibətlərinin qurulmasına, möhkəmləndirilməsinə mühüm töhfələr verir. Ölkənin gələcək inkişafının gənclərlə bağlı olduğunu deyən Elmar Vəliyev onlara daha geniş imkanlar yaradılmasının, potensiallarından səmərəli istifadə olunmasının vacibliyindən danışıb.

Avropa Gənclər Forumunun baş katibi Alan Pall  çıxışında təmsil etdiyi forumun 100-dən çox gənclər təşkilatını birləşdirdiyini diqqətə çatdırıb. Gəncəyə Avropanın Gənclər Paytaxtı titulunun verilməsi və rəmzi açarın nümayəndə heyətinə təqdimat mərasimlərində iştirak etdiyini deyən Allan Pall Avropa Gənclər Festivalının da iştirakçısı olduğuna görə məmnunluq duyduğunu söyləyib. O, Gəncəni təsəvvür etdiyindən də gözəl şəhər olduğunu, burada gənclərə xüsusi qayğı göstərildiyini, onlara hərtərəfli təminat yaradıldığını bildirib.

Allan Pall vurğulayıb ki, şəhərdə gənclərin inkişafı sahəsində görülən işlər və “Gəncə-2016 Avropanın Gənclər Paytaxtı” layihəsi çərçivəsində keçirilən möhtəşəm tədbirlər gələcəkdə bu titula yiyələnəcək şəhərlər üçün örnək ola bilər.

“Avropa Gənclər Paytaxtları Şəbəkəsi”nin icraçı direktoru Andras Farkas Avropa Gənclər Festivalını mühüm tarixi hadisə olaraq dəyərləndirib, keçirilən bu cür tədbirlərin gənclərin təşəbbüskarlığına və fəallığına yeni stimul verəcəyini, fikir və ideya mübadiləsində əhəmiyyətli rol oynayacağını söyləyib.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov dövlət gənclər siyasətinin hədəflərindən, bu istiqamətdə görülən işlərdən və Avropanın gənclər sahəsində fəaliyyət göstərən qurumları ilə əməkdaşlıqdan danışıb. Bildirilib ki, Gənclər və İdman Nazirliyi ölkəmiz müstəqillik əldə etdikdən sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan ilk dövlət qurumlarından biridir: “Bu illər ərzində Gənclər və İdman Nazirliyi, həmçinin Prezident yanında Gənclər Fondu minlərlə gəncə dövlətin dəstəyi ilə öz təşəbbüslərini reallaşdırmaq imkanı yaradıb. Hazırda Azərbaycanda 320 qeyri-hökumət gənclər təşkilatı fəaliyyət göstərir. İstər Gənclər və İdman Nazirliyi, istərsə də Gənclər Fondu bu QHT-lərin təhsil, mədəniyyət, incəsənət, elm və digər sahələr üzrə həyata keçirdiyi layihələrin dəstəklənməsi üçün maliyyə vəsaiti ayırır. Minlərlə Azərbaycan gənci dövlət hesabına dünyanın ən yaxşı ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə edirlər”.

Açılış mərasimində çıxış edən Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev son illərdə Azərbaycanda, o cümlədən Gəncə şəhərində dövlətin gənclərin hərtərəfli inkişafı üçün yaratdığı şəraitdən və bu sahədə qurulan infrastrukturdan danışıb.

Tədbirdə çıxış edən “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin sədri Elmir Vəliyev bildirib ki, ölkədə gənclər sahəsində aparılan məqsədyönlü siyasətin və geniş təbliğatın nəticəsi olaraq 2013-cü il noyabrın 21-də Yunanıstanın Saloniki şəhərində Avropa Gənclər Forumunun Baş Assambleyasında beynəlxalq münsiflər heyətinin qərarı ilə Gəncə şəhəri “2016-cı il Avropa Gənclər Paytaxtı” elan olunub. 2014-cü ildə “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsini icra edəcək ictimai birlik təsis edilib. Gəncə MDB məkanında və qitənin Avropa İttifaqına daxil olmayan ölkələri arasında “Avropa Gənclər Paytaxtı” tituluna sahib olan ilk şəhərdir.

Layihənin 5 istiqaməti əhatə etdiyini bildirən Elmir Vəliyev qeyd edib ki, bunlara təhsil, gənclərin məşğulluğu, könüllülük, sosial rifah və gənclərin cəmiyyətdə fəal iştirakı daxildir. “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsinin yüksək səviyyədə keçirilməsi üçün Prezident İlham Əliyevin 2016-cı il 24 fevral tarixli Sərəncamını xatırladan birliyin sədri vurğulayıb ki, layihə çərçivəsində 43 beynəlxalq tədbirin keçirilməsi planlaşdırılsa da, müvafiq Sərəncamdan sonra onların sayı 250-yə çatdırılıb.

“Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsinin icrasına bir sıra nazirliklərin də yaxından dəstək verdiyini deyən Elmir Vəliyev keçirilən beynəlxalq tədbirlərin uğurlu icrasına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Çıxışlardan sonra XXXI Rio-de-Janeyro Yay Olimpiya və Paralimpiya Oyunlarında fəxri kürsüyə yüksələn, həmçinin bir sıra beynəlxalq və təsnifat xarakterli yarışlarda uğurla çıxış edən gəncəli idmançılara mükafatlar təqdim olunub. Olimpiya Oyunlarında qazandığı yüksək nailiyyətlərə, habelə Gəncə şəhərində idmanın inkişafındakı xidmətlərinə görə sərbəst güləşçi Toğrul Əsgərov və onun məşqçisi Elçin Zeynalov, Paralimpiya Oyunlarında cüdo idman növü üzrə qızıl medalın sahibi Ramil Qasımov və onun məşqçisi Əli Hacıyev fəxri fərmanlarla təltif ediliblər.

Etikxeber.az

Read Previous

Zığ-Hövsan yolunun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq – Azəravtoyol

Read Next

“Aşurada Qarabağ şəhidləri də anılmalıdır” – DİNİ KOMİTƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir