Goranboylu Şəhid ailələri övladlarının orden və mənzil Haqqının tanınmasını istədi-ÖLKƏ PREZİDENTİNƏ MÜRACİƏT ETDİLƏR

Goranboy rayonundan olan bir qrup İkinci Vətən Müharibəsi Şəhidinin ailəsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən müdafiə naziri, general-polkovnik Zakir Həsənova, Müdafiə nazirinin Birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyevə və Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müraciət ünvanlayıb.

Etikxeber.az müraciəti olduğu kimi təqdim edir:

“Hörmətli cənab Prezident!

Yazıb Sizə bildirmək istəyirik ki, biz-bir qrup Şəhid anası, Şəhid ailəsi 1988-ci ildən 2023-cü ilə qədər düşmən qarşısında mətanətliə dayanan, düşmənə bir qarış belə olsun torpaq verməyən Qəhrəman Goranboy rayonunda yaşayırıq. Goranboyun və Goranboyluların Qəhrəmanlığı, İgidliyi, Qorxmazlığı da nəinki Azərbaycana, bütün dünyaya bəllidir. Goranboydan və Goranboylu olmağımızla da daim Fəxr edir, Qürur duyuruq.

Övladlarımız-İgid, Qəhrəman balalarımız da İkinci Vətən Müharibəsinin, tariximizə Qızıl hərflərlə yazılan 44 günlük İkinci Qarabağ Savaşının, Qələbə və Zəfər Şəhidləridir. Bizlər Qəhrəman Oğulların, Qələbə və Zəfər Şəhidlərinin Qəhrəman Analarıyıq, Qəhrəman Atalarıyıq, Qəhrəman Ailələriyik. Həm Dərdli, həm Yaralı, həm Acılı, həm də övladlarımız kimi Qəhrəman, Məğrur, Qürurlu Analarıq, Atalarıq, Ailələrik.

Övladlarımız, Şəhidlərimiz İkinci Vətən Müharibəsindən, Şəhidliklərindən sonra Müzəffər Ali Baş Komandanımız, tarixi Qələbə və Zəfərimizin Baş memarı kimi Sizin tərəfinizdən, Sizin müvafiq sərəncamlarınızla medallarla təltif olunublar. Bunlara görə Sizə minnətdarıq. Allah Sizdən razı olsun!

Cənab İlham Heydər oğlu, cənab Müzəffər Ali Baş Komandanımız!

Bu müraciəti ünvanlamaqla, Sizdən iki xahiş və ricamızı etmək istərdik. Əvvəla, istəyirik ki, övladlarımız, Şəhidlərimiz ölkəmizin həm də ali ordenlərindən biri ilə təltif olunsun. Çünki orden də balalarımızın Haqqıdır. Onlar da ordenlərimizdən birini Haqq edirlər. Bu, onların da Haqqıdır. Çox təəssüflər və əfsuslar olsun ki, son 3 ildə dəfələrlə bizlərə birlikdə və ayrılıqda sözlər, vədlər verilsə də, bugünəcən balalarımızın, Şəhidlərimizin orden Haqqı tanınmayıb, orden Haqqı verilməyib. Bu isə bizləri dərindən dərinə yaralayıb, məyus edib. Ona görə istəyir və xahiş edirik ki, övladlarımızın artıq orden Haqqı tanınsın, orden Haqqı verilsin!

İkinci xahişimiz isə yenə balalarımızın Haqqı olan mənzillə təmin olunmaq məsələsi ilə bağlıdır. İkinci Vətən Müharibəsi Şəhidlərindən bir çoxlarının ailələri Bakı, Gəncə, Sumqayı şəhərlərində və Samux rayonunda mənzillə təmin olunsalar da, bizlər balalarımızın Haqqı olan mənzillərlə də təmin edilməmişik. Dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Sosial Xidmətlər Agentliyində qəbullarda, görüşlərdə olmuşuq, hər dəfə yenə vədlər, sözlər verilib, ancaq həmin sözlərin, vədlərin heç biri bugünəcən tutulmayıb, yerinə yetirilməyib. Niyə, nəyə görə, hansı haqla və əsasla? Bizə qarşı bu ayrıseçkiliyin kökündə nə dayanır? Biz bu münasibəti heç bir halda Haqq etmirik. Biz başqa heç nə istəmirik, balalarımızən mənzil Haqqının tanınmasını istəyirik!

Yeri gəlmişkən, qarşıdan-cəmi bir neçə gündən sonra – 7 fevral 2024-cü il tarixində növbədənkənar prezident seçkiləri gəlir. Bu seçkilər həm də ZƏFƏR seçkiləridir və tariximizə də məhz ZƏFƏR seçkiləri kimi həkk olunacaq. Bu seçkilərdə hər bir Azərbaycanlı kimi bizim də seçimimiz Müzəffər Ali Baş Komandanımız, Qalib Azərbaycanın Qalib Lideri olaraq Sizsiniz. Bu müraciətə qoşulan, onu imzalayan bütün Şəhid anaları, Şəhid ailələri seçkilərdə birmənalı olaraq, Sizin namizədliyinizi dəstəkləyəcəyik. Bizim başqa seçimimiz yoxdur və ola da bilməz. Hər birimiz də inanırıq və tam əminik ki, bu seçkilərin birmənalı və şəksiz QALİBİ Sizsiniz, Siz olacaqsınız!

Ona görə biz Şəhid Anaları, Şəhid Ataları, Şəhid Ailələri istəyirik, xahiş və rica edirik ki, seçkilərdən sonra – qarşıdan gələn Novruz bayramı ərəfəsində növbəti Sərəncam imzalayasınız və övladlarımızı ölkəmizin ali ordenlərindən biri ilə təltif edəsiniz. Eyni zamanda, biz Şəhid ailələrinin mənzillərlə təmin olunması məsələsinə dəstəyinizi əsirgəməyəsiniz, aidiyyatı qurum və şəxslərə bu məsələnin müsbət həlli üçün müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz.

Bununla həm Şəhidlərimizin ruhları sevindirilmiş, həm də biz Analara, biz Atalara, biz Şəhid ailələrinə mənəvi təsəlli, təskinlik, mənəvi dəstək verilmiş, yaralı qəlblərimizə su səpilmiş olar. İnanırıq və əminik ki, belə də olacaq, müraciətimiz nəzərə alınacaq və öz müsbət həllinin tapacaq, Şəhidlərimizin ruhları, ailələri sevindiriləcək.

Öncədən də Sizə bir daha öz dərin minnətdarlıq və təşəkkürlərimizi ifadə edirik. Allah Sizi, ailənizi, Qalib Azərbaycanımızı qorusun!”

11:01

Etikxeber.az

Read Previous

6-cı çağırış Milli Məclisin sonuncu yaz sessiyası başlayır-BU HƏFTƏ – YENİLƏNİB

Read Next

Azərbaycanlı yazıçının kitabı Misirdə ərəb dilində-NƏŞR EDİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir