“Hərbi xidmətdə olarkən məktub yazmış və orada Şəhid olacağını qeyd etmişdi…Elnur belə bir oğul idi…Ürəyi ancaq Vətən, Torpaq eşqi ilə döyünürdü…”-GÖYÇAYLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, EVİN-AİLƏNİN TƏK VƏ SUBAY OĞLU, BEŞ MEDAL VƏ BİR ORDENLİ ELNUR ƏLİYEVİN ANASI TAHİRƏ ƏLİYEVA – FOTOLAR – YENİLƏNİB

“Elnur dünyaya gələndə mənim 40 yaşım var idi…Maddi durumumuz olduqca çətiniydi…Təsəvvür edin ki, yun jaketimin qolunu kəsib Elnura corab düzəltmişdim…Onu belə bir çətinliklə böyütmüşdüm…

Amma Elnurda Vətəninə, torpağına qarşı dəhşətli bir sevgi, məhəbbət varıydı, təsəvvürə belə gətirmək mümkün deyil…Gecə-gündüz Vətənini düşünürdü, fikri-zikri ancaq Vətənimizin, torpaqlarımızın işğaldan azad olunması idi…Hərbi, hərb sənətini çox sevirdi…Uşaqlıqdan hərbçi olmaq arzusu ilə yaşayırdı və sonda da arzusunu, istəyini gerçəkləşdirdi, hərbçi, Xüsusi Təyinatlı oldu…”

Bu fikirlər İkinci Vətən Müharibəsi Şəhidi Elnur Ərəstun Əliyevin anası Tahirə xanıma məxsusdur…

Bu fikirləri, bu sözləri bu gün Şəhid övladı Eldəniz Rüstəmovla Şəhidimizin-Elnur Əliyevin Göyçay rayonunda yaşayan ailəsini, valideynlərini, ocağını ziyarət zamanı dilə gətirdi…

Qeyd edim ki, bu gün axşam saatlarında Göyçaylı İkinci Qarabağ Savaşı Şəhidi Elnur Əliyevin ailəsini, ocağını ziyarət etdim…

Şəhidimizin valideynlərinə-anası Tahirə müəllimə və atası Ərəstun kişiyə, iki bacısına Allahdan səbr dilədim, “Şəhidimizin ruhu şad olsun! Ruhu qarşısında baş əyirəm!”-dedim…

Şəhidlərimizi, onları bu Vətən üçün yetişdirən ailələrə borclu olduğumu, borclu olduğumuzu, onları unutmağa haqqım çatmadığını, haqqımız çatmadığını dilə gətirdim…

“Şəhidlərimizi unutsaq, unudularıq!”-deyə, söylədim…

Təxminən bir saata yaxın çəkən ziyarət zamanı Şəhidimizin valideynləri ilə söhbətləşdim, dərdləşdim…

Ziyarət və söhbət zamanı olduqca təsirli, kövrək anlar yaşandı…

Göz yaşlarına hakim ola bilmədik…

Şəhidimizin atası, hazırda səhhətində ciddi problemlər olan Ərəstun kişinin dediklərindən:

“Elnurun Şəhidliyi xəbəri bizə oktyabrın 6-da bildirildi…Amma mən ayın 5-i günü oğlumun Şəhidin olduğunu bildim…Həmin gün birdən ürəyim sıxıldı, sanki yerə çökdüm və hiss etdim ki, oğlum Şəhid olub (gözləri dolur)…”

Şəhidimizin anası Tahirə xanım isə övladı ilə axırıncı dəfə oktyabrın 1-də danışdığını bildirdi…

“Oktyabrın 1-dən sonra onunla əlaqə saxlaya bilmədik…O, Şəhid olacağını bilirdi… Hətta hərbi xidmətdə olarkən məktub yazmış və orada Şəhid olacağını qeyd etmişdi…Elnur belə bir oğul idi…Ürəyi ancaq Vətən, Torpaq eşqi ilə döyünürdü…”

Qeyd edim ki, Elnur Əliyev 2000-ci ilin fevral ayının 10-da Göyçay şəhərində ziyalı ailəsində dünyaya gəlib…

Anası-Qəbələli Tahirə xanım ali təhsilli, atası-GöyçayƏrəstun Əliyev texnikum təhsillidir…

Ailənin üç övladından biri, iki bacının tək qardaşı, evin tək oğlu olub…

Hər iki bacısı hazırda ailəli, iki övlad anasıdır…

Orta məktəbi-Göyçay rayon Nizami adına 7 nömrəli məktəbi bitirdikdən sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub…

Sonra arzusunu gerçəkləşdirib, həyatını Ordu, hərb ilə bağlayıb, əvvəlcə MAXE-Kiçik çavuş, 2020-ci ilin iyunundan isə Xüsusi Təyinatlı kimi fəaliyyətə başlayıb…

Və İkinci Vətən Müharibəsinin ilk günündən döyüşlərə, Vətənin müdafiəsinə atılıb…

Şərəfli döyüş yolu 9 gün çəkib…

Oktyabrın 5-də Cəbrayıl istiqamətində qanlı döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Şəhidliyi xəbəri bir gün sonra-noyabrın 6-da ailəsinə verilib…

Ancaq nəşi 13 gündən sonra əldə edilib və oktyabrın 19-da Göyçay rayon Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra 5 medalla və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub…

20 yaşında Şəhid olan Elnur Əliyev həm də subay idi…

Şəhidimizin ailəsi övladlarının adının-xatirəsinin əbədiləşdirilməsini, Göyçaydakı məktəblərdən birinə onun adını verilməsini istəyir və həmin günü səbrsizliklə gözləyirlər…

Arzularında da, istəklərində də axıracan haqlıdırlar və artıq Təhsil Nazirliyi ilə Nazirlər Kabineti bu istiqamətində konkret addımlar atmalıdırlar!

Məkanı cənnətlik, məqamı Ucalardan-uca olsun!

Nur içində uyusun!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Hamı Vasifin Şəhid olduğunu bilsə də, mən son anda-cənazəsi, nəşi qapımıza gətiriləndə bildim…Millət yığılmışdı qapımıza…”-GÖYÇAYLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, ANASI TƏRƏFİNDƏN TƏKBAŞINA BÖYÜDÜLƏN TƏK ÖVLAD-VASİF MƏMMƏDOVUN ANASI ZENFİRA MƏMMƏDOVA – FOTOLAR

Read Next

“Axırıncı dəfə bizimlə çox qısa danışdı və dedi ki, meşəyə gedirik…Sən demə, Şuşaya doğru irəliləyirlərmiş…”-GÖYÇAYLI, BIĞIRLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, AİLƏNİN ÜÇ ÖVLADINDAN BİRİ, ŞƏHİDLİYİNDƏN SONRA 19 YAŞLI BACISI VƏFAT EDƏN QÜDRƏT ƏZİZOVUN ANASI ŞƏLALƏ ƏZİZOVA – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir