“Bu gün manatın məzənnəsində tam üzən məzənnəyə keçsək, o zaman prosesi proqnozlaşdıra bilmərik ki, nə baş verəcək”.
Etikxeber.az xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Milli Məclisdə (MM) komitələrin birgə iclasında 2017-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib.
“Mərkəzi Bankın apardığı valyuta kursu siyasəti onunla əlaqədardır ki, bu problemlər cari balansa və cari kursa təsir göstərməsin. Bunun nəticələrini biz bilirik. Ona görə də biz fevral ayından bazara intervensiyanı dayandırmışıq. Üzən məzənnənin əsas prinsipi gözlənilir. Amma bununla belə, kursun idarə olunmasında müəyyən idarəetmə siyasəti var. Bu da manatın öz dəyərini axtarması ilə bağlıdır. Biz bu gün əmin deyilik ki, idarəetməni tam götürəsk və tam üzən məzənnəyə keçsək, o zaman manatın məzənəsində nə baş verə bilər?!”– deyə, E. Rüstəmov bildirib.
Manatı qarşıdakı dövrdə nələr gözlədiyi və bununla bağlı hökumətin atacağı addımlar barədə məlumat verən E. Rüstəmov bildirib ki, aparılan əsas işlər 2017-ci ildə makroiqtisadi sabitliyin möhkəmlənməsini, manatın məzənnəsinin arzuolunan səviyyədə sabitləşməsini təmin etmək, qiymətlərin sabitliyinin qorunaraq, inflyasiyanın dərinləşməsinin qarşısını almaqdır.
“Bundan sonra makroiqtisadi sabitliyi təmin edərək, iqtisadi inkişafa doğru keçid üçün imkanlar açmaqdır. Bu gün əsas prioritet makroiqtisadiyyatın sabitləşdirilməsidir. Sabitləşmə ilə inkişafın məqsədləri arasında bir oxşarlıq var. Hər ikisinin son məqsədi insanların, dövlətin, şirkətlərin gəlirlərinin artırılmasıdır. Sabitlik yoxdursa, insanlar da yüksək inflyasiyaya görə öz gəlirlərini itirirlər. Şirkətlər də, dövlət də itirir. Ona görə də biz iqtisadi vəziyyəti sabitləşdirməklə insanların, müəssisələrin gəlirlərinin itirilməsinin qarşısını almağa çalışırıq. Əgər biz sabitliyə nail olmasaq, heç bir investor da bizə inanmayacaq”- deyə, Mərkəzi Bankın rəhbəri bildirib.
Etikxeber.az