“Heç kəsə kobud rəftar etmək olmaz…” – MİLLƏT VƏKİLİ

Eldəniz Səlimov: “Millət vəkili millətinin vəkili olmalı və bu adı uca tutmalıdır”
Etikxeber.az Modern.az-a istinadən Milli Məclisin (MM) üzvü, Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatının təmsilçisi Eldəniz Səlimovun müsahibəsini təqdim edir:
“Peşəsini sevməyi, işinə məsuliyyətlə yanaşmağı atamdan öyrənmişəm”
-Eldəniz müəllim, kifayət qədər tanınmış insan olsanız da, gəlin söhbətimizə tanışlıqdan başlayaq: Eldəniz Səlimov kimdir?
eldeniz salimovvv
-Mən, Səlimov Eldəniz Adil oğlu 1976-cı ilin oktyabr ayının 2-də Xaçmaz şəhərində anadan olmuşam. 1983-93-cü illərdə Xaçmaz şəhəri 45 saylı orta məktəbdə oxumuşam və orta məktəbi tərifnamə ilə bitirmişəm. 1993-98-ci illərdə Dağıstan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin əyani şöbəsini bitirmişəm. 2000-ci ildə  Vergilər Nazirliyinin Xaçmaz rayonu üzrə Vergilər şöbəsində dövlət vergi müfəttişi vəzifəsinə işə qəbul olmuşam. 2002 -ci ilin yanvar ayından 1 saylı Ərazi Vergilər İdarəsində (ƏVİ), 2002-ci ilin noyabr ayından 2010-cu ildək 3 saylı ƏVİ -də böyük dövlət vergi müfəttişi və baş dövlət vergi müfəttişi vəzifəsində işləmişəm.  Bundan sonra bir müddət bank sektorundə rəhbər vəzifədə çalışmışam. 2014-cü ilin əvvəlindən 2015-ci ilin parlament seçkilərinə kimi isə Xacmaz rayon İcra Hakimiyyəti başçısının Xaçmaz şəhəri İƏD üzrə nümayəndə vəzifəsində işləmişəm. Atam dəmiryolçudur. Ömru boyu dəmiryolunda işləyib. Peşəsini sevməyi, işinə məsuliyyətlə yanaşmağı da məhz ondan-atamdan öyrənmişəm.  Anam  evdar qadındır. Hər zaman fəxt etmişəm və bu gün də fəxr edirəm ki, belə bir ailənin övladıyam. 2003-cü ildə ailə həyatı qurmuşam. İki övlad atasıyam, bir oğlum, bir qızım var. Oğlum 7-ci sinifdə, qızım isə 4 -cü sinifdə oxuyur.  2000-ci ildən, 24 yaşımdan hakim patiyanın- YAP-ın üzvüyəm. 2015-ci ildə möhtərəm Prezidentimiz  cənab İlham Əliyev tərəfindən Xaçmaz rayonunun sosial -iqtisadi həyatında xitmətlərə ğörə “Tərəqqi” medalı ilə təltif olunmuşam. 2015-ci ilin noyabr ayında isə Xaçmaz rayonundan 5-ci çağırış MM-in üzvü seçilmişəm,  Xaçmazı parlamentdə təmsil edən iki millət vəkilindən biriyəm. Hazırda parlamentin Aqrar siyasət komitəsinin üzvüyəm.
“Seçkilərə qatılmaq qərarını öz-özümə, təkbaşına verməmişdim”
– Necə oldu ki, deputat olmaq qərarına, yəni, seçkilərdə şansınızı sınamaq qərarına gəldiniz?
-Qeyd etdiyim kimi, 2000-ci ildən, 24 yaşımdan Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən yaradılan və yaranmasından da cəmi bir il sonra hakimiyyətə gələn, hakimiyyətə gəldiyi 25 il ərzində də  Azərbaycanımızı zəfərlərdən zəfərlərə aparan bir partiyanın, Yeni Azərbaycan Partiyasının üzvüyəm.  Bu partiyanı da seçərkən təbii ki, Heydər Əliyev siyasətinə, siyasi kursuna ürəkdən bağlılığım, Heydər Əliyev şəxsiyyətinə böyük məhəbbətim mühüm rol oynayıb. Çünki Azərbaycanın bugünkü mövqeyə gəlib çatması, imzalar içində imzasının olması bu böyük şəxsiyyətinin adı və fəaliyyəti ilə bağlıdır. Heydər Əliyev olmasaydı, bugünkü Azərbaycandan da əsər-əlamət olmazdı. Heydər Əliyevsiz Azərbaycanı təsəvvür etmək mümkün deyil. Yəni, Azərbaycan xalqının böyük əksəriyyət kimi, mənim başq seçim etməyə haqqım yox idi və 2000-ci ildə də bu seçimi etmişəm, bu seçimimlə də fəxr edirəm. Fəxr edirəm ki, Heydər Əliyevin adı ilə bağlı bir partiyanın üzvü, əsgəriyəm. Eyni zamanda, fəxr edir və qürur hissi keçirirəm ki, bu gün YAP-a, bütövlükdə Azərbaycanımıza İlham Əliyev kimi müdrik və uzaqgörən bir siyasət, dövlət adamı rəhbərlik edir. İlham Əliyevin rəhbərlik etdiyi bir dövlətin, müstəqil Azərbaycanın vətəndaşı olmaqdan qürurlanmamaq mümkün deyil. Təbii ki, seçkilərə qatılanda da bu qərarı öz-özümə, təkbaşına verməmişdim. Partiyamızın müvafiq srtukturları, YAP-ın rəhbərliyi mənim namizədliyimi irəli sürməyimi məsləhət bilmişdi və qərara almışdı. Görünür, burada da mənim 15 il ərzində YAP-da keçdiyim yol, fəaliyyətim nəzərə alınmışdı. Buna görə də cənab Prezidentimiz və Sədrimiz İlham Əliyev başda olmaqla, YAP rəhbərliyinə, partiyanın seçkili orqanlarına, o cümlədən, mərhum Ulu öndərimizin ən yaxın silahdaşlarından olan Xacmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevə çox minnətdaram, onlara mənə göstərdikləri böyük etimada görə sonsuz təşəkkürlərimi çatdırıram. Eyni zamanda, sadə xaçmazlılara, mənə səs verən insanlara, seçicilərə bir daha dərin minnətdarlığımı bildirirəm. Məhz onları səsi, dəstəyi sayəsində millət vəkili seçilmişəm və 3 ildir ki, bu şərəfli adı -millət vəkili adını daşıyıram. Millət vəkili seçildiyim ötən dövr ərzində də çalışmışam ki, seçiçilərimin, xaçmazlıların, partiyamızın mənə olan böyük etimadını doğruldum. Buna da nə qədər nail olmuşam, yəqin ki, seçiçilərim daha dəqiq  deyə bilər, mənim deməyim bir az düzgün çıxmaz…
eldeniz-yap
“Üstünə böyük ümidlərlə gələn insanların xahişlərini geri çevirmək, onları qəlbini qırmaq düzgün olmaz”
– Bəzən seçicilərin millət vəkillərindən xüsusu istəkləri də olur ki, bu da doğru olumur. Hətta, övladına toy etmək, kredit borcunu ödəmək üçün və sairə, deputatın qapısını döyənlər də olur. Sizə də ötən üç il ərzində bu cür müraciətlər olubmu? Ümumiyyətlə, seçiciləriniz tərəfindən Sizə daha çox hansı məsələlərlə bağlı müracilətlər olur?
– Bilirsiniz, insanlar müxtəlif xarakterli, müxtəlif dünyagörüşlü və  müxtəlif xarakterli olduğu üçün, istəkləri, arzuları da müxtəlif olur, bir-birindən fərqlənir. Təbii ki, bunları da səbrlə, anlayışla qarşılamaq lazımdır. Üstünə böyük ümidlərlə gələn insanların xahişlərini geri çevirmək, onları qəlbini qırmaq da düzgün olmaz. Sadəcə, nəyi etmək mümkündürsə, onu reallaşdırmaq,  baş tutması mümkün olmayan,  həllinə sənin gücün yetməyən və yetməyəcək  xahişə gələn, problemlərinin bir andaca həll olunmasını istəyən insanlara da bunları anlayışlı şəkildə  səbrlə başa salmaq lazımdır. Kimliyindən, nə xarakteli müraciət etməsindən asılı olmayaraq, heç kəsə kobud rəftar etmək, onu kənara atmaq olmaz. bu, millət vəkilliyi ilə bir sığan gələn məqamlar deyil. Millət vəkili millətinin vəkilidir və vəkili də olmalıdır. Bu adı uca tutmalı, şərəflə daşımalıdır. Odur ki, mənə edilən müraciətlərə də səbrlə, həssaslıqla, diqqətlə yanaşmağa çalışıram. Nəyi etmək mümkündürsə, nəyə gücüm çatırsa, onu da etməyə, əlimdən gələn köməkliyi də əsirgəməməyə səy göstərirəm. Təbii ki, elə məsələlər və məqamlar da olur ki, onların həlli mənim imkanlarım və səlahiyyətlərim daxilində olmur. Ancaq bütün hallarda çalışıram ki, mənə edilən müraciətlərin həllinə nail olum, həmin müraciətlərin həllini diqqət mərkəzində saxlayım…
“Seçicilərim mənim üçüm çox əziz və çox qiymətlidir”
-Müraciətlər öz həllini tapırmı?
– Elə bilirəm ki, buna yuxarıdakı sualın cavabında cavab verə bildim. Yenə təkrar olaraq bildirmək istəyirəm ki, mənə nə xarakterli müraciət olmasından və kimlər tərəfindən edilməsindən asılı olmayaraq, hamısına diqqət yetirməyə, onların həllinə nail olmağa çalışıram. Nail olduqlarım da olur, olmadıqlarım da…Seçicilərim mənim üçüm çox əziz və çox qiymətlidir. Mən onların sayəsində bu uca mərtəbəyə yüksəlmişəm və bu baxımdan da, seçicilərimə xidmət etməkdən, onların etimadını doğrultmaqdan ötrü əlimdən gələni əsirgəməməyə çalışıram.
“Deputat seçicisinin, xalqının, dövlətinin danışan dili, görən gözü olmalıdır”
– Ölkənin sosial, iqtisadi və siyasi həyatında deputatın rolunu neçə görürsünüz?
eldeniz-tedbir
– Millət vəkili heç də təkcə seçildiyin bölgənin, dairənin təmsilçisi olmaq demək deyil, o,  həm də Azərbaycan insanının, Azərbaycan seçicilərinin bütövlükdə parlamentdəki səsi, tribunası deməkdir. Millət vəkili bütövlükdə ölkəsinin taleyi ilə bağlı,  yəni, onu maraqlandıran, onu narahat edən məsələlərin həllində ən öndə olmalıdır. Həm seçicisini parlamentdə ləyaqətlə , həm də ölkəsini, dövlətini beynəlxalq arenada, üzv olduğu beynəlxalq qurumlarda layiqincə təmsil etəmlidir. Seçicisinin, xalqının, dövlətinin danışan dili, görən gözü olmalıdır. Millət vəkili bütün məsələlərdə və sahələrdə ölkəsinin, dövlətinin inkişafına öz töhfəsini verməlidir, yaxasını kənara çəkib, “bu, mənə aid deyil”, deməməlidir…
“Tələsmək lazım deyil…”
-Eldəniz müəllim, bir millət vəkili olaraq necə düşünürsünüz, MM gələcəkdə dövrdə  daha hansı qanun layihələri  üzərində işləməlidir?
– Azərbaycan parlamentinin, Milli Məclisin ölkə həyatında mühüm yeri və rolu var. Parlament hakimiyyət qolunun, hakimiyyət bölgüsünün ən mühüm həlqələrindən birdir. Yəni, ölkədə həyata keçirilən islahatların, ölkənin inkişafı ilə bağlı bütün məsələlərin hüquqi bazasının formalaşdırılması məhz bu ali qanunvericilik orqanından asılıdır. Elə hesab edirəm ki, – bu, əslində belədir-, Milli Məclis də fəaliyyət göstərdiyi ötən illər ərzində öz üzərinə  düşən vəzifələrin, şərəfli missiyanın öhdəsindən uğurla və layiqincə gələ bilib. Demək olar ki, bütün sahələr və bütün məsələlər üzrə qanunlar, məcəllələr qəbul olunub, mühüm və vacib əhəmiyyətli beynəlxalq konvensiyalar, sazişlər ratifikasiya olunub və dövrün reallıqlarından irəli gələn məsələlələrlə bağlı həm qanunvericiliyə mütəmadi əlavə və dəyişiklər olunur, həm də ehtiyac yarandığı təqdirdə, yeniləri hazırlanıb, müzakirələrə çıxarılıb. Yəni, demək olar ki, ölkənin çox modern, mütərəqqi, təkmil qanunvercilik bazası formalaşıb. Amma yenə də qeyd edirəm, həyat bir yerdə dayanmır, inkişaf, tərəqqi, dinamiklik, novatorluq tələb edir və bunlar da ali qanunverici orqan olan Milli Məclis tərəfindən izlənilir, nəzərə alınır. Bununla belə, hesab edirəm ki, ərzaq təhlükəsizliyi ilə bağlı qanun layihəsinin hazırlanıb, müzakirələrə çıxarılmasına ehtiyac var. Bu yöndə fikirlərimi bildirmişəm və bir daha bildirmək istəyirəm ki, belə bir sənədin olması çox vacibdir. İnanıram ki, yaxın gələcəkdə də bu sənədin müzakirəsinə və qəbuluna nail olunacaq. Eyni zamanda, başqa bir neçə qanun layihəsinin qəbulunu arzulayır və hesab edirəm ki, onlar da zamanında bir-bir reallaşacaq. Tələsmək lazım deyil.
“Komitəmizə çox təcrübəli, çox müdrik və  gözəl, ağsaqqal bir insan Eldar İbrahimov rəhbərlik edir”
– Qeyd etdiyiniz kimi, MM-in Aqrar siyasət komitəsinin üzvüsünüz. Bu baxımdan, ölkənin aqrar sektorunun inkişafına nail olmaq üçün daha hansı addımlar atılması lazımdır?
-Komitəmiz parlamentin ən mühüm və ən fəal, ən işlək komitələrindən biridir. Bu komitədə ölkəmizlə, onun inkişafı ilə bağlı elə bir məsələ olmur ki, müzakirə olunmasın. Komitəmizin iclaslarında, fəaliyyətində ölkəmizi, insanlarımızı maraqlandıran bütün məsələlərlə bağlı geniş və ətraflı müzakirələr, fikir mübadilələri aparılır. Komitəmizə də çox təcrübəli, çox müdrik və  gözəl, ağsaqqal bir insan Eldar İbrahimov rəhbərlik edir. Onun rəhbərlik etdiyi komitənin üzvü olmaqdan da qürur hissi keçirirəm. Komitəmiz ölkənin kənd təsərrüfatının, aqrar sektorun inkişafına da nələr lazımdırsa, onu etməyə, bu yöndə qanunvericilik bazasını da zənginləşdirməyə çalışır. Hər sessiyada  da demək olar ki, ölkəmizin arqar sektorunun inikaşafına kömək edəcək, töhfə verəcək qanun layihələri, müvafiq qanunlara dəyişiklikləri nəzərdə tutan qanunvericilik aktları hazırlanır, müzakirələrə çıxarılır, plenar iclaslara tövsiyə olunur və qəbul olunur. Bu yöndə  işlər gələcək dövrlərdə də davam etdiriləcək. Hazırda da bir neçə yeni qanun layihəsi üzərində çalışılır ki, onlar da aqrar sektorun, kənd təsərrüfatının inkişafına öz müsbət töhfəsini verəcək.
eldeniz-xaçmaz-1
eldeniz-xaçmaz
eldeniz-2
eldeniz-yap-yap
“Bütün həmkarlarımla normal, səmimi münasibətlərimiz var”
-Parlamentdə təmsil olunan həmkarlarınızla münasibətləriniz necədir?
– Təbii ki, normal. Necə də olmalıdır ki?! Bütün həmkarlarımla normal, səmimi münasibətlərimiz var. Aralarında hətta,  dostluq, yoldaşlıq etdiklərim də var.  Yəni, bütün həmkarlarıma hörmətlə, ehtiramla yanaşmağa çalışıram, təbii ki, onlar da mənə eyni münasibəti sərgiləyirlər. Yəni, hamısından razıyam.
“Hər kəs özünə cavabdehdir, öz adından danışmalıdır”
– Amma yeni seçilən deputatlardan çox cüzi qismi mediaya açıqdır…
eldeniz-eldeniz
elden
eldeniz-yeni il
-Mən bu fikirlə razılaşmıram. Hesab edirəm ki, istər bir neçə çağırış parlament üzvü olan həmkarlarım, istərsə də yeni seçilən həmkarlarım kifayət qədər mediaya açıqdırlar. Hər gün mediada olmaq olmaz ki? Millət vəkilləri çox ciddi işlərlə məşğuldurlar, bəzən sadəcə, vaxtları, imkanları çatmır ki, mediada görünsünlər. Onları da başa düşmək, anlayışla qarşılamaq lazımdır. Həm də hər kəs özünə cavabdehdir, öz adından danışmalıdır. Mən bu məsələdə kiminsə adından danışa bilmərəm ki?! Şəxsən mən özüm mediaya açıq insanam və ciddi, peşəkar medianı, jurnalistləri yüksək qiymətləndirir, onları hər zaman dinləməyə, onları maraqlandıran məsələləri daim  zamanım, imkanım daxilində cavablandırmağa çalışıram.
“Kimisə tənqid etmək, kiməsə irad bildirmək o demək deyil  ki, ortada nəsə şəxsi anlaşılmamazlıq, soyuqluq və sairə var…”
– Adətən millət vəkilləri ilə yerli icra hakimiyyətləri, bir sıra dövlət orqanları və məmurlar aralarında soyuqluq olur. Sizdə bu sarıdan nə kimi problemlər var?
-Əslində bu yöndəki iddialar və fikirlərlə də razılaşmıram. Kimisə tənqid etmək, kiməsə irad bildirmək o demək deyil  ki, ortada nəsə şəxsi anlaşılmamazlıq, soyuqluq və sairə var. Bunlar qətiyyən belə deyil. Əslində kimlərsə bunu belə göstərməyə, insanları səhv istiqamətə meyilləndirməyə, yanlış məlumatlandırmağa  çalışır, bulanıq suda balıq tutmaq sevdasına düşür. Bu məsələdə də təbii ki, qeyri-peşəkar medianın, “reket” adlandırılan və jurnalistikadan bixəbər “jurnalistlərin”  “əməyi” göz qarşısındadır. Onlar daha çox öz şəxsi və cılız maraqları naminə millət vəkilləti ilə məmurlar arasında soyuqluq münasibətlərinin olduğunu cəmiyyətə sırımağa çalışırlar. Amma təbii ki, ağı qaradan seçməyi bacaran insanlar onların toruna düşmür, əsl həqiqətin nədən ibarət olduğunu gözəl bilirlər. Şəxsən mənim millət vəkili olduğum bu illər ərzində hansıa dövlət qurumu və ya dövlət məmuru ilə heç bir problemim olmayıb. Hər zaman onlardan özümə qarşı diqqət, hörmət görümüşəm. Eyni zamanda, uzun illərdir ki, Xacmaz rayonuna rəhbərlik edən icra başçımız Şəmsəddin müəllim Xanbabayevlə çox gözəl. səmimi münasibətlərimiz var. O, təkcə icra başçısı deyil, həm də müdrik insan, bir el ağsaqqalıdır. Onunla bir müddət bir yerdə çalışmışam və kadrlara, peşəkarlara, gənclərə necə böyük diqqət və qayğı ilə yanaşdığının canlı şahidi olmuşam. Onunla işləmək adama ayrı bir zövq, ləzzət verir. Şəmsəddin müəlimi həm də Ulu öndərimizin ən yaxın silahdaşlarından biri olub. Heydər Əliyevin ən çətin günlərində onunla birgə, çiyin-çiyinə addımlayıb. Mən  Xaçmaz  rayon İcra Hakimiyyəti başçısının Xaçmaz şəhəri İƏD nümyəndəsi  işləyən zaman Şəmsəddin müəllim hətta, tez-tez  Ulu öndər barədə  xatirələrini bizimlə bölüşərdi. Yəni, demək istəyirəm ki, bu yöndə səslənən iddiaları əsaslı hesab etmirəm və əslində də inkişaf olan yerdə problemlərin, müəyyən söz-söhbətlərin də olması qaçılmazdır. Amma sadəcə, bunları qərəzkarlıqla, şəxsi prizmadan yanaşmaqla təqdim etmək, heç nədən qalmaqal yaratmaq lazım və doğru deyil.
Etikxeber.az

Read Previous

İordaniya və Misirdə Azərbaycanın bu ölkələrlə birgə hökumətlərarası komissiyalarının iclasları keçiriləcək

Read Next

“Azərbaycan bu gün güclü siyasi dövlətdir…” – RÖVŞƏN RZAYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir