İkinci Vətən Müharibəsinin 2 noyabr Şəhidləri: QUBADLIDA DÜNYAYA GƏLİB, QUBADLIDA ŞƏHİD OLAN VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI VÜQAR AĞYEV VƏ ATASI BİRİNCİ QARABAĞ SAVAŞININ, QARDAŞI İKİNCİ VƏTƏN MÜHARİBƏSİNİN İŞTİRAKÇISI OLAN ELMƏDDİN YUSİFOV…- FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən daha bir neçəsinin Anım Günüdür.

Əslən Qubadlı rayonunun Xanlıq kəndindən olan Vüqar Əhməd oğlu Ağayev və Bərdə rayonunun Mirzalıbəyli kəndindən olan Elməddin Mahir oğlu Yusifovun Əbədiyyətə uğurlandığı, torpağa tapşırıldığı gündür.

Hər iki Şəhidin Əbədiyyətə uğurlanmasından iki il keçir.

Etikxeber.az-ın xəbərinə görə, Vüqar Ağayev 1973-cü ilin mart ayının 4-də, Elməddin Yusifov 1995-ci ilin aprel ayının 28-də dünyaya gəlib.

Vüqar Ağayevgil ailədə bir neçə uşaq, Elməddin Yusifov isə ailənin üç övladından, iki qardaşdan biri olub.

Vüqar Ağayev ali təhsilli, peşəkar və istefada olan hərbçi, Mayor, Elməddin Yusifov orta təhsilli idi.

Elməddin Yusifov və qardaşı Məhəbbət Yusifov İkinci Vətən Müharibəsi zamanı səfərbərliyə cəlb olunub və hər ikisi də təxminən eyni istiqamətlərdə döyüşüblər.

Vüqar Ağayev isə istefada olsa da, könüllü olaraq, Vətənin müdafiəsinə qoşulub.

Vüqar Ağayev doğulub boya-başa çatdığı Qubadlı rayonu, Elməddin Yusifov isə Kəlbəcər-Murovdağ istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıblar.

Vüqar Ağayev noyabrın 1-də Qubadlının Çardaqlı kəndində, Elməddin Yusifov oktyabrın 30-da Murovdağda Şəhidlik zirvəsinə yüksəlib.

Ancaq hər iki Şəhidin nəşi noyabrın 2-də torpağa tapşırılıb, Vüqar Ağayev İkinci Şəhidlər Xiyabanında, Elməddin Yusifov Mirzalıbəyli kənd qəbiristanlığında dəfn edilib.

Vüqar Ağayev həm Şəhidliyindən öncə, həm də Şəhidliyindən sonra medallarla təltif olunub, “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb.

Elməddin Yusifov isə 3 medalla təltif edilib.

Vüqar Ağayev ailəli, iki övlad atası, Elməddin Yusifov subay idi.

Qeyd edək ki, Elməddin Yusifovun atası Mahir Yusifov Birinci Qarabağ Müharibəsinin iştirakçısı olub.

***

Anım günləri ilə bağlı bu gün səhər saatlarında Vüqar Ağayevin İkinci Şəhidlər Xiyabanında, Elməddin Yusifovun isə Mirzalıbəyli kənd qəbiristanlığında məzarları ziyarət olunub.

Məzarları üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub, ruhlarına dualar oxunub, qısa çıxışlar edilib.

Çıxışlarda Şəhidlərin İgidliyi və Qəhrəmanlığından bəhs olunub, onlarla Fəxr edildiyi, Qürur duyulduğu bildirilib, ailələrinə Allahdan səbr və dözüm arzulanıb.

Sonra Şəhidlərlə bağlı Anım mərasimləri keçirilib, adlarına ehsan süfrələri açılıb, bir daha ruhlarına dualar olunub.

Bir daha çıxışlar edilib, bir daha cəmi Şəhidlərin tarixi Qələbə və Zəfərimizdəki fədakarlıqlarından danışlıb.

Şəhidlərin məzarlarını ziyarətdə və Anım mərasimlərində ailə üzvləri, doğmaları, Bərdə, Bakı, Sumqayıt, Ağdam, Goranboy, Tərtər və digər rayonlardan olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, müvafiq İcra hakimiyyətlərinin məsul şəxsləri və başqaları iştirak ediblər.

Məqamları Uca, məkanları cənnətlik olsun!

Nur içində yatsınlar!

13:04

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Qələmimizdən qəlbinizə” və “Misraların əsrarı”nın-TƏQDİMATI – FOTOLAR

Read Next

Özü də, 2 yaşlı qızı da Haqq dünyasına qovuşan-BƏRDƏLİ ŞƏHİD ORXAN MƏHƏMMƏD OĞLU ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir