“İndiki mürəkkəb geosiyasi vəziyyətdə proseslərin sonrakı məcrasını proqnozlaşdırmaq çətindir, lakin təşəbbüslərin özünün gündəmə gətirilməsi belə artıq Azərbaycana baxışı dəyişməkdədir”-BƏHRUZ MƏHƏRRƏMOV

Prezident İlham Əliyevin BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 77-ci sessiyasında iştirakı və bir sıra çağırışlar etməsi 44 günlük müharibədən sonra Azərbaycanın yaratdığı yeni regional reallığın dünya ictimaiyyəti tərəfindən qəbuluna yönəlmiş mühüm addımdır.

Ettikxeber.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev indiki halda böyük güc və potensial sahibi olan Asiya və Sakit okean ölkələri qarşısında çox yığcam tarixi arayış və aydın yol xəritəsi qoydu:

“Dövlətimizin başçısı onlara Şərq və Qərbin ən sabit və təhlükəsiz bağı olan Cənubi Qafqazda cəmi 6 ay əvvələ qədər olan vəziyyətlə Azərbaycanın yaratdığı reallığı müqayisə etmək imkanı yaratdı. İyirmi yeddi illik işğal, müharibə cinayətləri, insanlıq əleyhinə geniş vüsət almış əməllər, Ermənistanın qonşu dövlətlərə qarşı təcavüzkar ritorikası və daimi müharibə ehtimalının hökm sürdüyü bir şəraitin 2020-ci il noyabrın 10-dan etibarən münaqişəsiz, regional əməkdaşlığın təşviq edildiyini və kommunikasiyanın bərpa olunaraq genişləndiyi bir məcraya yönəlməsi Azərbaycanın yaratdığı reallığın mahiyyətini dərk edib dəstəkləmək üçün kifayətdir”.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin yeni reallıqdan hamının faydalanması imkanlarını bəyan etməsi və sessiya iştirakçılarını irimiqyaslı yenidənqurma işlərində iştiraka və “Zəngəzur nəqliyyat dəhlizi” layihəsinin potensialını nəzərdən keçirməyə çağırması artıq bu bölgədə münaqişənin sona çatdığını göstərir:

“Bu çağırış 30 il işğalda saxlanmış bir ərazinin artıq qlobal əməkdaşlıq məkanına çevrilməsi niyyətinin bəyan olunması deməkdir. Təbii ki, Azərbaycanın beynəlxalq hüquqla suveren ərazisi olan, lakin 30 il işğalda, terror yuvası kimi istifadə olunan bir bölgəni azad edərək müasir innovasiyalar məkanı və “yaşıl artım” ölkəsinə çevirərək, oraya böyük qayıdışı təmin etmək kimi nəcib niyyət heç kimdə sual doğura bilməz”.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev Azərbaycanın yaratdığı yeni reallıq fonunda tərəfdaş ölkələrin diqqətini başqa vacib bir nüansa – BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası ilə bağlı ikili standartlar hökm sürməsi probleminə də cəlb edə bildi:

“Prezident İlham Əliyev Azərbaycanın timsalında 27 il ərzində yerinə yetirilməmiş qətnamələr fonunda Şuranın bəzi qərarların cəmi bir neçə gün ərzində icra olunduğunu çox cəsarətlə bəyan edərək, çıxış yolu kimi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin təklif edilməsi və hazırlanması səylərin birləşdirilməsini göstərdi. Məlumdur ki, artıq Azərbaycan özünə münasibətdə BMT TŞ-nın qətnamələrini 6 ay öncə özü güc yolu ilə icra edib Ermənistanı işğala və münaqişəyə son qoymağa məcbur edərək hüququn aliliyini təmin etdi. Bu mənada müvafiq səylərin birləşdirilməsi təşəbbüsü lokal yox, daha çox ümumbəşəri məsələdir və bəşəri sosial məsuliyyət tələb edən tədbiri öz üzərinə götürməklə Prezident İlham Əliyev Azərbaycanın qlobal oyunçuya çevrildiyini bəyan etmiş oldu”.

“Rəsmi Bakının qlobal qüvvə kimi səyləri isə şübhə və sual doğurmur” – deyən deputat qeyd edib ki, 2020-ci il ərzində Azərbaycan pandemiya ilə mübarizədə beynəlxalq səyləri birləşdirilməsi prosesinə rəhbərlik edən dövlət kimi özünü təsdiqlədi, rəsmi Bakının təşəbbüsü BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə nəticələndi. Həmçinin vaksinlərə ədalətli çıxış imkanı uğrunda hərəkat da məhz Prezident İlham Əliyevin təşəbbüs və səyləri ilə başlanmış, BMT-nin İnsan Hüquqları Şurasında ölkələrin vaksinlərə bərabər çıxışı ilə bağlı qətnamə yekdilliklə qəbul edilmişdi:

“Əlbəttə, indiki mürəkkəb geosiyasi vəziyyətdə proseslərin sonrakı məcrasını proqnozlaşdırmaq çətindir, lakin təşəbbüslərin özünün gündəmə gətirilməsi belə artıq Azərbaycana baxışı dəyişməkdədir” (AZƏRTAC).

Etikxeber.az

Read Previous

Daha bir Sənətkar itkisi-BALOĞLAN ƏŞRƏFOV DÜNYASINI DƏYİŞDİ VƏ DƏFN OLUNDU – YENİLƏNİB

Read Next

“İnanıram ki, dövlət başçımız dəvətimizi qəbul edəcək və…”-ŞƏHİD VƏ QAZİ ANASI SİMUZƏR BAĞIYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir