Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının konfransında qurumun sədri Fazil Abbasov məruzə ilə çıxış edib.
Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə, hazırda dünyada İslam dini və müsəlmanlarla bağlı Qərbin transmilli mediasının qərəzli informasiya siyasəti həyata keçirdiyini söyləyən F. Abbasov belə bir assosiasiyanın yaradılmasının zəruri olduğunu vurğulayıb. O, filologiya elmləri namizədi, jurnalist-alim Sona Vəliyevanın assosiasiyanın yaradılması təşəbbüsünün müəlliflərindən biri olduğunu və assosiasiyanın yaradılmasında aktiv iştirak etdiyini nəzərə çatdırıb.
Məruzə ətrafında çıxış edən “AzərTAC”ın baş direktoru Aslan Aslanovassosiasiyanın saytının peşəkarlıqla hazırlandığını, saytın sosial şəbəkələrdə təbliğinin zəruri olduğunu söyləyib. O, assosiasiyanın fəaliyyətinin effektiv təşkili üçün qurumun nəzdində çevik qrup yaradılmasını təklif edib. A. Aslanovun fikrincə, bu qrup analiz, proqnozlaşdırma sahəsində mühüm rol oynaya bilər.
Konfransda çıxış edən “APA-Holding”in prezidenti Vüsalə Mahirqızı bildirib ki, dünya informasiya məkanını transmilli KİV-lər idarə etsə də, hər bir ölkənin yerli media resursları həmin ölkələr üçün əsas etibarlı informasiya qaynağıdır: “Bizim informasiya mübadiləsi aparmağımız transmilli media orqanlarının manipulyasiyasının qarşısının alınmasında mühüm rol oynayar. Assosiasiyanın yaradılması bu baxımdan vacibdir. Azərbaycan ötən dövrdə Ermənistan tərəfindən növbəti dəfə atəşkəsin pozması halı və terrorçuluqla üzləşdi. Biz bununla əlaqədar başqa ölkələrin mediasının monitorinqi ilə məşğul olanda, acınacaqlı halla qarşılaşdıq. Məsələn, Türkiyə mediası məlumatları transmilli media orqanlarından götürmüşdü və yanlışlıqlara yol vermişdi. Bizim cəmiyyətimizi obyektiv informasiya ilə təmin etmək imkanımız var. Dünya birliyi cəmiyyətlərin birliyidir. Əgər cəmiyyətlərimizi obyektiv informasiya ilə təmin etsək, bu, çox mühüm addım olar. Assosiasiyanın saytında müxtəlif adminlər olsa və biz orada informasiyalar yerləşdirsək, bu, maraqlarımıza cavab verər. Assosiasiya vasitəsilə jurnalistlərin bir-birinin ölkələrini tanıması, qarşılıqlı səfərlərin təşkili mümkündür. Eyni zamanda, biznesin inkişafı üçün ölkələrimiz üçün mühüm iş görə bilərik. Ölkələrimizin təbiəti, tarixi imkan verir ki, turizm, biznes əlaqələri inkişaf etsin. Bu baxımdan assosiasiya mühüm platforma rolunu oynaya bilər. Mən assosiasiyanın işinə uğurlar arzulayır, hər kəsim qarşılıqlı əməkdaşlığa çağırıram”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlunun sözlərinə görə, Qərbdə də bilirlər ki, islamofobiya yoxdur: “İslam ən hegemon dövründə də fobiya olmayıb, ən yaxşı halda rəqabət mühiti yaradıb. 2001-ci il sentyabr hadisələrindən sonra formalaşdırılan koalisiya əslində yeni səlib yürüşü koalisiyası idi. Bu koalisiyaya müsəlman ölkələri də qoşuldu. Ancaq bu, manipulyasiya üçün idi. Qərb insanların şüuru ilə manipulyasiya etməyi bacardı, yeni insan tipi formalaşdırdı. Bu insan hazırda informasiya ilə idarə olunan insandır. O, transmilli KİV-lərin informasiya bazasına söykənərək qərarlar qəbul edir və bu qərarlar yanlış olur. Bu insan bir də gözünü açır ki, ölkəsi parçalanıb, Qərbin maraqları təmin olunub, özü isə Qərbin qapısında miqrant durumuna düşüb. Məsələyə bu cür qlobal mövqedən yanaşmasaq, vəziyyət fərqli olmayacaq. İnformasiya əsrində jurnalistlərin üzərinə böyük missiya düşür. Yeni səlib yürüşünə qarşı İslam ölkələrində sipər yaradılmalıdır. Bu, o vaxt mümkün olacaq ki, potensialı sipərə çevirə bilək”.
“Əl-Cəzirə”nin baş redaktoru Xalid Al-Malik assosiasiyanın İslam ölkələri jurnalistləri arasında qarşılıqlı əlaqələri gücləndirəcəyinə inamını ifadə edib.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Türk Xalqları Ümumdünya Konqresinin prezidenti Yahya Əliyev, İƏT-in İİNA agentliyinin xəbər departamentinin müdiri Zayet Sultan Abdulla, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, CPF saytının rəhbəri Ayub Sumbal mövzu ətrafında çıxış ediblər.
Etikxeber.az