İsa Qəmbərin oğlu deputatlığa namizəd-ASİM MOLLAZADƏYƏ RƏQİB OLDU VƏ…

Axır ki, namizədliyim qeydə alındı.

Etikxeber.az xəbər verir ki, bunu Nida Vətəndaş Hərəkatının üzvü, Müsavat Partiyasının başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbər deyib.

Qeyd edək ki, T. Qəmbər namizədliyini 22 saylı Nəsimi ikinci Seçki Dairəsindən irəli sürüb və namizədliyi bu gün 22 saylı Dairə Seçki Komissiyası (DSK) tərəfindən qeydə alınıb.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) isə həmin dairədən Hüseynov Sərraf Balaxan oğlunun  namizədliyini irəli sürüb və o da artıq namizəddir.

Həmin dairəni hazırda parlamentdə Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazdə təmsil edir.

4 dəfə millət vəkili olan A. Mollazadə 5-ci dəfə deputatlığa namizəddir.

T. Qəmbər isə iddia edib ki, onunla bağlı  qərarı sonuncu günə, sonuncu saatlara saxlayıblar ki, təbliğatla bağlı çap işləri ləngisin.

“Olsun, 1 gün tez, 1 gün gec, əsas odur ki, dinamik və keyfiyyətli təbliğat kampaniyası aparmaq niyyətindəyəm. 22 saylı Nəsimi seçki dairəsində yaşayan vətəndaşların problemləri yuxarı-aşağı Azərbaycanın ümumi problemləri ilə üst-üstə düşür. İşsizlik, həyat standartlarının aşağı olması, keyfiyyəsiz təhsil və səhiyyə, infrastruktur problemləri və sair…

15 ildir ki, bu dairənin deputatı Asim Mollazadədir. İmzatoplama dövründə vətəndaşlarla ünsiyyət zamanı mübaliğəsiz deyə bilərəm ki, bir nəfər seçici belə ondan razılıq etmədi. Hamı yumşaq desək, tənqidi yanaşır. Normal seçkidə hakimiyyətin namizədi Asim Mollazadənin heç bir şansı yoxdur.

Əsas məsələ insanları seçkiyə gəlməyə inandırmaqdır. Son bir neçə seçkini müşahidə edən tərəfsiz müşahidəçilər o qənaətdədirlər ki, real olaraq seçkiyə gələn vətəndaşların sayı 5-15%-dir. Bu, faciəvi rəqəmdir. Müxalif və müstəqil namizədlər qapı-qapı düşüb heç olmasa 30% seçicini seçkiyə gəlməyə inandırsalar, əmin olun ki, ölkədə tamam fərqli mənzərə yaranacaq.

Mənim niyyətim hər gün seçicilərlə ünsiyyətə girmək, hər gün məhəllə-məhəllə, qapı-qapı gəzmək, təbliğatın gedişatı ilə bağlı ara-sıra sosial şəbəkələrdə dairəmin seçicilərini məlumatlandırmaq və çağırışlar etməkdir. Ancaq bu işdə nə qədər çox vətəndaş iştirak etsə, bizim komandaya qoşulsa, seçki kampaniyası bir o qədər uğurlu olar. Namizədə uğurlar diləmək gözəl işdir, ancaq əməli dəstək də çox vacibdir…”-deyə, T. Qəmbər sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Seçkiqabağı təşviqatla bağlı əsas prinsiplərə aydınlıq gətirildi…

Read Next

Tanınmış hərbi veriliş aparıcısı da – DEPUTATLIĞA NAMİZƏDDİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir