“Məni müharibəyə aparmadılar, amma qardaş dediyim Ülvini, Rüstəmi apardılar, sinif yoldaşım Nicat, dostum Cəmil isə Şəhid oldular…”-TAKSİ SÜRÜCÜSÜ FAİQ

Bir az əvvəl şəhərdə vacib işim olduğu üçün taksi sifarişi vermişdim…

Taksi sürücüsü də gənc, təvazökar, sadə, mehriban, mədəni bir oğlan idi…

Təbii ki, yol bir az uzun olduğu üçün oradan-burandan, işdən-gücdən danışdıq, söhbətləşdik…

Faiq adlı taksi sürücüsü dedi ki, aprel-may aylarınacan bir firmada işləyib, sonra firmada ixtisarlar aparılıb, özü də daxil olmaqla, 18 nəfər ixtisar olunub.

Etirazlar da heç bir fayda, nəticə verməyib…

“Əmi, mən, heç, cavanam, subayam, birtəhər dolanaram, amma ixtisar olunanlar arasında ailəlilər, övlad sahibi olanlar da vardı. Ən çox onlara görə üzülürəm”-dedi və sonra “Hazırda çörəyimi taksidən çıxarıram”-deyə, sözlərinə əlavə etdi.

Məlum oldu ki, əslən İsmayıllı rayonundan, şəhərin özündəndirlər.

Amma Bakıda böyüyüb, boya-başa çatıblar, burada yaşayıblar, yaşayırlar.

3 qardaşdırlar. Faiq böyük qardaşdır, 29 yaşı var, hələ subaydır.

“Mən özüm də müharibəyə getmək istəyirdim, müraciət də etmişdim. Amma aparmadılar. Mən dostlarıma qardaş deyirəm. Qardaş dediyim Ülvini müharibəyə apardılar. Oktyabrın 1-də cəbhəyə yolladılar. Ülvinin 27 yaşı var, bir övlad atasıdır. Əvvəl Qubadlı istiqamətində idi, hazırda isə Şuşadadır. Şükür ki, sağ-salamatdır, yolunu gözləyirik. “-deyən Faiq sonra dərin kədər hissi ilə bildirdi ki, dostları və sinif yoldaşları arasında Şəhid olanlar var.

“Sinif yoldaşım Nicat və dostum Cəmil…Hər ikisi də Şəhid oldular. Cəmil Füzuli uğrunda döyüşlərdə Şəhid oldu. Allah hər ikisinə də rəhmət etsin. Onlarsız çox çətindir… Həmçinin, dostlarımdan bir neçəsi müharibə iştirakçısıdır. Digər uşaqlıq dostum, qardaş dediyim Rüstəm Tahir oğlu Mirzəli də İkinci Vətən Müharibəsi başlayandan döyüşdə, cəbhədə olub, vuruşub. Şükür ki, sağ-salamatdır. Hazırda da cəbhə bölgəsindədir”-deyə, Faiq daha sonra bildirdi.

Mən də “Allah səbrinizi versin, Allah ailələrinə səbr versin. Şəhidlərimizin məqamları ucadır, məkanları cənnətlikdir. Hamısına, bütün Şəhidlərimizə, Qazilərimizə bugünümüzə, Qələbəmizə görə borcluyuq. Borcları heç zaman ödənilməz, qarşılarında baş əyirik”-dedim.

Şəhid Nicat Ayaz oğlu Şükürlü.

Nicat 23 oktyabr 1991-ci ildə Bakıda anadan olub.

2010-cu ildə Azərbaycan Silahlı Qüvvələri sıralarına həqiqi hərbi xidmətə yollanıb.

Hərbi xidməti başa vurduqdan sonra 2014-cü ildə Bakı Slavyan Universitetinin Əlavə təhsil və qiyabi şöbəsinin Beynəlxalq münasibətilər ixtisasına qəbul olunub və 2019-cu ildə bu ixtisası bitirib.

2020-ci ilin oktyabr ayının 2-də könüllü olaraq ordu sıralarına yazılıb.

Oktyabrın 11-də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

Şəhid Məmmədli Cəmil Habil oğlu.

1999-cu il 28 iyul tarixində İsmayıllı rayonunda anadan olub.

2016-cı ildə Bakı şəhəri Səbail rayon 163 saylı məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetinə daxil olub.

2020-ci ildə hərbi xidmətə yollanıb, 27 sentyabrdan İkinci Vətən Müharibə’sində iştirak edib.

15 oktyabr tarixində Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə ucalıb.

Bacısı Aybəniz xanım yazır:

“Bir gün yoxluğuna alışmaq məcburiyyətində qalacağım ağlımın ucunda belə keçməzdi. Mən tam başqa xəyallarla yaşayırdım, tam başqa şeylər düşünürdüm.Amma həyat gəldi elə acımasızlıq elədi ki,səni məndən aldı .Bir bilsən sənsiz necə dözülməzdi, necə ağırdı. Məni yarımçıq qoydun Cəmilim.Sənsiz tək qalmışam.

Hamı yanımdadı, amma sanki heç kim yoxdu.Sənə çox ehtiyac duyuram.Sənsizliyi heç bir sözlə ifadə edə bilmirəm.Sən özünlə çox şeyi apardın, yerinə çiyinlərimə çox, amma çox ağır yük qoydun. Sən bilirdin axı bacın çox gücsüzdü, QARDAŞIM. Amma bilirəm, sən məni görürsən, yanımızdasan, Allahın ən sevimli bəndələrindənsən.

Allah ən gecindən versin, hələ Anamız mənə lazımdı, amma vaxtı gələndə Anamızı özünlə ən gözəl yerə aparacaqsan.Yalnız elə şeylərlə təsəlli tapıram. Amma nə qədər ki, sağam söz verirəm: Anamıza gözüm kimi baxacam. Son nəfəsimə kimi Səni yaşadacam. Sənə sevgim sonsuzdur, CƏMİLİM.

Səni canımdan çox sevirəm QƏHRƏMAN QARDAŞIM…”

Nur içində yatsınlar!

Şəhidlər ölməz, Vətən bölünməz!

Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Hadrutda ermənilərin hücumu nəticəsində 4 hərbi qulluqçu Şəhid oldu, “Azercell” şirkətinin əməkdaşı-AĞIR YARALANDI – RƏSMİ

Read Next

Daha 4451 yeni yoluxma-DAHA 39 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir