Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Fevralın 1-də Milli Məclisin (MM) yaz sessiyası çərçivəsində ilk plenar iclası öz işinə başlayıb.
Etikxeber.az-ın məlumatına görə, sessiya dövlət himninin oxunması ilə açılıb.
İlk plenar iclasın gündəliyinə MM-in İntizam və Hesablayıcı komissiyalarının yenidən təşkil edilməsi barədə məsələlər, yaz sessiyasının qanunvericilik işləri planı, “Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında” və “Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasında iqtisadi əməkdaşlıq haqqında” sazişlərin təsdiq edilməsi, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi”ndə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə, “Hərbi xidmət keçmə haqqında Əsasnamə”də, “İnformasiya əldə etmək haqqında”, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “Mühasibat uçotu haqqında”, “Reklam haqqında”, “Qrant haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Aviasiya haqqında”, Gömrük Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Dövlət rüsumu haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında qanun layihələri daxil edilib.
***
Sonra MM-in Hesablayıcı və İntizam komissiyalarının yeni tərkibi müəyyənləşdirilib.
Hesablayıcı Komissiyasının yeni tərkibində Fəttah Heydərov, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Oruc, Sədaqət Vəliyeva, Mixail Zabelin təmsil olunacaqlar.
İntizam Komissiyasının tərkibi Ağacan Abıyev, Xanlar Fətiyev, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa və Kamran Nəbizadədən ibarətdir.
Hər iki komissiyanın yeni tərkibi səsə qoyularaq təsdiq edilib.
***
Millət vəkili Vahid Əhmədov da çıxışında iki qanun layihəsinin qəbul edilməsi təşəbbüsü ilə çıxış edib.
Deputat bildirib ki, 2016- cı ilin sonunda Azərbaycanın inkişaf modeli dəyişdirilərək “Strateji Yol Xəritəsi” təsdiq edildi:
“Bu sənədin həyata keçirilməsi üçün ciddi addımlar atılmalıdır. Bu, çox ağır sənəddir. Biz illərdir ki, iki qanun layihəsinin qəbul edilməsini qaldırırıq. Amma onlar gündəliyə salınmır. Bunlardan biri “ Maliyyə nəzarəti” haqqında qanun layihəsidir. Biz korrupsiyanın qarşısını almaq istəyiriksə, bu qanunu qəbul etməliyik. Maliyyə Nazirliyi bildirib ki, qanun üzərində işlənilir. Amma bu sənəd Milli Məclisə daxil olmur.
Digər qanun isə “ Rəqabət Məcəlləsi” dir. Bu qanunu iki dəfə müzakirə edib qəbul etmişik. Sonradan qanun hara getdi xəbərimiz olmadı. Doğrudan da bu qanun lazım deyilsə bunu xalqa demək lazımdır ki, Azərbaycanda rəqabət olmayacaq. Azərbaycanda monopoliyanı, inhisarçılığı aradan qaldırmaq lazımdır. Mən xahiş edirm ki, bu qanun layihələri gündəliyə salınsın”.
Buna cavabında spiker bildirib ki, “Rəqabət Məcəlləsi” ni üçüncü oxunuşdan dəyişdirilmək üçün geri çağırdı:
“ Bu da 2008- ci ildə başlanan böhran vəziyyəti ilə bağlıdır. Bu qanunun maddələri dəyişdirilməlidir. Dəyişəndən sonra yəqin ki, göndərəcəklər. “Maliyyə nəzarəti” məsələsi də nəzarətdədir. Hazırda o qanun üzərində işlənilir”.
***
Elmira Axundovadan təklif:– Köməkçilərə dövlət qulluqçusu statusu verilsin
Millət vəkili Elmira Axundova çıxışı zamanı deputat köməkçilərinə dövlət qulluqçusu statusu verilməsini təklif edib.
E. Axundova deyib ki, bu insanların çoxunun mənzili yoxdur. O, sosial ipoteka üçün 3 il dövlət qulluqçusu stajı tələb olunduğunu nəzərə çatdırıb:
“Xahiş edirəm ki, 125 deputat köməkçisinə 5 il fəaliyyətləri ərzində dövlət qulluqçusu statusu verilməsi məsələsi həllini tapsın”.
***
“Heç olmasa oturduğunuz stula hörmət edin” – SİYAVUŞ NOVRUZOV
Millət vəkili, YAP rəsmisi Siyavuş Novruzov çıxışında daha çox bəzi deputat həmkarlarını sərt tənqid edib.
Millət vəkili qeyd edib ki, mətbuatda bəzi həmkarları deyirlər ki Milli Məclis işləmir:
“İşləmirsənsə niyə buradan əməkhaqqı, mükafat alırsan?! Bizim payız sessiyasında nə qədər qanunlar qəbul olunub. Biz indi neyniyək? Divar hörməliyikmi? Başqası deyir ki, komanda dəyişməlidir. Komandanın sahibi var. Bu cənab prezidentin komdandasıdır. Bu komanda nə qədər işlər görüb. Bunların birinin funksiyasını yerinə yetirə bilərsənmi? İki gün mətbuatda qalmaq üçün belə edirsiniz. Türkiyəyə baxıb coşursunuz. Biz prezident respublikasıyıq. İcra funksiyasını icra qurumları yerinə yetirir. Yetirməyən isə dərhal həbs edilir. Hər bir insan çıxış edəndə oturduğu stula heç olmasa hörmət etsin. Vaxt var idi ki, burada 4 adam bir otaqda otururudu. 8 adama bir telefon düşürdü. Otur işlə. Qanun hazırla və cəmiyyətə təqdim elə. “Biz qabaqcadan demişdik, iki il bundan əvvəl demişdik” deyirsiniz. Nə demişdiniz?! Hamımız burada idik. Hesab edirəm ki bundan sonra belə məsələlərə yol verməyə ehtiyac yoxdur”.
S. Novruzov həmçinin mobil rabitə ilə ciddi problemlər yaşandığını qeyd edib: “Hər axşam xarici nömrələrdən zənglər gəlməyə başlayır. “Ərəb baharı”nda da belə olmuşdu. Bunlar ilkin mesajlar idi”.
Deputat sonda MM sədrinin birinci müavini Ziyafət Əsgərova müraciət edərək bildirib ki, informasiya təhlükəziliyi məsələsinə yenidən baxılsın.
Bundan əlavə deputat siyasi partiyaları hesabat verməyə çağırıb: “Hesabat vermirlər, kifayət qədər cangündənləri, işçiləri var. Təbii ki, onlar hava ilə dolanmırlar”.
***
İş adamlarının obyektlərini qanunsuz sökənlər cəzalandırılmalıdır– QÜDRƏT HƏSƏNQULİYEV
Millət vəkili, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov öz növbəsində deyib ki, İrəvan daxil olmaqla, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ermənilərə verilmiş 9 min kvadrat kilometr torpağın Azərbaycan xalqına qaytarılması barədə məsələ qaldırmalıyıq.
Y. Mahmudov bildirib ki, 9 min kv.km. torpaq ermənilərə müəyyən şərtlərlə verilib: “Bu sənədləri xaricdən Tarix İnstitutuna gətirmişik. Həmin torpaqlarda azərbaycanlıların yaşamasının təmin edilməli, Şaumyanın başçılığı altında soyqırımlara son qoyulmalı, Zəngəzur və Qarabağa qarşı iddialardan əl çəkilməli idi. Ancaq bu şərtlərin hamısı pozuldu. Ona görə də biz bu torpaqlara varislik məsələsini qaldırmalı və Milli Məclisdə bununla bağlı müvafiq addım atmalıyıq. Biz həmin sənədlərin hamısını parlamentə təqdim etməyə hazırıq”.
Y. Mahmudov prezident İlham Əliyevin çıxışlarında da dəfələrlə həmin torpaqların Azərbaycan xalqına qayıdacağını vurğuladığını xatırladıb: “Ona görə də parlament o torpaqlara varisliklə bağlı müvafiq sənəd qəbul etməlidir”.
***
MUSA QULİYEV: “Bu, gələcəkdə problemlərə yol açacaq”.
“Bu gün Azərbaycanda kənarda maaş, pensiya kartı ilə hər hansı məhsul alınan zaman Azərbaycan bankları tərəfindən elektron ticarət sayılaraq 18 faiz əlavə dəyər vergisi tətbiq edilir. Bu, gələcəkdə problemlərə yol açacaq”.
Bunu çıxışı zamanı millət vəkili Musa Quliyev deyib.
Millət vəkili problemin aradan qaldırılması üçün qanunvericiliyə dəyişiklik təklif edib: “Yaxud Maliyyə Bazarlarına Nəzarət Palatası müvafiq normativ aktlara lazımi dəyişikliklər etməlidir ki, insanlar bu problemlə rastlaşmasınlar”.
M. Quliyev deyib ki, artıq ikinci və üçüncü qrup əlillər əmək qabiliyyətli sayılır: “Ancaq bu insanlarla tam sağlam insanların işə götürülməsi məsələsinə yanaşma eyni olmayacaq. Ona görə də əlillər üçün iş kvotası məsələsinə yenidən baxmalıyıq”.
***
Əflatun Amaşov: “İnternet medianın hüquqi statusu müəyyənləşdirilməlidir”
Millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov isə internet medianın problemlərindən danışıb:
“Kimsə domen və hostinq alaraq, internetdə nə istəyir, yazır. Bunlarla əlaqədar məhkəmə müstəvisində addım atmaq çətindir. Gərək, söz azadlığı çərçivəsini aşmasınlar. Ona görə də internet medianın hüquqi statusunu müəyyənləşdirmək lazımdır. Digər tərəfdən, onlayn mediaya dövlət tərəfindən maliyyə yardımının ayrılması yaxşı olar”.
Etikxeber.az