“Qarabağın bütün yerlərində şanlı Azərbaycan bayrağı dalğalanacaq”-SAHİBƏ QAFAROVA – ƏLİ MƏSİMLİ MİNSK QRUPUNU SƏRT TƏNQİD ETDİ, HİKMƏT BABAOĞLU TÜRKİYƏNİN HƏMSƏDR OLMASINI DİLƏ GƏTİRDİ, MƏLAHƏT İBRAHİMQIZI FRANSA İLƏ BAĞLI MƏKTUB ÜNVANLANMASINI TƏKLİF ETDİ – YENİLƏNİB – (6)

Milli Məclisin (MM) növbəti plenar iclası başlayıb.

Etikxeber.az-ın məlumatına görə, iclasa spiker Sahibə Qafarova sədrlik edir.

İclasın gündəliyinə 18 məsələ daxil edilib.

İclasın gündəliyi belədir:  

1. “Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.

2. “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının  yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

3. “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

4. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

5. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

6. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

7. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

8. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

9. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində,  Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

12. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

13. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

15. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

16. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

17. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

18. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Qeyd edildiyi kimi, iclasda Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan adlandırılması məsələsinin müzakirəsi nəzərdə tutulur.

Layihəyə əsasən, Azərbaycan Respublikasının Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndinin Suqovuşan adlandırılması təklif olunur.

Qeyd edək ki, Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatı nəticəsində Madagiz kəndi erməni işğalçılarından azad edilib.

Azərbaycan Prezidenti İlham Əliyev Madagiz kəndinin Suqovuşan adlandırılmasına qərar verdiyini açıqlayıb.

Eyni zamanda, deputatlar yenə tibbi maskalar və əlcəklərdən istifadə ediblər, sosial məsafəni gözləyiblər, bir-birindən iki metr aralıda əyləşiblər.

10:59

***

“Azərbaycan Respublikasının Prezidentinin də dediyi kimi, Dağlıq Qarabağ bizim torpağımızdır, ərazi bütövlüyümüz təmin edilməlidir”.

Bunu spiker S. Qafarova deyib.

Spiker bildirib ki, daha böyük uğurlar bizi gözləyir:

“Cəbrayıl artıq işğaldan azad edilib. Digər rayonlarımızın da azad ediləcəyi gün uzaqda deyil. Əldə edilən uğurlar zamanı itkilər də olur. Bütün şəhidlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm. Əminəm ki, bu gün dövlət başçısı və xalq arasında olan birliyin nəticəsində Qarabağın bütün yerlərində şanlı Azərbaycan bayrağı dalğalanacaq”.

11:11

***

“Milli Məclisin beynəlxalq təşkilatın üzvü olan deputatları Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri həmin təşkilatlara çatdırırlar”-deyən spiker bildirib ki, bütün ölkələrə, beynəlxalq təşkilatlara cəbhə bölgəsində baş verən hadisələr barədə məlumatlar göndərilir:

“Parlamentin dostluq qruplarının üzvü olan deputatlarımız müvafiq ölkələrə məktublar göndərir”.

11:25

***

“ATƏT-in Minsk qrupuna həvalə olunmuşdu ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində göstərilən əsas şərti – erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxmasını təmin etsin. Onların görməli olduğu işi bu gün Azərbaycan Ordusu icra edir”.

Bunu deputat Əli Məsimli deyib.

Millət vəkili bildirib ki, bu prosesdə Azərbaycanı dəstəkləyən ölkələrin sayının artması ilə paralel təəssüflər olsun ki, erməniləri dəstəkləyən qüvvələr də var:

“Onların varlığı Ermənistanın Azərbaycana qarşı hibrid müharibəni davam etdirməsinə səbəb olur. Dünən Minsk Qrupu həmsədr ölkələrinin XİN rəhbərləri yaydığı bəyanatda yenə də işğala məruz qalanla işğalçı arasında fərq qoyulmadı. Eyni zamanda onlar xarici ölkələrə dezinformasiya verirlər. Onların yaydığı sənəddə Azərbaycan və Ermənistan ərazisində mülki obyektlərin hədəfə alındığı qeyd olunub. Amma burada yanlış informasiya dünyaya çatdırılır. Azərbaycanın ərazisində mülki obyektlər hədəfə alınır. Amma onlar göstərsinlər ki, hansı erməni şəhəri Azərbaycan tərəfindən hədəfə alınıb? Göstərsinlər. Yaydıqları bəyanatdan görünür ki, onlar Dağlıq Qarabağı Ermənistan ərazisi hesab edirmiş. Buna etiraz edilməlidir”.

***

“Bu gün Milli Ordumuz işğal altında olan rayonlarımızdan erməni terrorçuları təmizləməklə məşğuldur”.

Bunu çıxışı zamanı deputat Cavid Osmanov deyib.

Millət vəkili bildirib ki, Azərbaycan tərəfi Dağlıq Qarabağda yaşayan ermənilərə döyüş bölgələrindən uzaq olmaları üçün müraciət edir.

“Amma erməni tərəfi döyüş bölgəsindən xeyli uzaqda yerləşən bölgələrimizə atəş açırlar. Bu gün erməni terrorunu dəstəkləyənlər eyni zamanda beynəlxalq terroru da dəstəkləyir. Əminəm ki, tez zamanda Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq və bütün yerlərimizdə Azərbaycanın şanlı bayrağı dalğalanacaq. Azərbaycan Ordusu bu gün BMT-nin icra edilməmiş 4 qətnaməsini özünü icra edir”-deyə, o, əlavə edib.

11:49

***

“Azərbaycan Prezidentinin də öz müraciətində dediyi kimi, Azərbaycan xalqının yeni tarixi yazılır. Ruhumuzun millət olaraq əsarətdən qurtulması tarixi yazılır”.

Bunu isə deputat Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, Azərbaycan Ordusunun rahat hərəkətini təmin etmək üçün bu gün diplomatik sahələrdə böyük işlər görülüb:

“Ötən əsrdə Azərbaycan qlobal ictimai rəyi öz lehinə dəyişməyi bacarıb. Bu gün bəzi istisnalar olmaqla Azərbaycanın haqq işi beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir. Ancaq ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən olan Fransanın son bəyanatları, açıqlamaları təəssüf doğurur. Bu gün Fransa Azərbaycan əleyhinə lobbiçilik fəaliyyətinə başlayıb. Fransa, eyni zamanda, digər həmsədrlərin radikal qərarlar qəbul etməsinə çalışır. Bu mövqe qəbuledilməzdir. Bundan sonra bizi diplomatik olaraq çox ciddi danışıqlar prosesi gözləyir. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri Türkiyə olmalıdır”.

12:01

***

“Bu gün bütün vətəndaşlarımızın nümayiş etdirdiyi həmrəylik qələbəmizin yaxınlaşdığının göstəricisidir”-deyən deputat Soltan Məmmədov bildirib ki, beynəlxalq təşkilatlar ermənilərin mülki əhalini və obyektləri atəşə tutmasına reaksiya vermir: “Bu, təəssüf doğurur. Biz görürük ki, beynəlxalq təşkilatlar qəbul edilən qərarları icra etmək gücündə deyil. BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, beynəlxalq hüququn bütün prinsiplərinə riayət etməklə işğal altında olan torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizə aparırıq”.

Millət vəkili qeyd edib ki, pandemiya sahəsində olan qaydalara riayət etməklə də Ordumuza dəstək vermiş olarıq.

***

“Milli Məclisin adından ATƏT-in Minsk qrupuna bir məktub ünvanlayaq. Fransanın ATƏT-in Minsk Qrupu həmsədrliyindən çıxarılmasını istədiyimizi bu müraciətdə qeyd edək”. 

Bunu da çıxışında deputat Məlahət İbrahimqızı deyib.

“Dünən ölkə Prezidenti TRT-yə müsahibəsində açıq şəkildə dünyaya bəyan etdi ki, Türkiyə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olmalıdır. Azərbaycan xalqının hər bir nümayəndəsinin də istəyi budur. Biz bu istəyi parlament adından ATƏT-ə ünvanlayaq“-deyə, millət vəkili bildirib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Prezidentin çoxmilyonlu “Əl-Cəzirə” auditoriyasına çatdırdığı-HƏQİQƏTLƏR – QƏNİRƏ PAŞAYEVANIN YAZISI

Read Next

Madagiz kəndi Suqovuşan adlandırılacaq-MM BU YÖNDƏ QANUN LAYİHƏSİNİ QƏBUL ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir