“Müsəlləh əsgərəm, mən də bu gündən!”-ZİYAD SƏMƏDZADƏ YAZIR – (İKİNCİ HİSSƏ)


“Ruhu, qanı, canı ilə sülh tərəfdarı olan Azərbaycan xalqı!”

(YAZININ DAVAMI)

***

Bundan necə qürurlanmayasan, fəxr etməyəsən?!

Müharibə dövrünün qanunlarından biri də səfərbərlik məsələsidir.

Müharibə şəraitində, hərbi vəziyyət dövründə yaşamış və yaşayan xalqlar, dövlətlər üçün xarakterik bir məsələdir. Çünki nə qədər güclü, qüdrətli, döyüşkən Orduya malik olsan da, səfərbərlik qaçılmaz bir məsələdir.

Bu, həm də ruh, Vətənə sevgi, torpağa bağlılıq məsələsidir. Səfərbərlik, insanların könüllü hərbi xidmətə, cəbhəyə, döyüş bölgəsinə yollanması həm də mənəvi bir testdir. Məhz bu zaman bilinir ki, həqiqi Vətən sevgisi nə deməkdir, Vətən, Torpaq, Millət üçün müsəlləh əsgər olmaq nə deməkdir.

Odur ki, ölkədə, cəbhə xəttində yaranmış şərait və hərbi vəziyyətin elan olunması ilə bağlı dövlət başçısı cənab İlham Əliyev sentyabrın 28-də ölkədə qismən səfərbərliyin elan edilməsi ilə bağlı Sərəncam imzaladı.

Bəli, olduqca vacib və önəmli addımdır. Düzdür, Ordumuz kifayət qədər güclüdür, yetərincə hərbi kontingentimiz, hərbçilərimiz, əsgər və zabitlərimiz var, ancaq müharibə, hərbi vəziyyət dövrünün şərtlərinə, qanunlarına uyğun olaraq, belə addıma gedilməsi lazım idi. Bu addım da xalqımız, insanlarımız tərəfindən böyük sevinclə qarşılanır və qarşılanmaqdadır.

Bunu hər gün efirlərdən də izləmək, görmək mümkündür. Analar, atalar öz övladlarını toy-bayramla Vətən torpaqlarını qorumağa göndərirlər. Səfərbərlik xidmətlərində gənclərin, cavanların əlindən tərpənmək mümkün deyil. Hər kəs Qarabağın azad olunması eşqi ilə alışıb-yanır, cəbhəyə yollanır. Hər bir gəncimiz dahi şairimizin şözləri ilə ifadə etsək, “Müsəlləh əsgərəm, mən də bu gündən!” deyərək, Vətəni qorumaq, onun uğrunda canından belə keçmək üçün cəbhənin ən qaynar xəttinə yola düşür.

Özü də kimsənin təzyiqi, təsiri ilə deyil, könüllü şəkildə, öz qəlbinin səsi, öz ürəyinin hökmü ilə. Artıq ikinci həftədir ki, bütün cəbhə boyu döyüş, hücum əməliyyatları getməkdə, davam etməkdədir, Ordumuz tarix, Zəfər yazmaqdadır. Əvvəlcə, cəmi bir günün içində 27 ildən çoxdur ki, işğal altında olan 7 kəndimiz, Cəbrayıl və Füzuli rayonlarının kəndləri, Goranboy istiqamətində çox strateji əhəmiyyətə malik olan – Murov dağı yüksəkliyindəki Murov zirvəsi istiqamətində hakim yüksəkliklər azad olunmuş, Ordumuz tərəfindən nəzarətə götürülmüşdür. Həmçinin, oktyabrın 3-ü, 4-ü və 5-i tarixlərində şanlı, müzəffər Ordumuz yeni Zəfər yazmışdır.

Belə ki, çox strateji əhəmiyyətə malik Ağdərənin keçmiş Madagiz – indiki Suqovuşan kəndi, həmçinin, Tərtərin Talış kəndi, Cəbrayıl və Füzuli rayonlarının daha bir neçə kəndi, o cümlədən Cəbrayıl şəhəri yağı düşmən işğalından azad olunmuşdur. Düşmənə, qəsbkara növbəti ağır-sarsıdıcı zərbə endirilmiş və dərs verilmişdir. Həmçinin düşmən hər an, hər saniyə böyük itkilərə məruz qalmaqdadır – həm canlı qüvvə, həm də hərbi texnika sarıdan. Bu, qətiyyətin, cəsarətin, böyük siyasi iradənin və qərarlılığının göstəricisi, təzahürüdür.

Bundan necə qürurlanmayasan, fəxr etməyəsən?! Bunları sözlə ifadə etmək mümkün deyil, sözlər, kəlmələr belə bu mənzərəni əks etdirmək üçün bəs etmir. Belə bir xalq ancaq və ancaq Qələbəyə, Zəfərə layiqdir. Qələbə də, Zəfər də bizimlədir, bizimlə olacaq.

Ordumuz bir an olsun belə dayanmır, nəfəs dərmir, son və qəti Qələbəyə nail olmaq üçün igidlik, qəhrəmanlıq, rəşadət, şücaət göstərir, dastan yazır. Düzdür, yaralılarımız da var, Şəhidlərimiz də var, bəzi bölgələrimizdə – xüsusilə, Tərtər, Goranboy və Ağdam rayonlarında yaşayış məntəqələrimiz, insanlarımız atəş altındadır, xeyli maddi itkilər, zərərlər, dağıntılar var.

Ancaq bununla belə, insanlarımız, vətəndaşlarımız ruhdan düşmür, əksinə, düşmənə qarşı daha da mübarizdir, səfərbərdir, əzmkardır. Hamı müharibənin başa çatması, Qələbənin əldə edilməsi üçün dövləti ilə, Ordusu ilə birlikdədir, həmrəylik nümayiş etdirir. Xalq dövlətindən, Ordusundan ruh alır, Ordusu, dövləti də xalqdan güc, qüvvət alır.

Növbəti dərs…

Amma görünən odur ki, “ermənilik” xəstəliyinə, virusuna yoluxmuş Ermənistan rəhbərliyi, çevriliş yolu ilə hakimiyyəti ələ keçirmiş və özündən əvvəlki hərbi canilərdən, cinayətkar dövlət başçılarından – Koçaryandan, Sarkisyandan heç nə ilə fərqlənməyən Paşinyan yenə də dərs, nəticə çıxarmaq istəmir və yanlışlıq dalınca yanlışlığa yol verir, fiasko dalınca fiaskoya uğrayır.

Belə ki, sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə Azərbaycan Prezidenti Ermənistana və Paşinyana əsl dərs verdi, həm Ermənistanın iç üzünü, məkrli simasını açıb dünyaya nümayiş etdirdi, həm də Paşinyanın son dərəcə təsadüfi adam olduğunu, reallıq hissini itirdiyini hər kəsə göstərdi.

Bütün dünya bir daha gördü və müqayisə etmək imkanı oldu ki, İlham Əliyevin səviyyəsi ilə Paşinyanın səviyyəsi arasında fərq yerlə-göy qədərdir. İlham Əliyev əsl Lider, əsl dövlət və siyasət xadimi, Paşinyan isə avantürist, dayaz, reallıq hissini itirmiş təsadüfi bir dövlət rəhbəridir. Azərbaycan Prezidenti dedi:

“Biz təmkin, konstruktivlik və sağlam düşüncə nümayiş etdirdik, lakin onların niyyətləri baş tutmayanda bu cür cəhd göstərdilər. Üstəlik, daha bir səbəb Ermənistanda mövcud olan daxili siyasi böhrandır. Axı, bu gün Ermənistanda Soros rejimi mövcuddur. Belarusda baş tutmayan çevriliş iki il bundan əvvəl Yerevanda baş tutdu. Bu gün Paşinyanın şəxsində Ermənistanın rəhbəri Sorosun əlaltısıdır. Bu adam çoxlu vədlər verib və bu vədləri yerinə yetirə bilmir, əslində, ölkə böhran içindədir. Beləliklə, ona bir xarici amil, necə deyərlər, qarışıqlıq lazım idi ki, əhalinin diqqətini yayındırsın, o da bunu edə bildi. Onlar növbəti dəfə bizə hücum etməzdən düz iki gün əvvəl Ermənistanın əsas müxalifət partiyasının lideri həbs edildi. Yəni, Paşinyanın diktator, despotik rejimi öz ölkəsindəki bütün müxalifəti məhv edirdi və indi Azərbaycan xalqına qarşı yenidən təcavüz nümayiş etdirir…”.


Bunun cavabında isə Paşinyan son dərəcədə pərt, şaşırmış və isterik halda, nəsə deməyə, özünü haqlı çıxarmağa cəhd etdi. Amma alınmadı, daha da biabırçı bir duruma düşdü, növbəti dəfə mənəvi-siyasi fiasko yaşadı. Çox güman ki, bu, onun üçün həm də sonun başlanğıcı oldu və olacaq. Onun siyasi hakimiyyət ömrü bundan sonra çox çəkə və davam edə bilməz.

Üstəlik də Azərbaycan Ordusu Ermənistan işğalçı qoşunları üzərində tam və qəti Qələbə əldə etdikdən sonra ümumiyyətlə, nəinki Paşinyanın, Ermənistanın bir dövlət olaraq varlığı sual altında olacaq.

Elə bu yerdə mütləq şəkildə onu da qeyd etmək lazımdır ki, Azərbaycan Prezidentinin son dərəcədə arqumentli, sərrast, hazırlıqlı cavabları həm Rusiya ictimaiyyətində, həm də dünya ictimaiyyətində bizə qarşı olan mövqeləri, fikirləri xeyli dərəcədə, müsbətə doğru dəyişdi.

Bunu elə xüsusilə, Rusiya mediasında, telekanallarında, internet resurslarında, sosial şəbəklərdə gedən müzakirələrdən, dövlət başçımıza ifadə edilən müsbət, obyektiv yanaşmalardan da görmək, izləmək olar.

Bu, həm də siyasət, diplomatiya, informasiya savaşında uğurumuz, üstünlüyümüz deməkdir. Bununla bir daha Ermənistana, Paşinyana mənəvi, siyasi, diplomatik zərbə endirilmiş oldu.

(Ardı var)

Ziyad SƏMƏDZADƏ,

Millət vəkili, akademik

Etikxeber.az

Read Previous

“Çarəsiz Ermənistanın enerji infrastrukturuna hücum cəhdləri boşa çıxıb”-PREZİDENTİN KÖMƏKÇİSİ – FOTOLAR

Read Next

“Bütün cəbhə boyu döyüşlər davam edib… Artilleriya zərbəsi ilə düşmənin müdafiə sahəsində 1 ədəd tankı və 3 topu sıradan çıxarılıb…”-MÜDAFİƏ NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir