Müzəffər, Qalib Azərbaycan Ordusu bir daha özünün nələrə qadir olduğunu göstərdi, növbəti Qələbə, Zəfər Dastanı yazdı, başını və başımızı Uca etdi!-JALƏ ƏLİYEVA YAZDI

Yenə çox həssas, çox məsuliyyətli dönəmdən keçirik.

Yenə qonşuluq adına ləkə olan Ermənistanın, xalq, insanlıq adına layiq olmayan ermənilərin, məkrli qonşularımızın növbəti qanlı əməlləri, fintəkarlıq və təxribatları ilə üz-üzəyik.

Yenə ikiüzlü dünyanın çoxüzlü oyunları və oyunbazlıqları ilə qarşı-qarşıyayıq.

Yenə bir millət, bir toplum, bir dövlət olaraq böyük sınaqdan, imtihandan adlayırıq.

Yenə Şəhidlərimiz, yenə yaralılarımız var.

Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr və dözüm, yaralılarımıza isə tezliklə sağlamlıqlarına qovuşmalarını diləyirik.

Şəhidlərimiz baş tacımız, müqəddəs and yerimizdirlər!

Fəxr, Qürur mənbəyimizdirlər!

Qanları yerdə, qisas qiyamətə qalmadı və heç zaman qalmayacaq!

Hər axıdılan qanın mislilə hesabı soruldu, əvəzi çıxıldı, cavabı verildi.

Qəvi, murdar, namərd düşmən yenə layiqli və Haqq etdiyi cavabını aldı.

Ermənistanın Azərbaycanla sərhəddə – Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy və Zəngilanda, sentyabrın 12-dən 13-nə keçən gecə törətdiyi qanlı fintəkarlıq və təxribat əməllərinə anındaca, yerindəcə cavab verildi.

Müzəffər, Rəşadətli Azərbaycan Ordusu, İgid Azərbaycan Əsgəri yenə öz sözünü dedi.

Cünnüt əməliyyatında olduğu kimi, Aprel döyüşlərində olduğu kimi, 44 günlük İkinci Vətən Müharibəsində, Dastana dönən Qələbə və Zəfər savaşında olduğu kimi.

Azərbaycan dövlətindən və Azərbaycan xalqından güc, ilham alan, Müzəffər Ali Baş Komandanın rəhbəri olduğu Azərbaycan Ordusu, Azərbaycan Əsgəri bir daha namərd, naxələf düşmənə və onun arxasından oyun çevirənlərə öz sərt üzünü göstərdi, bir daha özünün nələrə qadir olduğunu həm onlara, həm də ikiüzlü dünyaya nümayiş etdirdi.

Yenə “Dəmir Yumruğu”nu düşmənin və cəmi düşmənlərin başına endirdi.

Özü də elə bir zərb ilə ki, düşmən bundan sonra cətin özünə gələ, çətin özünü toparlaya bilə.

Düşmən əzildi, məhv və darmadağın edildi!

Bunu həm Müdafiə Nazirliyimizin açıqladığı, həm də digər etibarlı mənbələrin yaydığı məlumatlardan da görmək mümkündür və görürük.

Düşmən həm canlı qüvvə sarıdan, həm də silah-sursat, hərbi texnika sarıdan böyük itkiyə məruz qaldı, məruz qoyuldu.

Onlar bunu bilməli idilər. Bilməli idilər ki, növbəti namərdlik və naxələflikləri, alçaqlıqları da çox sərt və amansız şəkildə cavablandırlacaq.

Və elə də oldu, öz sərt, amansız, layiqli cavablarını aldılar, cəzalandırıldılar və yerlərində oturduldular.

Çünki Azərbaycan Ordusu, Azərbaycan dövləti, Azərbaycan xalqı ilə zarafat etmək, çiling-ağac oynamaq olmaz.

Biz bunu dəfələrlə sübut etdik və son sentyabr hadisələri də bir daha bunun təsdiqi oldu.

Düşmənə heç zaman aman olmayacaq.

Bu, birmənalı və qətidir!

Bəli, çox təəssüflər və əfsuslar olsun ki, belə bir məqamda öz içimizdən yanlış yolda yürüyənlər, yanlış sularda üzənlər, düşmənlə az qala sinxron fəaliyyət sərgiləyənlər də oldu.

Onları bəlkə də haradasa başqa məqamlarda anlamaq olardı (əslində mümkün deyil), amma Vətən, torpaq, Azərbaycan məsələsindəki yanlış, zərərli, zəhərli və təhlükəli davranışlarına görə heç cür anlamaq və onlara heç cür bəraət vermək, haqq qazandırmaq mümkün deyil.

Düşmən düşməndir, bəs onlar, bəs onlara adı, soyadı, millliyəti bizdən olan-azərbaycanlı adı daşıyanlara nə gəlib?!

Xalqın və ölkənin belə həssas, həyəcanlı məqamında fikirləri çaşdırmaq, hisslərlə oynamaq, beyinlərdə və ürəklərdə şübhə toxumları əkməyə çalışmaq Vətənə və Xalqa ən böyük xəyanətdir.

Ona görə nə qədər gec deyil, öz əməllərindən, yanlışlıqlarından, antiAzərbaycan, antidövlət fəaliyyətlərindən əl çəkisinlər.

Çünki Azərbaycanın mükəmməl, ədalətli qanunları var və bir gün hər kəs əməllərinə görə həmin qanunlarla sorğulancaq, gərəkən, Haqq etdiyi layiqli cavabını alacaq.

Bunu da bilsinlər və qulaqlarına sırğa etsinlər!

Bizdən də demək, söyləmək!

Bəli, Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə, dövlət başçımız cənab İlham Əliyevin də elə bugünlərdə bəyan etdiyi kimi, Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib.

İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq.

“Lakin təəssüf ki, bu il sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətmişdir. Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə almışdır. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir”-deyərək, Ali Baş Komandan onu da bir daha bəyan və xəbardarlıq etdi ki, buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Bəli, bütün məsuliyyət onların üzərindədir və nə qıvransalar da, nə qədər yayınmağa çalışsalar da, nə qədər sağa-sola vurnuxsalar da, məsuliyyətlərindən boyun qaçıra bilməyəcəklər.

Ən azı biz buna imkan verməyəcəyik.

Qələbə də, Zəfər də bizim idi, bizim oldu, bizimdir və daim bizim olacaq!

Qarabağ Azərbaycandır və Qarabağ Azərbaycanındır!

Jalə ƏLİYEVA,

Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor

Etikxeber.az

Read Previous

İşğalçı Rusiyaya məxsus 2 PUA vuruldu, 1 gəmi sıradan çıxarıldı-UKRAYNA ORDUSU TƏRƏFİNDƏN

Read Next

Goranboyun daha bir sentyabr Şəhidi- AİLƏNİN 3 OĞLAN ÖVLADINDAN BİRİ, QOHUMU İLƏ NİŞANLI OLAN GİZİR YUSİF QURBANOV ƏBƏDİYYƏTƏ UĞURLANDI… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir