“Övladıma toy edəcəkdim…”-Nəşi 8 ay 10 gündən sonra dəfn olunan, ailənin 3 övladından biri, nişanlı-ŞƏHİD ƏKBƏR MƏSİMOVUN ANASI – FOTOLAR – YENİLƏNİB – (5)

Bu gün Ağdaş rayonunun İkinci Vətən Müharibəsinin Şəhidlərindən olan Əkbər Yunus oğlu Məsimovun Anım günüdür.

Bu gün Əkbər Məsimovun torpağa tapşırılmasından, Əbədiyyətə uğurlanmasından 1il keçir.

Düz bir il öncə-bu gün, 7 iyun 2021-ci il tarixində Əkbər Məsimovun nəşi doğulub boya-başa çatdığı Qaradeyin kənd qəbiristanlığında dəfn olunub.

Etikxeber.az xəbər verir ki, Əkbər Məsimov 1994-cü ilin oktyabr ayının 5-də Ağdaş rayonunun Qaradeyin kəndində sadə bir ailədə anadan olub.

Ailədə üç uşaq-bir bacı, iki qardaş olublar.

O, 2001-ci ildə Vidadi Əzizov adına tam orta məktəbin birinci sinfinə gedib və 2012-ci ildə həmin məktəbi bitirib.

Orta məktəbi bitirdikdən bir müddət sonra, 2014-ci ildə hərbi xidmətə, Vətənin keşiyinə yollanıb.

Naxçıvan Muxtar Respublikasında N saylı hərbi hissədə qulluq edib.

2016-cı ildə Əsgərliyini başa vurduqdan sonra evinə, ailəsinə dönüb və yenidən həyatını, taleyini Ordu, hərb ilə bağlayıb.

2017-ci ildən Orduda MAXE kimi fəaliyyət göstərməyə başlayıb.

MAXE kimi də dəfələrlə fəxri fərmanlar, tərifnamələrlə mükafatlandırılıb.

2020-ci ilin İyul-Tovuz döyüşlərinin iştirakçılarından olub.

İkinci Vətən Müharibəsinin ilk saniyələrindən də döyüşlərdə olub.

Müharibənin elə günündə, 27 sentyabr tarixində də Kəlbəcər istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Ancaq ailəsi uzun müddət ondan xəbər ala bilməyib, Şəhidliyi xəbəri çox sonralar ailəsinə deyilib.

Nəşi düz 8 ay 7 gündən sonra, 2021-ci ilin iyun ayının 4-də tapılıb və bu haqda həmin gün ailəsinə xəbər verilib.

İyunun 7-də isə nəşi Qaradeyin kənd qəbiristanlığında torpağa tapşırılıb.

Ölümündən sonra İgidliyinə, Qəhrəmanlığına görə, Ali Baş Komandan tərəfindən 3 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü”  “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Əkbər həm də nişanlı olub.

08:00

***

Anım günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunub.

Ziyarət zamanı məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, məktəblilər tərəfindən şeirlər səsləndirilib.

Ziyarətdə Şəhidin ailə üzvləri-anası, qardaşı, bacısı, qohumları, kənd sakinləri, Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, Ağdaş rayon İcra Hakimiyyətinin məsul şəxsləri və digərləri iştirak ediblər.

Ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı evdə anım mərasimi düzənlənib, adına ehsan süfrəsi açılıb.

Bir daha Şəhidin və cəmi Şəhidlərin ruhuna dualar oxunub.

Mərasimdə çıxışlar olunub, Şəhidin keçdiyi qısa, lakin şərəfli həyat və döyüş yolundan bəhs edilib, bir daha Şəhidin ailəsinə başsağlığı verilib, bir daha onlara Allahdan səbr və dözüm arzulanıb.

Şəhidin anası Arifə xanım isə öz növbəsində ziyarət və mərasim iştirakçılarına öz minnətdarlığını bildirib.

“Mən övladıma, Əkbərimə toy etməyə hazırlaşırdım…Nişanlanmışdı…Amma Şəhidliyi ilə bütün arzuları yarımçıq qaldı, bütün arzularımızı gözümüzdə qoydu…Mən övladımla, Şəhidimlə, Əkbərimlə Fəxr edirəm…Fəxr edirəm ki, belə bir gözəl, yaraşıqlı, İgid, Qəhrəman oğulun anasıyam”-deyə, Şəhid anası sözlərinə əlavə edib.

Mərasimdə Ağdaşdan, Goranboydan, Bərdədən, Şəmkirdən, Yevlaxdan və digər bölgələrdən olan Şəhid ailələri, o cümlədən Qazilər, hərbçilər, din xadimləri, kənd sakinləri, Ağdaş rayon İcra Hakimiyyətinin məsul şəxsləri, millət vəkili Cavid Osmanov və başqa şəxslər iştirak ediblər.

Məkanı cənnətlik, məqamı Uca olsun!

Nur içində yatsın!

11:28

***

FOTOLAR:

MƏZARINI ZİYARƏT…ANA, ANALAR YANAR AĞLAR…

11:34

***

ANIM MƏRASİMİ…

11:43

***

12:50

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 10 yeni-YOLUXMA…

Read Next

Cəmi bir neçə ayın içində hər iki oğul övladını itirən Behbudovlar ailəsi: DƏRDLİ, KƏDƏRLİ AİLƏNİN SONBEŞİYİ-6 MEDAL VƏ 1 ORDENLİ ŞƏHİD NOFƏL BEHBUDOVUN BU GÜN 21 YAŞI TAMAM OLDU, MƏZARI ZİYARƏT EDİLDİ, MƏRASİM DÜZƏNLƏNDİ – YENİLƏNİB – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir