“Ölkəmizin inkişafını elə hər gün, hər həftə, hər ay yaşanan, baş verən, gerçəkləşdirilən açılışlardan görmək mümkündür… Hər şey göz qabağındadır…”-ELDAR İBRAHİMOV ÖLKƏ PREZİDENTİNİN İŞTİRAKI İLƏ KEÇİRİLƏN NÖVBƏTİ AÇILIŞDAN, SUMQAYITDAN YAZDI – (ÖZƏL)

Dünyada, eləcə də, ölkəmizdə yaşanan pandemiyaya, dəhşətli koronavirus bəlasına baxmayaraq, müstəqil dövlətimiz yenə də öz inkişaf yolu ilə addımlamaqda davam etməkdədir.

Pandemiyanın ölkə iqtisadiyyatına vurduğu müəyyən zərbələrə, onun yaratdığı bəzi çətinliklərə rəğmən, ölkəmiz, dövlətimiz yenə-növbəti dəfə iradə, qətiyyət ortaya qoymaqda, nümayiş etdirməkdə, inkişaf və tərəqqi xətti ilə irəliyə doğru addımlamaqdadır.

Bunu elə hər gün, hər həftə, hər ay yaşanan, baş verən, gerçəkləşdirilən açılışlardan da görmək mümkündür. Hər şey göz qabağındadır.

Yeni sənaye müəssisələrinin, fabrik və zavodların, aqro, sənaye parklarının, digər önəmli və vacib obyektlərin açılması, həyata vəsiqə alması ölkəmizin əzminin, iradəsinin, iqtisadi inkişafının, gücünün göstəricisidir.

Bunlar hamısı yeni iş yerlərinin açılması, əlavə gəlir, qazanc mənbələri deməkdir. Bunlar ən əsası insanlarımızın, ölkə vətəndaşlarının sosial-iqtisadi vəziyyətlərinin, güzəranlarının, sosial-rihah hallarının yaxşılaşdırılması istiqamətində atılan addımlardır, Azərbaycan hökumətinin, Azərbaycan dövlətinin hər bir situasiyada öz vətəndaşlarının yanında olmasıdır.

Bu işlərin, bu titanik addımların müəllifi isə Ulu Öndərin layiqli davamsçı, son 17 ildə onun yolunu, siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevdir. Məhz onun müdrik, son dərəcədə uzaqgörən siyasəti, yenilməz iradəsi, qətiyyəti sayəsində bunlara, bu inkişafa nail olunmuşdur.

Bugünlərdə bu istiqamətdə, inkişafımıza, tərəqqimizə töhfə verəcək daha bir mühüm addım atılmşıdır. Ölkənin üçüncü böyük şəhəri və sənaye mərkəzi olan Sumqayıtda ölkə Prezidentinin iştirakı ilə “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışı olmuşdur.

Bu Mərkəz nəinki Sumqayıtın, bütövlükdə ölkəmizin inkişafına, tərəqqisinə töhfə verəcək bir təhsil ocağıdır. Belə ki, Peşə Təhsil Mərkəzinin binası 500 tələbənin təhsil alması üçün nəzərdə tutulmuşdur. Mərkəzin təhsil proqramı beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmışdır. Tədris prosesinə Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin mütəxəssisləri cəlb olunmuşdur. Tələbələrin ixtisas fənləri üzrə dərslərinin 80 faizi Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində keçirilməsi nəzərdə tutulmuşdur.

Bu yerdə qeyd etmək lazımdır ki, sənayeləşmə siyasəti bütövlükdə Prezident İlham Əliyevin iqtisadi siyasətinin mühüm tərkib hissəsidir. Əsas məqsəd tələbatın ödənilməsində yerli məhsulların payının artırılması, ixrac potensialının yüksəldilməsi, ümumilikdə neft-qaz amilindən asılılığın daha da azaldılmasıdır. Bu strategiyanın uğurlarını Sumqayıt Kimya Sənaye Parkının timsalında real rəqəmləri əks etdirən statistikada görmək olar. Belə ki, 2019-cu ilin birinci yarım ili ərzində burada 258 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2020-ci ilin müvafiq dövründə 2 dəfə çox – 534 milyon manatlıq məhsul buraxılmışdır. İxrac isə 2019-cu ilin ilk 6 ayındakı rəqəmlə (121 milyon manat) müqayisədə 1,5 dəfə artaraq 2020-ci ilin birinci yarısında 182 milyon manat təşkil etmişdir.

Həmçinin, xatırlatmaq yerinə düşər ki, hazırda Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika mövcuddur. Ümumilikdə 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında 823 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bunun da 276 milyon manatı – təqribən 33 faizi ixrac olunmuşdur. 2020-ci ilin ilk 6 ayı ərzində 534 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda (5,7 milyard manat) xüsusi çəkisi 9,3 faiz, 182 milyon manatlıq ixracla ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracında (910 milyon manat) xüsusi çəkisi 20 faiz təşkil etmişdir. Hazırda parkda fəaliyyət göstərən müəssisələrdə 5500-dən çox insan daimi işlə təmin olunmuşdur ki, bunlar hamısı əsl inkişaf, tərəqqi göstəriciləridir.

Açılış mərasimi zamanı həm Təhsil Mərkəzinin, həm də bütövlükdə Sumqayıtın önəminə diqqət çəkən ölkə Prezidenti bunları demişdir:

“Mən demişəm ki, Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Sumqayıtın potensialı daha da güclənir. Bu il burada şüşə istehsalı zavodu da fəaliyyətə başlayacaq. Oraya da böyük investisiyalar qoyulub və bizi şüşə ilə təmin edəcəkdir. Baxmayaraq ki, indi tikinti sektoru pandemiyaya görə bir qədər tənəzzülə uğrayıb, amma o, bərpa edilir və ediləcək. Biz özümüzü yerli şüşələrlə təmin edəcəyik. Bu da böyük nailiyyətdir. Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik. Burada Sumqayıt şəhərinin və xüsusilə Kimya Sənaye Parkının mühüm rolu var…”.

Bəli, bu gün neft sektorunun bir qədər arxa plana keçdiyi, qeyri-neft sektorunun daha ön planda olduğu bir dönəmdə, mərhələdə yaşayırıq. Qeyri-neft sektorunun önəmi daha çox aktuallığı ilə özünü büruzə verməkdə, nümayiş etdirməkdədir. Odur ki, ölkəmizdə də yeni və daha inkişaf etmiş sənaye mərkəzlərinin yaradılması, sənaye parklarının gerçəkləşdirilməsi lazımdır.

Çünki dövlət başçımızın açılışda qeyd etdiyi kimi, neft yataqlarımız nə vaxtsa tükənəcək, əsas gəlir mənbəyimiz olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarında da tənəzzül qaçılmazdır. Odur ki, bu boşluğu məhz qeyri-neft sektoru hesabına doldurmalı, təmin etməliyik. Həmçinin, tədiyə balansını müsbət səviyyədə saxlamaq üçün bizə çox keyfiyyətli ixracyönümlü məhsul istehsal edən, valyuta gətirən müəssisələr yaratmalıyıq. Çünki bu gün tədiyə balansımızın müsbət səviyyədə saxlanmasının əsas səbəbi neft-qaz amilidir.

Amma dövlət başçımızın da vurğuladığı kimi, çalışmalıyıq ki, bu amili kənara qoymaqla ixrac-idxal əməliyyatlarında həmişə müsbət saldoya malik olaq. Ona görə ixracyönümlü və idxalı əvəzləyə biləcək istehsalat sahələri yaratmalıyıq, yaradılmalıdır. Bu baxımdan, biz bu gün Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük. Xüsusilə yada salmalıyıq ki, bu ərazidə nələr olub, bu ərazi hansı vəziyyətdə idi.

Çürümüş, dağılmış, fəaliyyətini başa vuran müəssisələr, həm ekoloji fəlakət zonası, həm də ki, istifadəsiz qalan torpaqlar idi. İndi isə burada yüzlərlə hektar sahədə sənaye parkı qurulubdur. Beləliklə, Sumqayıt Kimya Sənaye Parkının ümumi inkişaf tendensiyası yeniliklərə münasibətilə fərqlənir. Elə nəzdində açılışı olan Peşə Təhsil Mərkəzini də bu xüsusda fərqləndirmək olar.

Çünki ilk dəfədir ki, ölkədəki sənaye parkı ərazisində peşə təhsili müəssisəsi yaradılır, bununla da bir neçə strateji hədəfə nail olunur: tələbələrə müasir infrastruktura malik mərkəzdə dövrün tələbinə uyğun bacarıqlar və peşə vərdişləri aşılanacaq. Təlim-tədris prosesində iştirak edəcək mütəxəssislər elə parkın rezidentlərinin yüksəkixtisaslı işçilərindən olacaq.

Öz növbəsində tələbələr də Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində təcrübə keçməklə, iş yeri əldə etmək imkanı qazanacaqlar.

Bunlar isə bütövlükdə, nəticə etibarı ilə ölkəmizin güclənməsi, qüdrətlənməsi, zəfərlərdən-zəfərlərə doğru getməsi deməkdir!

10:30, 18 sentyabr

Eldar İBRAHİMOV,

Milli Məclisin (MM) İntizam komissiyasının sədri, professor

Etikxeber.az

Read Previous

Neft işçiləri təltif olundular-SƏRƏNCAM

Read Next

“Ermənistanın baş naziri bizə 7 şərt qoyur…Sən kimsən ki, bizimlə şərt dilində danışırsan. Əgər biz onunla şərt dili ilə danışmaq istəsək, onun siyasi ömrü çox çəkməyəcək…”-ƏLİYEVDƏN PAŞİNYANA XƏBƏRDARLIQ – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir