“Ölkə Prezidenti Türkiyəyə növbəti dəstəyini ifadə etməklə, yenidən tarix yazdı, qardaşlığımızın sözdə deyil, əməldə olduğunu bir daha dünyaya nümayiş etdirdi”-ELDAR İBRAHİMOV

Eldar İBRAHİMOV: “Azərbaycanla Türkiyə iki qardaş dövlət kimi daim bir olub, bu gün də birdir, bundan sonra da bir olacaq. Heç kim, heç bir qüvvə onların arasına girə, bu birgəliyi, bu sarsılmazlığı, bu vəhdəti poza, sarsıda bilməyəcək”

Etikxeber.az-ın müsahibi Milli Məclisin (MM) İntizam komissiyasının rəhbəri, professor Eldar İbrahimovdur:

-Eldar müəllim, bugünlərdə ölkə Prezidenti İlham Əliyev Yunanıstanın ölkəmizdəki yeni səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul etdi. Qəbul zamanı bir çox məsələlərə toxunan ölkə Prezidenti xüsusən Türkiyə ilə bağlı məsələdə Yunanıstanın ünvanına sərt ittihamlar səsləndirdi, hər zaman Türkiyənin yanında olacağımızı bəyan etdi. Siz bir millət vəkili olaraq, yaxşı mənada böyük rezonansa səbəb olmuş bu qəbul və səsləndirilən fikirlər barədə nə deyərdiniz?

-Əvvəla, qeyd edim ki, Ulu Öndərimizin dediyi kimi, Azərbaycanla Türkiyə “Bir millət-İki dövlət”dir.

Dünyada ikinci bir xalq və dövlət tapılmaz ki, bu qədər biri-birinə bağlı və yaxın olsun. Bunun analoqu yoxdur və bu, təsadüfi deyil. Biz eyni kökdən gəlmişik, qanımız, canımız, ruhumuz, dilimiz, dinimiz birdir, ortaq tarixə və ortaq dəyərlərə malikik. Tarixin bütün dönəmlərində hər zaman bir olmuşuq, birgə olmuşuq. Hətta, bir əsrdən artıq tərkibində olduğumuz Çar Rusiyası, 71 il yaşadığımız Sovetlər İttifaqı belə bizləri bir-birindən ayıra, qopara bilməyib. Bu yöndəki bütün cəhdlər uğursuzluğa düçar olub.

Ancaq 1991-ci ildə Azərbaycanın tarixdə, 20-ci əsrdə ikinci dəfə müstəqillik əldə etməsi, xüsusilə, Ulu Öndərin ikinci dəfə hakmiyyətə gəlişi ilə Azərbaycan-Türkiyə münasibətləri yeni nəfəs əldə edib, daha da sıxlaşıb, daha da möhkəmlənib, daha da güclənib. Eyni zamanda, Ümummilli Liderin kursunun, siyasətinin layiqli davamçısı cənab İlham Əliyevin 17 illik hakimiyyəti dönəmində Azərbaycan-Türkiyə münasibətləri özünün ən üst səyiyyəsinə qalxıb, qaldırılıb.

Məhz iki qardaş və dost ölkənin birgəliyi, birgə əməkdaşlığı nəticəsində dünyanın enerji təhlükəsizliyinin təminatında böyük və xüsusi rola malik olan Bakı-Tblisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, “ikinci qan damarı” adlandırılan TANAP layihələri, o cümlədən, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, “STAR” zavodu və digər möhtəşəm layihələr reallaşdırılıb. Bunlar hamısı liderlərimizin də dediyi kimi, qardaşlığımızın, dostluğumuzun birgə töhfələridir.

Eyni zamanda, son 36-37 ildə Türkiyəni təhdid edən terrorla mücadiləsində ölkəmiz daim qardaş dövlətin yanında olub, birmənalı dəstəyini verib, eyni zamanda, qardaş Türkiyə 32 ildən artıq davam edən Qarabağ, torpaq, ərazi bütövlüyü məsələsində Azərbaycanın yanında yer alıb, heç zaman onu tək qoymayıb, tək buraxmayıb. Son iyul-Tovuz hadisələri bir daha bunun sübutu oldu. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan səviyyəsində Azərbaycana açıq və birmənalı dəstək nümayiş etdirildi.

Yeri gəlmişkən, yadınızdadırsa, Çexiyanın paytaxtı Praqa şəhərində “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammitdə Ermənistanın sabiq prezidenti Serj Sarkisyan öz çıxışını bütünlükdə qondarma “erməni soyqırımı” ilə bağlı mülahizələrə həsr etmişdi. Türkiyənin sammitdə təmsil olunmamasından sui-istifadə edən Ermənistan prezidenti bununla da sammitin plenar iclasının mövzusundan tamamilə kənara çıxaraq qondarma “soyqırımı” məsələsini qabartmış və Türkiyəni əsas tənqid hədəfi kimi seçmişdi. Həmin sammitdə Prezident İlham Əliyev qətiyyətli şəkildə “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam” demiş və bununla cinayətkar Sarkisyanın timsalında işğalçı Ermənistana və antiTürkiyə, antiAzərbaycan dairələrinə yerini, həddini göstərmişdi.

Bu dəfə də Azərbaycan Prezidenti bir daha öz qətiyyətli, cəsarətli mövqeyini bütün dünyaya nümayiş etdirdi, Türkiyənin düşmənlərinə öz yerini göstərdi.

Ölkə Prezidenti Şərqi Aralıq dənizində Yunanıstanla Türkiyə arasında yaranan və hələ də davam edən gərginliyə toxunaraq, Türkiyəyə əsl dost, qardaş sevgisini, ehtiramını nümayiş etdirdi, Azərbaycanın daim Türkiyənin yanında olacağını açıq şəkildə ifadə etdi. Cənab Prezidenti dedi:

“Toxunmaq istədiyim sonuncu məsələ Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdir. Sizə deyə bilərəm və bu sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”.

Bəıi, çox qürürverici, çox alqışa və çox təqdirə layiq olan bir mövqe, yanaşma, mesaj idi. Bunu ancaq İlham Əliyev kimi iradəli, qətiyyətli, cəsarətli bir Lider deyə bilərdi. Bu mövqe bir daha onu göstərdi ki, Azərbaycan-Türkiyə münasibətləri, qardaşlığı, dostluğu sözdə deyil, həm də əməldədir. Bu iki dövlət daim bir olub, bu gün də birdir, bundan sonra da bir olacaq. Heç kim, heç bir qüvvə onların arasına girə, bu birgəliyi, bu sarsılmazlığı, bu vəhdəti poza, sarsıda bilməyəcək.

Onu da xatırladım ki, Azərbaycanla Türkiyə hər zaman bütün beynəlxalq tədbirlərdə, bütün beynəlxalq qurumlarda, bütün platformalarda bir-birinə təmənnasız, səmimi dəstək olub, bir-birini müdafiə edib. Mən özüm uzun illər Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətində təmsil olunmuşam. ATƏT PA-nın bütün tədbirlərində biz türkiyəli həmkarlarımızla, qardaşlarımızla daim sıx təmasda, əlaqədə olmuşuq, bir-birimizə dəstək vermişik.

Eyni zamanda, ATƏT PA xətti ilə qardaş ölkədə keçirilən bir neçə seçkidə-parlament və prezident seçkilərində iştirak etmişəm, yüksək səviyyədə baş tutan seçkiləri izləmişəm. Hətta, bir dəfə seçkilər zamanı cənab Rəcəb Tayyib Ərdoğan İstanbulda məktəbdə yerləşən səsvermə məntəqəsinə səs verməyə gəlmişdi. Biz orada qarşılaşdıq, səmimi şəkildə xeyli söhbətləşdik, bir daha Azərbaycanla Türkiyənin timsalında bir-birimizə hörmətimizi, ehtiramımızı, sevgimizi ifadə etdik. Onu da dedim ki, seçkilər çox yüksək səviyyədə keçir və ATƏT PA Müşahidə Missiyası seçkilərin gedişatından çox razıdır, heç bir problem yoxdur.

Yəni, bunları xatırlamaqda məqsədim odur ki, dostluğumuz, qardaşlığımız quru sözlərdən ibarət olmayıb, daim özünü əməldə, fəaliyyətdə göstərib. Odur ki, cənab Prezidentə son fikirlərinə görə, bir daha minnətdarlığımı ifadə edirəm, eyni zamanda, Azərbaycan-Türkiyə münasibətlərinin bundan sonra da uğurla davam edəcəyinə, birlikdə yeni qələbələrə və zəfərlərə nail olunacağına qəti əminliyimi bildirirəm!

Etikxeber.az

Read Previous

“Özü istefa vermir, belə davam edərsə yəqin ki, Ramiz Mehdiyevi də göndərərlər qarğıdalı əkməyə”-AQİL ABBASDAN SƏRT YAZI

Read Next

Partiya sədri Təhsil Nazirliyinin sabiq idarə rəisinə qarşı 100 minlik dələduzluqda-İTTİHAM OLUNUR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir