“Peşə birlikləri haqqında” yeni qanun olacaq…

Milli Məclisin (MM) İnsan hüquqları ilə Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Peşə birlikləri haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsi keçirildi.

Etikxeber.az-ın xəbərinə görə, iclasda bir sıra dövlət qurumlarının nümayəndələri, Qeyri-Hökumət Təşkilatlarının təmsilçiləri iştirak edirdi.

MM sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova iclası açaraq bildirdi ki, parlamentdə mütəmadi olaraq   aktual mövzularda ictimaiyyət nümayəndələrin iştirakı ilə geniş müzakirələr aparılır:

baharrrrr-222222222222222222

“Bu müzakirələr zamanı həyatın müxtəlif sahələrində mövcud olan  problemlər, onların həlli yolları araşdırılır, bu məsələlərin qanunvericilikdə əks olunması  istiqamətində təkliflər irəli sürülür”.

Vitse-spiker qeyd etdi ki, zamanın reallıqları nəzərə alınaraq MM-də artıq bir neçə zəruri sənədlər, o cümlədən “İctimai iştirakçılıq haqqında”, “Könüllü fəaliyyət haqqında” və digər qanunlar hazırlanıb və qəbul olunub.

Diqqətə çatdırıldı ki, 2019-cu ilin yaz sessiyasının qanunvericilik işləri planına da bir sıra yeni qanun layihələri daxil edilib. Bunlardan biri deputat Azay Quliyevin müəllifi olduğu “Peşə birlikləri haqqında” qanun layihəsidir.

Deputat, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri  Azay Quliyev öz çıxışında Milli Məclisin Sədri Oqtay Əsədova ictimaiyyəti narahat edən məsələləri daim diqqətdə saxladığına görə və onların aradan qaldırılması ilə bağlı vətəndaş cəmiyyəti nümayəndələrinin təşəbbüslərini dəstəklədiyinə görə minnətdarlığını ifadə etdi. O, vitse-spiker Bahar Muradovanın bu işdə böyük fəallıq nümayiş etdirdiyini vurğuladı.

Sonra A. Quliyev “Peşə birlikləri haqqında” qanun layihəsinin mahiyyəti barədə məlumat verdi.

Bildirildi ki, qanun peşə birliklərinin statusunu, yaradılması və fəaliyyəti qaydasını müəyyən edir, müvafiq sahələr üzrə peşələrin inkişafını, peşə sahiblərinin qanuni maraqlarının qorunmasını təmin edir, peşə birliyi, onun üzvləri və üzvlərin mallarının  istehlakçıları arasında yaranan münasibətləri tənzimləyir. Sənəddə deyilir ki, peşə birliklərində sahibkarlıq və ya peşə fəaliyyəti subyektlərinin üzvlüyü könüllüdür. Müxtəlif növ sahibkarlıq fəaliyyəti və ya peşə fəaliyyətini həyata keçirən subyekt bir neçə peşə birliyinin üzvü ola bilər. Peşə birliyinin yaradılmasının ümumi prinsipləri Mülki Məcəllə ilə müəyyən edilir. Birlik dövlət qeydiyyatına alındığı andan hüquqi şəxs statusunu əldə edir. Peşə birliyi tərəfindən onun dövlət reyestrindən çıxarılması haqqında ərizənin verilməsi, habelə qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında  birlik ləğv oluna bilər. Peşə birliyinin idarəetmə orqanları onun üzvlərinin ümumi yığıncağı və idarə heyəti hesab olunur. Birlik öz fəaliyyəti ilə bağlı məlumatların kütləvi informasiya vasitələrində dərc olunmasını təmin edir. Layihədə peşə birliklərinin funksiyaları, hüquq və vəzifələri, onların üzvlərinin və vəzifəli şəxslərinin məsuliyyəti, intizam tənbeh tədbirlərinin tətbiqi, əmlakın formalaşma mənbələri ilə bağlı məsələlər yer alıb.

İclasda iştirak edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirdi ki, Prezidentin iqtisadi islahatlar kursu hüquq sisteminin təkmilləşdirilməsi ilə birbaşa bağlıdır. Təqdim olunan layihədə sosial və iqtisadi fəaliyyəti şərtləndirən aktual məsələlər öz əksini tapıb. Strateji Yol Xəritəsində də bu məsələlərlə bağlı müddəalar mövcuddur. O, qeyd etdi ki,  ictimai münasibətlərdə fərqli yanaşma olmalıdır. Peşə fəaliyyəti və sahibkarlıqla  bağlı məsələlər fərqli tənzimlənməlidir.

Müzakirələr zamanı çıxış edən deputatlar Fazil Mustafa, Məlahət İbrahimqızı, Qüdrət Həsənquliyev, Tahir Mirkişili, Vahid Əhmədov, Fəzail Ağamalı, Çingiz Qənizadə, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvləri Sahib Məmmədov, Əliməmməd Nuriyev, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayev, Qeyri-Hökumət Təşkilatlarının təmsilçiləri Vüqar Bayramov, Tofiq Cahangirov, Yaşar Cəlilov, Nəriman Səfərli, Vergilər Nazirliyinin nümayəndəsi Anar Rzayev, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov və digərləri layihə barədə fikirlərini açıqladılar, qeyd və təkliflərini verdilər. Layihənin müəllifi Azay Quliyev səsləndirilən fikirlərə münasibət bildirdi, bəzi sual doğuran məqamlara aydınlıq gətirdi.

MM sədrinin müavini B. Muradova iclasa yekun vuraraq müzakirələrin səmərəli keçdiyini söylədi.

Bildirildi ki, qanunu daha da zənginləşdirmək üçün söylənilən faydalı fikirlər nəzərə alınacaq, sənədin təkmilləşdirilməsi istiqamətində lazımi iş aparılacaq.

K. HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Əsas odur ki, yaxşı oxuyun, bilikli, güclü, vətənpərvər olun – BİRİNCİ VİTSE-PREZİDENT – FOTO

Read Next

“Məqsədim ondan ibarətdir ki, problemləri bilim…” – MEHRİBAN ƏLİYEVA – FOTOLAR – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir