“Hər gün daş üstə bir daş qoyulur…Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bərpa edirik…”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (4)

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər.

Etikxeber.az xəbər verir ki, dövlət başçısı və birinci xanım Füzuli şəhərində Peşə Liseyinin təməlini qoyub, yeni yaradılacaq mərkəzi parkın ərazisində ağac əkib, rayon mərkəzi xəstəxanasının təməlqoyma mərasimində iştirak ediblər.

16:20

***

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində də səfərdə olublar.

Dövlət başçısına və birinci xanıma Şuşadakı inzibati binada aparılan son tamamlama və binanın ətrafında həyata keçirilən abadlıq işləri barədə məlumat verilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Şirin su hamamında, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın evində, Mehmandarovlar malikanə kompleksində aparılacaq bərpa işləri ilə tanış olublar.

Dövlətimizin başçısı və birinci xanım “Shusha Boutique Hotel”də və Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işləri ilə də tanış olublar.

Sonra Prezident İlham Əliyev Şuşa şəhərində “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib.

Daha sonra dövlət başçısı müraciət edib.

19:00

***

19:59

***

Prezident İlham Əliyevin müraciəti:

– Bu gün ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Bu gün Füzuli və Şuşa şəhərlərinə səfər etmişəm. Keçən il mayın 10-da Naxçıvanda idim. Bu il mayın 10-da isə Qarabağdayam, işğaldan azad edilmiş Qarabağda.

Heydər Əliyev Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərmişdir. Xalqımız üçün ən çətin anlarda xalqın yanında olmuşdur, Azərbaycan xalqını böyük bəlalardan, faciələrdən xilas etmişdir. Heydər Əliyev Azərbaycan dövlətçiliyinin, Azərbaycan dövlətinin banisidir, onun qurucusudur. O, öz həyatını xalqa həsr etmişdir və onun ən böyük arzusu Qarabağı yenidən azad görmək, ərazi bütövlüyümüzü bərpa etmək idi. O, öz fəaliyyəti ilə dövlət quruculuğu, ordu quruculuğu sahələrində gördüyü işlər nəticəsində dövlətin əsasları yaradıldı və ölkəmiz inkişaf yoluna qədəm qoydu.

Əfsuslar olsun ki, atam bu günü görə bilmədi. Onun kimi yüz minlərlə azərbaycanlı bu günü görmədən həyatdan getdilər. Biz – onların davamçıları onların işini tamamladıq, atamın vəsiyyəti yerinə yetirildi. Bu gün atamın, bu günü görmədən həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır. Biz onların ruhunu şad eləmişik.

2003-cü ildə Azərbaycan xalqı ilk dəfə mənə etimad göstərərək bir daha Ulu Öndərin siyasətinə sədaqətini nümayiş etdirdi. Mən isə öz növbəmdə demişdim ki, əgər xalq etimad göstərərsə, mən prezident kimi Heydər Əliyev yolu ilə gedəcəyəm, bu yoldan dönməyəcəyəm və ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyəm. Buna and içmişdim. Xoşbəxt adamam ki, bu anda sadiq oldum və bu gün Qarabağ azaddır. Bu gün Qarabağda və Zəngəzurda Azərbaycan bayrağı dalğalanır. Arxamdakı inzibati binanın damında Şuşanın alınmasından sonra Azərbaycan bayrağı qaldırılmışdır və binanın damından müzəffər Azərbaycan əsgərləri Şuşanın azad olunması ilə bağlı mənə raport vermişlər. Bu gün mayın 10-da mən yenidən Ulu Öndərin xatirəsinə Azərbaycan xalqının ehtiramını ifadə edərək Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da xalqımızın, dövlətimizin inkişafı, müstəqilliyimizin möhkəmləndirilməsi üçün əlimdən gələni əsirgəməyəcəm.

Bu gün Qarabağ dirçəlir. Bu gün Füzulidə və Şuşada bir neçə tədbirdə iştirak etmişəm. Bütün bölgələrdə quruculuq-bərpa işləri sürətlə gedir, azad edilmiş bütün ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq və bərpa işləri aparılır. Əslində, şəhərlər, kəndlər yenidən qurulur. Çünki işğal dövründə düşmən bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir, bütün tarixi abidələrimizi dağıtmışdır, Qarabağın, bölgənin, Qafqazın incisi olan Şuşa kimi şəhəri bərbad hala qoymuşdur. Biz – bu torpaqların sahibləri artıq qayıtmışıq və bu torpaq, bu səma bunu görür. Görür ki, hər gün inkişafla bağlı daha bir addım atılır. Hər gün daş üstə bir daş qoyulur. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bərpa edirik.

Bu gün mayın 10-da mən mütləq burada olmalı idim. Ulu Öndərin xatirəsinə öz ehtiramımı və Azərbaycan xalqının ehtiramını buradan ifadə etməli, bir daha deməli idim ki, biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

20:40

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Füzuli rayonuna səfər ediblər.

Dövlət başçısı və birinci xanım əvvəlcə Füzuli şəhərində inşa olunacaq Peşə Liseyinin təməlinin qoyulması mərasimində iştirak ediblər.

Təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya kompleks barədə məlumat verdi.

Bildirildi ki, Peşə Liseyinin ərazisi 3,2 hektar sahəni əhatə edəcək. Kompleksdə tədris, laboratoriya təcrübələri, idman binaları və meydançası yaradılacaq. Burada, həmçinin avtomobil təmiri emalatxanası, avadanlıq və texnika, təsərrüfat anbarları, təsərrüfat qurğusu, praktik təlimlər qurğusu da inşa ediləcək. Kompleksin elektrik enerjisi ilə fasiləsiz təminatı üçün transformator yarımstansiyası da quraşdırılacaq. Füzuli şəhər Peşə Liseyinin inşası zamanı yaşıllıq zolaqlarının yaradılması xüsusilə diqqətdə saxlanılıb. Belə ki, yaşıllıq sahəsi bu kompleksin ərazisinin 43,7 faizini təşkil edəcək. Burada yaradılacaq idman meydançasının sahəsi 540 kvadratmetr olacaq.

Dövlətimizin başçısı Füzuli şəhər Peşə Liseyinin təməlini qoydu.

Qeyd edək ki, XXI əsrin çağırışlarına və yeni trendlərinə müvafiq olaraq ölkəmizdə təhsil sahəsində islahatlar çərçivəsində peşə təhsili sisteminin müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Azərbaycanda peşə təhsilinin inkişaf etdirilməsi prioritet istiqamət kimi müəyyən olunub. Bu sahədə peşəkar tədris prosesinin qurulması, əmək bazarının, o cümlədən işəgötürənlərin tələbatlarına uyğun ixtisaslar üzrə kadr hazırlığının təmin olunması qarşıda duran əsas vəzifələrdən biridir. Son dövrlər paytaxt Bakı ilə yanaşı, bölgələrdə də yeni peşə təhsili müəssisələri qurulur. Füzuli şəhərində Peşə Liseyinin təməlinin qoyulması da bu istiqamətdə həyata keçirilən layihələrdən biridir. Lisey ildə 800-yə yaxın tələbə qəbul etməklə yanaşı, 1000-dək tələbə üçün qısamüddətli kurslar və ömürboyu təhsil proqramları təmin etmək imkanında olacaq.

Bu sahədə həyata keçirilən tədbirlər gənclərin müvafiq peşələrə yiyələnərək məşğulluğunun təmin olunmasına, eləcə də müəssisə və təşkilatların ixtisaslı kadrlarla təminatına əhəmiyyətli təsir göstərir.

Prezident İlham Əliyevin 2016-cı il aprelin 20-də imzaladığı Fərmanla Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması ölkəmizdə peşə təhsilinin səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması baxımından mühüm addım oldu.

İki il əvvəl Təhsil Nazirliyinin tabeliyində Peşə Təhsilinin İnkişafı Fondunun yaradılması, peşə təhsili sahəsində bir sıra normativ hüquqi aktların qəbul olunması, peşə təhsili müəssisələrinin birləşdirilməsi və müəyyən ixtisaslaşmış peşə təhsili mərkəzlərinin yaradılması yolu ilə müasir standartlara cavab verən pilot peşə təhsili müəssisələrinin qurulması da Yol Xəritəsində qarşıya qoyulan mühüm vəzifələrdəndir.

21:15

***

Etikxeber.az

Read Previous

“Qarabağ necə də gözəldir”-MEHRİBAN ƏLİYEVA PAYLAŞIM ETDİ – FOTOLAR

Read Next

Konqres Ukraynaya 40 milyardlıq yardım paketini-TƏSDİQLƏDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir