Qadınların danışıqlarda iştirakı daha möhkəm sülhə aparan yoldur – Pan Gi Mun

BMT-nin baş katibi Pan Gi Mun dövlətləri sülh danışıqlarında və sülhün dəstəklənməsi əməliyyatlarında qadınların iştirakının genişləndirilməsinə nail olmağa, habelə silahlı münaqişələrdə onların müdafiəsini möhkəmləndirməyə çağırıb.

Etikxeber.az BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, Pan Gi Mun təşkilatın bu yaxınlarda apardığı tədqiqata istinad edərək qadınların sülhyaratma proseslərində iştirakının daha möhkəm sülhə aparan yol olmasını vurğulayıb. Həmin tədqiqat göstərir ki, qadınların danışıqlarda iştirakı nəticəsində əldə edilən sülh sazişləri onların iştirakı olmadan hazırlanan sazişlərdən 35 faiz möhkəm olur.

BMT-nin baş katibi məlumat verib ki, təşkilata rəhbərlik etdiyi illərdə BMT-nin səhra əməliyyatlarında qadınların iştirakının genişləndirilməsində və silahlı münaqişələrin onlara mənfi təsirlərinin azaldılmasında nəzərəçarpan uğurlar əldə edilib. Bununla əlaqədar Pan Gi Mun təşkilatın katibliyində və BMT-nin sülhyaratma əməliyyatlarında onun tərəfindən qadınların yüksək vəzifələrə təyin edilməsini, “BMT-Qadınlar” strukturunun yaradılmasını və silahlı münaqişələr zamanı şəraitində cinsi zorakılığın qarşısının alınması üzrə xüsusi müşavir vəzifəsinin təsis edilməsinin xatırladıb. Bir sıra dövlətlər BMT-nin köməyilə 1325 nömrəli qətnamənin icrası üzrə milli fəaliyyət planlarını hazırlayıb, qadınların vəziyyətinin gözdən keçirilməsi mexanizmini möhkəmləndirib və onların hüquqlarının pozulmasına görə məsuliyyəti sərtləşdiriblər. Pan Gi Mun BMT-nin baş katibi olduğu ilk vaxtlarda cəmi dörd ölkənin bu cür milli fəaliyyət planı olub, hazırda isə bu rəqəm 63-ə çatıb.

BMT-nin rəhbəri bütün dövlətləri silahlı münaqişələr şəraitində qadınların vəziyyətinə dair əhatəli məlumat təqdim etməyə, onların sülh danışıqları prosesində daha fəal iştirakına nail olmağa, münaqişələrin qarşısının alınmasına və sülhyaratma proseslərinə dair proqramların hazırlanmasında qadın qeyri-hökumət təşkilatlarının rəylərini nəzərə almağa, habelə müharibə şəraitində qadınların rolunun yüksəldilməsinə və onların müdafiəsinə vəsait ayırmağa çağırıb.

BMT Təhlükəsizlik Şurasının 1325 nömrəli qətnaməsi 2000-ci il oktyabrın 31-də qəbul edilib. Sənəd silahlı münaqişələrin nəticələrinin qadınlara mənfi təsirlərinin azaldılmasına və BMT-nin səhra əməliyyatlarında gender tarazlığının yaxşılaşdırılmasına yönəlib. Bu qətnamə sülhün bərpası, dəstəklənməsi və sülhyaratma ilə bağlı bütün fəaliyyət növlərində gender aspektlərini nəzərə almağa, qadınlara təkcə münaqişə qurbanları kimi deyil, həm də islahatların bələdçisi kimi yanaşmağa çağırır.

Etikxeber.az

Read Previous

İnsan orqanlarının transplantasiyası reklamı ilə bağlı qaydalar dəyişdirilir

Read Next

“Əli və Nino” filmi Los- Ancelesdə nümayiş etdirilib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir