“İstəyirdim ki, ali təhsil alsın, ancaq Rəcəb istəmədi, hərb yolunu seçdi…”-AİLƏNİN İKİ ÖVLADINDAN-İKİ QARDAŞDAN BİRİ, ALTI MEDAL VƏ BİR ORENLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ RƏCƏB QURBANOVUN ATASI ELŞƏN QURBANOV – FOTOLAR

9 may 2023-cü il tarixində daha bir Şəhid ailəsində olduq…

Daha bir Şəhid ailəsini, Şəhid ocağını ziyarət etdik…

Daha bir Bərdəli İkinci Vətən Müharibəsi Şəhidinin ailəsinə, valideynlərinə baş çəkdik…

Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi Fəxri Qəribzadənin anası Mehparə Qəribova və hər zaman Şəhid, Qazi ailələrinin yanında olan Yasin Mustafayevlə birlikdə adıçəkilən rayonun Kələntərli kəndinin İkinci Qarabağ Savaşı Şəhidi Rəcəb Elşən oğlu Qurbanovun ailə üzvləri ilə görüşdük…

Və qeyd edim ki, ilk dəfəydi Mehparə Qəribova ilə Şəhid Rəcəb Qurbanovun ailəsində, ocağında olurduq…

Ziyarət zamanı Şəhidimizin ailəsinə Allahdan səbr və dözüm arzuladıq…

“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun! Ruhu qarşısında baş əyirik!”-dedik…

Şəhidin üç nəfərdən ibarət olan ailə üzvləri-anası Şəfa xanım, atası Elşən Qurbanov və hazırda 19 yaşının içində olan, iyun ayında Əsgərliyə getməyə hazırlaşan tək qardaşı Sahillə söhbətləşdik, dərdləşdik…

Onlarla birlikdə cəmi 19 yaşında Şəhidlik məqamına ucalan Rəcəbin qısa, lakin şərəfli həyat, hərb və döyüş yoluna nəzər saldıq…

Duyğulandıq, təsirləndik, göz yaşlarımıza sahib ola bilmədik…

Eyni zamanda, Şəhidimizin anası Şəfa xanım Qurbanovaya “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təsis etdiyi “Şəhid anası” medalı və vəsiqəsini təqdim etdik…

Onu da qeyd edim ki, Şəhidimiz 2001-ci ilin ilk günündə, yanvar ayının 1-də Kələntərli kəndində sadə bir ailədə dünyaya gəlib...

Ailənin iki övladından, iki qardaşdan biri olub…

Orta məktəbi bitirdikdən, 18 yaşını başa vurduqdan sonra-2019-cu ilin yanvar ayında həqiqi hərbi xidmətə yollanıb…

Cəlilabad rayonunda yerləşən və Xüsusi Təyinatlı Qüvvələrə aid olan “N” saylı hərbi hissədə xidmət edib…

Və elə oradaca, hərbi xidmətdə olarkən həyatını Ordu, hərb ilə bağlamaq qərarını verib, iki aylıq kurs keçib və Əsgərliyini başa vurduqdan sonra, 2020-ci ilin iyulundan isə Xüsusi Təyinatlı Qüvvələrdə Baş kəşfiyyatçı-Baş çavuş kimi fəaliyyətə başlayıb…

İkinci Vətən Müharibəsinin ilk saniyələrindən də Xüsusi Təyinatlı kimi döyüşlərə atılıb…

Kələbəcər-Murovdağ Füzuli-Cəbrayıl istiqamətlərində döyüşüb…

Qəhrəmanlıqlar nümayiş etdirib…

Axırıncı dəfə isə ailə ilə Şəhidliyindən 5 gün öncə, sentyabrın 30-da danışıb…

Ondan sonra Rəcəblə əlaqə yaratmaq mümkün olmayıb…

Və oktyabr ayının 5-də Cəbrayıl rayonunda qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi bir gün sonra, oktyabrın 6-da Kələntərli kənd Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən öncə “Şücaətə görə” medalı, Şəhidliyindən sonra isə “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub…

Hazırda Bərdə rayonunun mərkəzi küçələrindən biri Rəcəb Qurbanovun adını daşıyır…

Rəşad həm də subay olub…

O, eyni zamanda, Kələntərli kəndinin beş İkinci Vətən Müharibəsi Şəhidindən biridir…

Rəcəbin ailəsi ən cavan Şəhid ailələrindəndir: Şəhid olarkən anasının cəmi 39 yaşı, atasının isə cəmi 41 yaşı olub…

Atasının dediklərindən:

“Rəcəb çox savadlı uşaq idi…İstəyirdim ki, təhsilini davam etdirsin, ali təhsil alsın…Amma Rəcəb istəmədi, razılaşmadı…Uşaqlıq arzusu olan hərb sənətini, hərb yolunu seçdiyini bildirdi…Və dediyi kimi də etdi, hərb yolunu seçdi, Xüsusi Təyinatlı Qüvvələrdə fəaliyyətə başladı…”

Məkanı cənnətlik, məqamı Uca olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 25 yeni yoluxma-DAHA 3 ÖLÜM…

Read Next

Heydər Əliyevin anadan olmasının-100-CÜ İLDÖNÜMÜDÜR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir