Səbailin İkinci Vətən Müharibəsi Şəhidləri: 3 MEDALLI VƏ BİR ORDENLİ, 3 ÖVLAD ATASI, MAYOR İLKİN ƏHƏDZADƏ VƏ AİLƏNİN TƏK OĞLU, 4 MEDALLI, BİR ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN BİLAL QƏNBƏROV – FOTOLAR

Bu gün, Yeni ilin, 2022-ci ilin ilk günündə, 1 yanvar tarixində-günorta və axşam saatlarında daha iki İkinci Vətən Müharibəsi Şəhidinin, daha iki Vətən sevdalısının ailəsini, valideynlərini ziyarət etdim.

Bakının Səbail rayonunun Şəhidlərindən olan Bilal Xanlar oğlu Qənbərovun və İlkin Qələmşah oğlu Əhədzadənin Nur simalı, Qəhrəman valideynlərinə, ailə üzvlərinə baş çəkdim.

Qeyd edim ki, Bilal Qənbərovun ata ocağında, ailəsində üçüncü dəfə olurdum, amma İlkin Əhədzadənin ailəsində, yaşadığı evdə ilk dəfə olurdum.

Onu da qeyd edim ki, əslən Gürcüstanlı olan Bilal Qənbərov Səbailin “20-ci sahə” adlanan ərazisində, əslən Qubalı, Buduqlu olan İlkin Əhədzadə isə Badamdar qəsəbəsində yaşayıb.

Bilal evin 4 övladından biri, 3 bacının tək qardaşı, İlkin Əhədzadə isə ailənin 3 övladından, 3 qardaşdan biri olub.

Hər iki Şəhidimiz ailəli olub, Bilalın bir qız övladı, İlkinin iki qız, bir oğlan övladı dünyaya gəlib.

İlkin Əhədzadə həm də peşəkar hərbçi olub, hərbi təhsil dövrü də daxil olmaqla, 20 il Azərbaycan Ordusunda xidmət edib, fəaliyyət göstərib, Mayor rütbəsinə qədər yüksəlib.

Aprel döyüşlərinin iştirakçısı olub.

İkinci Vətən Müharibəsində də peşəkar hərbçi kimi iştirak edib, Kəlbəcər-Murov istiqamətində döyüşlərdə iştirak edib.

Ailəsi-həyat yoldaşı və 3 övladı ilə Gəncədə yaşayan İlkin axırıncı dəfə valideynləri ilə İkinci Vətən Müharibəsindən düz 20 gün öncə, avqustun 7-də görüşüb.

Eyni zamanda, valideynləri-anası Asəmən xanım və atası Qələmşah kişi ilə axırıncı dəfə Şəhidlik zirvəsinə ucalan gün, oktyabrın 1-də danışıb…

Və telefon danışığından cəmi saatlar sonra, axşam saatlarında Kəlbəcər-Murov istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Ailəsinə, qardaşlarına Şəhidliyi xəbəri isə oktyabrın 2-də, axşam saatlarına yaxın xəbər verilib.

İlkinin qardaşları onun Şəhidliyi xəbərini valideynlərindən gizlədiblər, ağır xəbəri deməyə, verməyə ürək etməyiblər.

Valideynləri İlkinin Şəhidliyindən oktyabrın 3-də, İlkinin nəşi Gəncədən Bakıya, Badamdara, ata ocağına gətirilərkən xəbər tutublar.

Nəşi də elə həmin gün, oktyabrın 3-də İkinci Şəhidlər Xiyabanında dəfn edilib, Əbədiyyətə uğurlanıb.

35 yaşında Vətən yolunda canını fəda edən lkin Əhədzadə Şəhidliyindən sonra 3 medal və bir ordenlə-3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

1993-cü il təvəllüdlü Bilal Qənbərov 2020-ci il sentyabrın 29-da, 27 yaşının tamamında, növbəti doğum günündə İkinci Qarabağ Savaşına, döyüşlərə qoşulmaq üçün yola düşüb.

Və Şuşa uğrunda döyüşlərdən birində, noyabrın 3-də qəhrəmancasına həlak olub, Şəhidlik məqamına yüksəlib.

Nəşi Bakıya gətirilərək, noyabrın 4-də Badamdar qəsəbə qəbiristanlığındakı Şəhidlər məzarlığında dəfn edilib.

Şəhidliyindən sonra “Vətən uğrunda”“Cəsur döyüşçü”“Şuşanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

***

Hər iki Şəhidimizin ailəsini, valideynlərini öncə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdim.

Eyni zamanda, bir daha onlara başsağlığı verdim, bir daha onlara Allahdan səbr dilədim, “Şəhidlərimizin məkanları cənnətlik, ruhları şad olsun! Ruhları qarşısında baş əyirəm! Ömür boyu Şəhidlərimizə borcluyam və borcluyuq!”-dedim.

Hər iki ziyarətim ayrı-ayrılıqda iki saatdan çox çəkdi.

Ziyarət-görüş zamanı bir daha Şəhidlərimizin İgidliyindən, Qəhrəmanlığından, onların qısa, lakin mənalı və şərəfli həyat və döyüş yolundan danışıldı, bəhs edildi.

Çox təsirli, çox duyğulu anlar yaşandı.

Bir daha Şəhidlərimizlə Fəxr edildiyi, Qürur duyulduğu bildirildi, dilə gətirildi.

Bəli, İlkin Əhədzadə və Bilal Qənbərov da daxil olmaqla, bütün Şəhidlərimiz Fəxr, Qürur mənbəyimiz, baş tacımız, and yerimizdirlər.

Nurlu, işıqlı xatirələri daim qəlbimizdə, qəlblərdə yaşayacaq.

Azərbaycan dövləti və xalqı var olduqca, İlkinlər də, Bilallar da var olacaqlar, ruhən, mənən yaşayacaqlar!

Nur içində yatsınlar!

Cənnətdəki ikinci Yeni illəri, ikinci Həmrəylik günləri mübarək olsun!

Allah bir daha ailələrinə səbr və dözüm versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

01.01.2021, Bakı-“20-ci sahə”-Badamdar

Etikxeber.az

Read Previous

Daha 364 yeni yoluxma-DAHA 7 ÖLÜM…

Read Next

“Vətəncanlı oğlunuz torpaqlarımızın yağı düşməndən azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib, şəhadət şərbəti içib…”-QƏNİRƏ PAŞAYEVA MİNGƏÇEVİRLİ ŞƏHİD ŞAHMAR SEYİDOVUN ANASI İLƏ GÖRÜŞDƏ BELƏ DEDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir