Şəkidə dünyaya gəlmiş, Mingəçevirdə yaşamış, Xocavənddə Şəhid olmuş İgidimiz-25 YAŞLI, ALİ TƏHSİLLİ, SUBAY TƏRXAN ZABİT OĞLU QURBANOV… – FOTOLAR

Daha bir İgidimiz, daha bir Qəhrəmanımız, daha bir Vətən sevdalımız…

Daha bir Nur üzlümüz, daha bir Şəhidimiz…

İkinci Vətən Müharibəsində qanı, canı ilə qəhrəmanlıq Dastan yazmış Oğullarımızdan daha biri…

Qurbanov Tərxan Zabit oğlu….

Tərxan 1996-ci ilin 29 iyununda Şəki rayonunun Kiçik Dəhnə kəndində anadan olub…

Sonra ailəsi ilə birlikdə Rusiyaya, Moskva şəhərinə köçüb, bir müddət orada yaşayıb…

2004-cü ildə Moskva şəhərində 1-ci sinfə gedib…

Sonra yenidən Azərbaycana, bu dəfə Mingəçevir şəhərinə köçüblər…

2005-ci ildə Mingəçevir şəhər 3 nömrəli tam orta məktəbin rus bölməsinin 2-ci sinfinə gedib, təhsilini davam etdirib…

Fəal, aktiv şagird olaraq, təhsilini əla qiymətlərlə davam etdirib…

Həmçinin, məktəbdə keçirilən tədbirlərdə, hərbi hazırlıqda təlimlərində və hərbi hazırlıq tədbirlərində fəal iştirak edərək, 1-ci yeri qazanıb…

2015-ci ildə həmin məktəbi əla qiymətlərlə başa vurduqdan sonra-elə həmin il, 2015-ci ildə Bakı Dövlət Universitetinin (BDU) biologiya fakültəsinə daxil olub…

BDU-da da fəallığı, aktivliyi ilə seçilib, fərqlənib, debat yarışlarında fəal iştirak edərək və 1-ci yeri qazanaraq sertifikatlarla təltif edilib…

Tərxan həm də Universitetin sevilən tələbələrindən biri olub, daha çox müəllimlər və qrup yoldaşları arasında böyük hörmət qazanıb…

2019-cu ildə ali təhsilini başa vurduqdan sonra, 05.07.2019-cu il tarixində Ağcabədi rayonundakı hərbi hissələrdən birində hərbi xidmət keçib, Vətənin keşiyini çəkib…

Tərxan əsgərlikdə də fəal tibb işçisi kimi ( sanitar) özünü təsdiqləyib…

Belə ki, gecə-gündüz bilmədən səhhətində problemlər yaranan əsgərlərin qulluğunda dayanıb…

Elə bu fəallığına görə də sertifikatlarla təltif edilib…

Və Vətən sevdalısı Tərxan İkinci Vətən Müharibəsi başlanan gündən, 27 sentyabrdan da döyüşlərdə olub…

Hətta Tərxana bir qədər arxada dayanaraq, yaralılara kömək etməsi deyilsə də, o, bununla razılaşmayıb, ön cəbhəyə, vuruşmağa gedib…

Və döyüşüb, vuruşub, igidliklər göstərib…

Onun döyüş yolu da uzun və şərəfli olub…

Fizulidən Xocavəndə, Xocavənddən Şuşaya qədər döyüş yolu keçib…

Tərxangil Xocavəndin mərkəzinə daxil olan ilk dəstə üzvləri olublar…Həmçinin, Şuşa uğrunda döyüşlərdə fəal iştirak ediblər…

Və İgidimiz, Qəhrəmanımız Xocavənd istiqamətində ağır döyüşlərdən birində, İkinci Vətən Müharibəsinin bitməsinə cəmi 4 gün qalmış-6 noyabr tarixində qəhrəmancasına həlak olaraq Şəhidlik məqamına yüksəlib…

Amma onun nəşini bir neçə gün tapmaq mümkün olmayıb…

Nəşini yalınız noyabrın 25-ində əldə etmək mümkünləşib və elə həmin gün Mingəçevir şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb…

Ölümündən sonra “Vətən uğrunda” “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub…

Haqqıdır, Haqqını da qanı, canı bahasına qazanıb!

Şəhidin bacısı Jalə xanımın dediklərindən:

“Qardaşım ailəcanlı, hər zaman ailəsini düşünən, mehriban, ağıllı, tərbiyəli, dürüst idi… Ən çox da anama bağlıydı, onunla nəfəs alırdı… Həmçinin, tez-tez muğama qulaq asır, arada da şeir yazırdı… Bir çox şairlərin, yazarların şeirlərini, povestlərini, romanlarını oxuyurdu… Ailəmizdə, qohumlar və tanışlar arasında da çox sevilirdi…

Hətta, 1-ci kursda oxuyanda, 2016-ci ilin Aprel döyüşlərində iştirak etmək üçün Hərbi Komissarlığa gedərək könüllü olaraq yazılmışdı… Çünki qardaşım uşaqlığından çox vətənpərvər ruhda böyümüşdü…

…Qardaşım həmçinin, qocaların qayğısına qalar, ən əsası tez-tez uşaq evinə gedər, oradan bir neçə uşaq götürərək, Xəzər dənizin sahilinə apararaq, onları gəzdirib sonra yenidən öz yataqxanalarına təhvil verərdi…

…Müharibə zamanı axırıncı dəfə isə 31 oktyabrda bizə, evə zəng edərək, heç narahat olmamağımızı, ürəyimizi buz kimi saxlamağımızi və işğal altında olan torpaqlarımızı tezliklə azad etdikdən sonra yenidən evimizə qayıdacağını bildirmişdi… Amma…Qardaşımın özü yox, nəşi, tabutu gəldi evimizə...

Canından çox sevdiyi Vətəni yolunda Şəhid getdi…Qardaşımla, Turxanımızla Fəxr edir, Qürur duyuruq ailəlikcə… Tərxan bir ailənin övladından minlərlə ailənin, bütün Azərbaycan xalqının övladına çevrildi…Cismən bizimlə olmasa da, ruhən, mənən daim bizimlədir, qəlbimizdədir!”

Onu da qeyd edim ki, Tərxangil ailədə üç övlad, bir bacı, iki qardaş olublar…O, həm də subay olub…

Eyni zamanda qeyd etmək yerinə düşər ki, iki gün öncə, 29 iyun tarixində Şəhidimizin 25 yaşı tamam olub…

Cənnətdəki, Cənnətindəki ilk ad günü…Və həmin gün, 29 iyun 2021-ci il tarixində yaşadığı binaya mərmər lövhəsi vurulub və həmin lövhənin açılışı olub…

Açılışda Şəhidimizin ailə üzvləri, yaxınları, Şəhid ailələri, Mingəçevir sakinləri iştirak ediblər…

Allah Şəhidimizin məkanını cənnətlik etsin, Cənnətdəki ilk ad günü mübarək olsun!

Böyülk Yaradan valideynlərinə, bacı və qardaşına səbr versin!

Nur içində yatsın, Nur üzlü Şəhidimiz!

Müqəddəs ruhu qarşısında baş əyirəm, baş əyirik!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Görün necə gözəl səslənir: Səbail rayonu-Şəhid Cəmil Məmmədli adına 163 nömrəli məktəb!”-ŞƏHİD ANASI SƏSLƏNİŞ, ÇAĞIRIŞ ETDİ

Read Next

“Peyvəndin təsirinin ikinci dozanın vurulmasından təxminən 2 həftə sonra başlamasını nəzərə alaraq maska taxmağa, əl gigiyenasına və fiziki məsafəyə riayət etməyə mütləq əməl etməliyik”-RAMİN BAYRAMLI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir