Samuxlu Şəhid anası Mehriban Əliyevaya müraciət etdi-ÜÇ İLDİR ONLARI GET-GƏLƏ SALAN, İNCİDƏN MƏMURLARDAN ŞİKAYƏTLƏNDİ…

Samux rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Taleh Gündüz oğlu Yusifovun anası Mələk Yusifova Azərbaycan Respublikasının Birinci vitse-prezident, ölkənin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərova və Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müraciət ünvanlayıb.

Etikxeber.az müraciəti olduğu kimi təqdim edir:

“Çox hörmətli, çox dəyərli Mehriban xanım!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Mələk Əli qızı Yusifova Samux rayonunun Ziyadlı kəndindənəm. İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Taleh Gündüz oğlu Yusifovun anasıyam. Və qeyd edim ki, bu, Sizə ünvanladığım ikinci müraciətimdir. Bu dəfə birbaşa Sizə müraciət etmək qərarına gəldim. Çünki bundan öncəki müraciətimə qaneedici cavab verilmədi. Görünür, müraciətim birbaşa Sizə çatdrılmadığı üçün onunla tanış ola bilmədiniz və müraciətimdəki istəklərim həllini tapmadı. Amma inanıram ki, bu dəfə müraciətim birbaşa Sizə çatdırılacaq və çözümünü istədiyim məsələlər həllini tapacaq.

Bir daha qeyd edirəm ki, 5 medallı oğlum İkinci Vətən Müharibəsinin başa çatmasına çox az qalmış Vətən yolunda canını fəda edərək, qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb. Allah heç bir Anaya, heç bir valideynə övlad itkisi, övlad acısı yaşatmasın. Biz yaşadıq, başqaları yaşamasın. Oğlumla, övladımla da Fəxr edir, Qürur duyuram. Fəxr edir, Qürur duyuram ki, Taleh kimi Vətənini canından, ailəsindən üstün tutan bir oğulun, bir İgidin, bir Qəhrəmanın, bir Vətən sevdalısının anasıyam.

Qeyd etdiyim kimi, övladım 5 medallıdır, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərıfindən 5 medalla təltif olunub. Amma balamın orden Haqqı bugünədək tanınmayıb. Eyni zamanda, İkinci Vətən Müharibəsindən sonra yüzlərlə Şəhid və Qazi ailəsi yaşadıqları bölgələrdə deyil, istədikləri, arzuladıqları məkanlarda evlə-mənzillə təmin edilsələr də, Şəhid balamın bu məsələdə də Haqqı tanınmayıb. Həmçinin, tək oğlum-iki övlad atası, Şəhid qardaşı Şahin Yusifov bugünə kimi işlə təmin olunmayıb. İndiki dövrdə işsizlik nə deməkdir, onu geniş izah etməyə ethtiyac yoxdur. Bunlar isə bir Şəhid anası olaraq, məni dərindən üzür, incidir.

Əzizimiz, dəyərlimiz, xanımlar xanımı Mehriban xanım!

Birbaşa Sizə-şəxsinizə müraciət etməklə, diqqətinizə bir neçə xahişimi çatdırmaq istəyirəm. Siz də anasınız, analar anasısınız, gözəl, dəyərli Azərbaycan xanımısınız, həm də nəinki Azərbaycanımızın, dünyamızın mərhəmət və şəfqət simvolusunuz. Ona görə inanıram və əminəm ki, bir Azərbaycan anası, bir Azərbaycan xanımı, şəfqət və mərhəmət simvolu kimi Siz məni daha çox yaxşı başa düşəcəksiniz və başa düşürsünüz.

Birinci xahimim övladım orden Haqqının tanınması məsələsi ilə bağlıdır. Oğlum şərəfli və uzun döyüş yolu keçib, bir çox rayonlarımızın işğaldan azad edilməsində iştirak edib və sonda da Şəhid olub. Yəni, orden mənim balamın da Haqqıdır. Amma son 3 il ərzində dəfələrlə bizə söz, vəd verilsə də, heç bir müsbət nəticə yoxdur. Odur ki, balamın orden Haqqının tanınması məsələsinə səlahiyyətləriniz çərçivəsində köməklik göstərməyinizi Dərdli, Yaralı, həm də Qəhrəman ana kimi Sizdən xahiş edirəm.

İkinci xahişim ev, mənzil problem ilə bağlıdır. Biz Gəncə şəhərində qeydiyyatda olsaq da, Samux rayonunun Ziyadlı kəndində yaşayırıq. Yaşadığımız həyət evi də bizim deyil, qayınımgilə sığınmışıq. Həm də onu qeyd edim ki, həyat yoldaşım Gündüz Ələs oğlu Yusifov bir neçə ildir pakinson xəstəsdir, birinci qrup əlildir. İki övlad atası olan ailəli oğlum da bizimlə yaşayır. Gəncədəki iki otaqlı, darısqal məzildə də üst-üstə 9 nəfər qeydiyyatdadır. Şəxsən mənim də adıma heç bir mülkiyyət-filan yoxdur.

Ona görə bizim yeni evə, yenə mənzilə ehtiyacımız var. Biz istəyirik ki, durumumuz, vəziyyətimiz, yaşayış şəraitimiz nəzərə alınaraq, Gəncə şəhərində evlə, mənzillə təmin olunaq. Ancaq çox təəssüflər olsun ki, son üç ildə bu məsələ ilə də bağlı yollarda, qapılarda qalmışıq, Haqqımızı ala bilmirik. Məmur süründürməçiliyi, məmur laqeydliyi ilə üz-üzə qalmışıq. Övladım Samux uğrunda deyil, üzünü heç zaman görmədiyi, yolunu-izini tanımadığı Qarabağımızın azadlığı, Azərbaycanımızın ərazi bütövlüyünün təmin olunması yolunda Şəhid olub. Həmçinin, yuxarıda da qeyd etdiyim kimi, Allah xeyirli etsin, daim xeyirlərini görsünlər-yüzlərlə Şəhid və Qazi ailəsi ötən 3 ildə öz bölgələrində deyil, başqa-iri şəhərlərdə – Bakıda, Sumqayıtda, Gəncədə mənzillə təmin olunublar.

Bəs biz də Şəhid ailəsi deyilikmi? Biz də Şəhid verməmişikmi? O zaman bu ayrıseçkliyin, bu fərq qoyulmasının səbəbi, anlamı nədir? Biz Samuxun bir addımlığında olan Gəncə şəhərində mənzillə təmin olunmaq istəyirik. Bu, bizim Haqqımızdır, Şəhidimizin Haqqıdır. Niyə bizim də, balamın da Haqqı tanınmır? Bizə qarşı bu hörmətsizlik, bu inadkarlıq nədəndir? Başqalarına olar, bizə olmaz? Gəncə şəhər İcra Hakimiyyətinin, digər aidiyyatı dövlət qurumlarının bizə-Şəhid ailəsinə qarşı bu ədalətsiz münasibəti nə vaxta qədər davam edəcək? Nə vaxta kimi yollarda, məmur qapılarında qalacağıq, nə vaxta kimi Haqqımız tapdalanmaqda davam edəcək?

Ona görə Sizdən dönə-dönə rica edirəm ki, balamın mənzil Haqqının tanınmasına, Gəncə şəhərində Haqq etdiyimiz mənzillə təmin olunmağımıza köməkliyiniz, dəstəyinizi əsirgəməyəsiniz. Nəhayət, bu məsələnin müsbət və ədalətli həlli üçün Gəncə şəhər İcra Hakimiyyəti də daxil olmaqla, digər aidiyyatı qurumlara öz səlahiyyətləriniz daxilində tapşırıq və göstərişlərinizi verəsiniz.

Sonuncu xahişim isə ailəli, iki övlad atası olan tək oğlumun, Şəhid qardaşımın işlə təmin olunması məsələsinə köməklik göstərəsiniz, onun müvafiq, uyğun işlə təmin olunmasına yardım edəsiniz. İnanıram və əminəm ki, müraciətim tərəfinizdən nəzərə alınacaq və orada qeyd etdiyim hər üç məsələ tezliklə reallaşacaq, öz müsbət həllini tapacaq, bir Şəhid ailəsi olaraq sevindiriləcəyik.

Öncədən də Sizə öz dərin minnətdarlıq və təşəkkürlərimi bildirirəm. Allah Sizi, gözəl ailənizi, yenidən ölkə Prezidenti seçiləcəyinə, növbəti Zəfərini qazanacağına heç bir şübhəmiz olmayan Müzəffər Ali Baş Komandanımızı, Qalib Azərbaycanımızı, Qalib Dövlətimizi qorusun!”

Etikxeber.az

Read Previous

Tıxac və sıxlıq olan yollar-BAKIDA

Read Next

Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu-TƏBRİK ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir