Silahlı Qüvvələrin “İntizam nizamnaməsi” dəyişdirilir…

Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib. İclasda üç qanun layihəsinə təklif olunan dəyişikliklər və bir yeni qanun layihəsi müzakirə edilib.

Etikxeber.az-ın məlumatına görə, MM sədrinin birinci müavini, adıçəkilən komitənin sədri Ziyafət Əsgərov bildirib ki, gündəlikdə olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi”ndə və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə təklif olunan dəyişikliklər texniki xarakterlidir. Belə ki, qanun layihələrinin müvafiq maddələrində yer alan “müdafiə nazirinin”, “Müdafiə Nazirliyi”, “milli təhlükəsizlik naziri və daxili işlər nazirləri” və “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “müvafiq icra hakimiyyəti orqanı rəhbərinin”, “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəzlənir. Dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 dekabr tarixli Fərmanına müvafiq olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin yaradılması ilə əlaqədar mövcud qanunvericiliyin təkmilləşdirilməsi məqsədi daşıyır. Eyni məqsədlə, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə də müvafiq dəyişikliklər edilib. Dəyişikliyə görə, zabit heyəti vəzifələrini tutmaq üçün Azərbaycan Respublikasının dövlət orqanlarında qulluq (xidmət) keçən şəxsləri həqiqi hərbi xidmətə qəbul edərkən onlara yenidən attestasiya edilmə qaydasında, lakin tutduğu vəzifə və rütbəsi nəzərə alınmaqla təyin olunacaqları vəzifə üzrə nəzərdə tutulmuş hərbi rütbədən yuxarı olmayan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyəti rütbəsi verilir.

Z. Əsgərov iclasda ikinci oxunuş üçün müzakirəyə çıxarılan “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının qanun layihəsi barədə də məlumat verib.

Onun sözlərinə görə, layihədə hərbi vəziyyətin elan edilməsi, hərbi vəziyyətin təmini, hərbi vəziyyət dövrü, bu dövrdə fiziki və hüquqi şəxslərin hüquq və azadlıqlarının təminatı, hərbi vəziyyət zamanı prokurorluq və qanunvericilik orqanlarının fəaliyyəti və s. barədə müddəalar ətraflı şəkildə qeyd edilib.

Müzakirələrdən sonra qanun layihələri MM-in plenar iclasına tövsiyə olunub.

Etikxeber.az

Read Previous

Tahir Kərimli məmurlardan şikayətləndi…

Read Next

Sabah ölkə ərazisində tutqun hava şəraiti hökm sürəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0