Tək və subay övladını Şəhid vermiş Məlahət İsmayılova ölkə rəhbərliyinə müraciət ünvanladı: “ÖVLADIMIN ORDEN VƏ MƏNZİL HAQQININ TANINMASINI İSTƏYİRƏM”

Bakı şəhərinin Nəsimi rayonunda yaşayan Şəhid anası Məlahət Qasım qızı İsmayılova tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Prezidentin köməkçisi Anar Ələkbərova, Müdafiə naziri, general-polkovnik Zakir Həsənova, Müdafiə nazirinin Birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyevə, Müdafiə nazirinin müavini, general-leytenant Hikmət Mirzəyevə və Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müraciət ünvanlayıb.

Etikxeber.az-a daxil olan müraciətdə deyilir:

“Hörmətli cənab Prezident!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Məlahət Qasım qızı İsmayılova əslən Cəbrayıl rayonundanam. Əslən Cəbrayıl rayonundan olan, özü isə Bakı şəhərində dünyaya gələn İkinci Vətən Müharibəsi Şəhidi Emin İsmayılovun anasıyam. Emin mənim tək, yeganə və subay övladım idi. Tək övladımı, Azərbaycan Ordusunun Əsgəri olan 19 yaşlı Eminimi Vətəni, üzünü görmədiyi Qarabağının azadlığı uğrunda qurban verdim. Tək övladım Vətəni, Qarabağı yolunda canını fəda etdi. Eminim Azərbaycanımızın Qələbə və Zəfər Şəhidlərindəndir.

Övlad, bala, oğul dərdi çox dözüıməz və olduqca ağırdır. Allah kimsəyə, heç bir bəndəsinə yaşatmasın. Mən yaşadım, biz yaşadıq, kimsə yaşamasın, kimsə övlad acısı dadmasın. Övlad, bala dərdi nə qədər ağrılı və acılı olsa da, Eminimlə Fəxr edir, Qürur duyuram. Fəxr edir, Qürur duyuram ki, Emin kimi bir Oğulun, Qəhrəmanın, İgidin, Vətən sevdalısının anasıyam. Qəhrəman Oğulun Dərdli, Yaralı, həm də Qəhrəman anasıyam.

Qeyd edim ki, Şəhidliyindən sonra Eminim Müzəffər Ali Baş Komandanımız kimi Sizin müvafiq sərəncamlarınızla üç medalla təltif olunub. Buna görə Sizə bir daha minnətdarlığımı bildirirəm.

Çox hörmətli İlham Heydər oğlu, Müzəffər Ali Baş Komandanımız!

Sizə müraciət ünvanlamaqla, iki xahişimi nəzərinizə çatdırmaq istərdim. Birinci xahişim tək övladımın ölkəmizin ali ordenlərindən biri ilə təltif olunması məsələsiylə bağlıdır. Çünki Eminim də ali ordenlərimizdən birini Haqq edir. Orden də balamın, Eminimin Haqqıdır. Ötən 3 ildə bizə dəfələrlə söz, vəd verilsə də, çox təəssüflər olsun ki, övladım ötən müddətdə ali ordenlərimizdən biri ilə təltif olunmayıb. Bu isə tək, yeganə övladını, arxa-dayağını itirmiş Dərdli, Yaralı bir Ana kimi məni çox üzür, çox incidir. Ona görə Sizdən xahiş və rica edirəm ki, övladıımı növbəti Sərəncamlarınızdan birində ali ordenlərimizdən biri ilə təltif edəsiniz.

İkinci xahişim mənzil məsələsi ilə bağlıdır. Mənzil də övladımın, Şəhidimin Haqqıdır. Kaş balam sağ olaydı, mənə heç nə lazım deyildi. Məni tanıyanlar da bilir ki, dünya malında zərrə qədər gözüm yoxdur. İndiyə kimi də bu məsələ ilə bağlı kimsənin qapısını döyməmişəm, kimsəyə ağız açmamışam. Şəhidimin adını və Mənliyimi, Qürurumu gözləmişəm.

Amma qeyd etdiyim kimi, mənzil də balamın Haqqıdır. Heç zaman şəxsi yuvam, isti ocağım olmayıb. Tək övladımı minbir çətinliklərlə kirayələrdə böyütmüşəm və 19 yaşında da Vətən yolunda Şəhid vermişəm. Övladımın Şəhidliyindən sonra isə Bakı şəhərində, Nəsimi rayonuda yaşayan bacımgildə oluram. Onların da mənzil şəraiti çox çətindir, özlərinə güclə yetir. Eyni zamanda, səhhətimdə ciddi problemlər var, çox çətinliklə yeriyirəm, hərəkət edirəm. Övladım da İkinci Fəxri Xiyabanda Əbədiyyətə uğurlanıb.

Ona görə istəyirəm ki, səhhətim, tək övladını Şəhid vermiş tək-tənha ana olduğum nəzərə alınaraq, Nəsimi rayonunda və ya Bakının mərkəzi rayonlarından birində mənzillə təmin edilməyimə köməklik, dəstək göstərərdiniz. Kənar yerdən mənzil istəmirəm və odur ki, mənzil məsələsi ilə bağlı aidiyyatı qurumların, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Sosial Xidmətlər Agentliyinin rəhbərliyinə göstəriş və tapşırıqlarınızı verəsiniz.

İnanıram və əminəm ki, belə də olacaq, müraciətim, hər iki xahişim nəzərə alınacaq və öz müsbət həllini tapacaq. Bununla həm Şəhidimin ruhu sevindiriləcək, həm də bir Şəhid anası kimi mənə mənəvi təsəlli, təskinlik, dəstək verilmilş olacaq.

Yeri gəlmişkən, Sizi-Xalqımızın Xilaskar oğlunu, Müzəffər Ali Baş Komandanımızı növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Azərbaycanımızı Qalib Dövlət, Xalqımızı Qalib Xalq edən bir Müzəffər Ali Baş Komandan kimi bu, Sizin halal Haqqınız idi. Sizə növbəti yeddi ildə də uğurlar, növbəti Zəfərlər və Qələbələr arzulayıram.

Allah Sizi, gözəl ailənizi və Qalib Azərbaycanımızı qorusun!”

***

19:55

Etikxeber.az

Read Previous

MSK prezident seçkilərinin ilkin nəticələrini açıqladı-İLHAM ƏLİYEV QALİB GƏLDİ, ZAHİD ORUC İKİNCİ OLDU

Read Next

Zahid Oruc İlham Əliyevi-TƏBRİK ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir