Tək və subay övladını Şəhid vermiş Nailə Ələkbərova ölkə Prezidentinə müraciət etdi: “İSTƏYİRƏM Kİ, ÖVLADIM ALİ ORDENLƏRİMİZDƏN BİRİ VƏ HAQQI OLAN DİGƏR MEDALLARIMIZLA TƏLTİF OLUNSUN”

Gəncə şəhərində yaşayan Şəhid anası Nailə Qəzənfər qızı Ələkbərova Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Milli Məclisin sədri Sahibə Qafarovaya və Müdafiə naziri, general-polkovnik Zakir Həsənova müraciət ünvanlayıb.

Etikxeber.az-a daxil olan müraciətdə deyilir:

“Hörmətli cənab Prezident!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-əslən Gədəbəy rayonundan olan Nailə Qəzənfər qızı Ələkbərova Gəncə şəhərində yaşayıram. Gəncə şəhərinin İkinci Vətən Müharibəsi, Qələbə və Zəfər Şəhidlərindən olan Rəşad İlqar oğlu Ələkbərovun anasıyam. Özüm də Birinci Qarabağ Savaşı iştirakçısı, veteranıyam. Rəşad mənim tək, yeganə və subay övladım idi. Onu təkbaşına və şəraitsiz bir yataqxanada böyütmüşdüm. Rəşad mənim varlğım, arxam-dayağım, hər şeyim idi.

Amma Vətən sevdalısı övladım Vətənini, Torpağını məndən, tək anasından üstün tutdu və İkinci Vətən Müharibəsində qəhrəmancasına Şəhidlik məqamına ucaldı, canını Vətəninə, Qarabağının azadlığına fəda etdi. Özü də müharibənin başa çatmasına, Qələbəmizə cəmi dəqiqələr, saatlar qalmış-9 noyabr 2020-ci il tarixində.

Həmin gündən dünyam başıma uçdu, ocağım söndü, həyatım qaraldı. Mən yaşadım, biz yaşadıq, Allah bundan sonra kimsəyə və kimsəyə yaşatmasın övlad-oğul acısını, dərdini. Çox çəkilməzdir, çox dözülməzdir. Amma balamın ruhunun, xatirəsinin yaşaması naminə çətin də, ağır da olsa, yaşayıram. Övladımla da, Qəhrəmanımla da Fəxr edir, Qürur duyuram. Qürur duyur, Fəxr edirəm ki, belə bir Oğulun, belə bir İgidin Anasıyam!

Onu da qeyd edim ki, Şəhidliyindən sonra Müzəffər Ali Baş Komandanımız kimi Sizin sərəncamlarınızla övladım üç medalla təltif olunub və buna görə Sizə minnətdarlığımı bildirirəm!”

Müraciətdə sonra qeyd olunur:

“Çox dəyərli İlham Heydər oğlu, Müzəffər Ali Baş Komandanımız!

Bu müraciəti ünvanlamaqla, bir Dərdli, Yaralı, həm də Qəhrəman Şəhid Anası kimi Sizdən bir xahişimi dilə gətirmək istəyirəm. Yuxarıda da qeyd etdiyim kimi, övladım Şəhidliyindən sonra üç medalla təltif olunub. Amma hesab edirəm ki, övladım, Şəhidim başqa bir neçə medalımızı, o cümlədən “İgidliyə görə” medalını və ali odenlərimizdən birini-“Qarabağ” və ya “Azərbaycan Bayrağı” ordenini Haqq edir. Bunlar da balamın, Şəhidimin Haqqıdır.

Eyni zamanda, bu gün həyatda varam, sabah yoxam. Məndən sonra balamın ruhunu, xatirəsini yaşadacaq kimsə yoxdur. Ona görə balamın ruhunun, xatirəsinin yaşaması, yaşadılması üçün ali ordenlərimizdən biri ilə və Haqqı olan digər medallarla təltif olunmasını istəyirəm. Sizdən dönə-dönə xahiş və rica edirəm ki, övladımın ali ordenlərimizdən biri və Haqqı olan digər medallarla təltif olunması ilə bağlı Sərəncam verərdiniz, növbəti Sərəncamınızda bu arzu və istəyimi reallaşıdırardınız. Bununla həm Şəhidimin ruhu sevindirilmiş, həm də bir Ana kimi mənə mənəvi dəstək, təsəlli verilmiş olar.

İnanıram və əminəm ki, belə də olacaq, müraciətim nəzərə alınacaq və öz müsbət həllini tapacaq, Şəhidimin ruhu sevindiriləcək.

Yeri gəlimşkən, qarşıdan növbəti prezident seçkiləri gəlir və bu seçkilərdə hər kəs kimi mənim də seçimi Sizsiniz, Siz olacaqsınız. Çünki başqa seçim, seçimimiz ola bilməz!

Sizə növbəti uğurlar arzulayır, öncədən də təşəkkürlərimi bildirirəm!

Allah Sizi, gözəl ailənizi və Qalib Azərbaycanımızı qorusun!”

Etikxeber.az

Read Previous

Seçkilərdən 6 gün öncə və ya seçkilərə 20 gün qalmış…-KAMİL HƏMZƏOĞLU YAZDI

Read Next

Əsas müxalifət bu seçkilərə qatılmalıydı, çünki…-KAMİL HƏMZƏOĞLU YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir