Urbanizasiya proseslərinin tənzimlənməsi çox vacib məsələdir – ZİYAD SƏMƏDZADƏ

Ziyad Səmədzadə: “Müstəqil siyasət yeritmək  çox çətindir”

Etikxeber.az Milli Məclisin (MM) İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadənin  müsahibəsini  təqdim  edir:

– Ziyad müəllim, qarşıdan parlamentdə hökumətin-Nazirlər Kabinetinin növbəti hesabatı gəlir. Dünyada baş verən kataklizmlər, maliyyə-iqtisadi böhran fonunda Azərbaycan hökumətinin son birillik fəaliyyətini qənaətbəxş hesab etmək olarmı? 

– Mən, ümumiyyətlə, Azərbaycanın hökumətinin nəinki son bir illik, bütövlükdə son illərdəki fəaliyyətini birmənalı müsbət qiymətləndirirəm. “Mən qiymətləndirirəm” ifadəsi bir az böyük çıxır, amma hesab edirəm ki, bu, dövlət başçısının apardığı siyasətin bilavasitə məntiqi nəticəsidir. Bu, dövlət başçısının hökumətə verdiyi tapşırıqların üzərində ciddi nəzarətin olmasının, hökumətin, Nazirlər Kabinetinin rəhbərliyinin ölkə Prezidentinin tapşırıqlarına diqqətlə qulaq asması və onları nəzarətə götürməsinin nəticəsidir. Dünyada qlobal böhran baş verir, sarsıntılar var, amma biz qlobal sarsıntılar şəraitində dinamik inkişaf edən bir ölkəyik və  təbii ki, bu işlərin arxasında da icra strukturlarının gərgin fəaliyyəti dayanır. Bəzən opponentlərimiz deyirlər ki, aktivlik, nə bilim hay-küy olmalıdır.  Ancaq cənab Prezident hay-küy sevmir, o,  hər işi diqqətə götürür və onun nəticələrinin əldə olunması üçün güclü icra mexanizmi qurulub.

Biz bu gün qeyri-neft sektorunun 7-8 faizlik inkişafından danışırıq…” 

1488451229_ziyad-s-str-7-8

Bildiyiniz kimi,  hökumətin hesabatı bizə təqdim olunanda orada ilk növbədə əsas aparıcı göstərici Ümumi Daxili Məhsulun (ÜDM) dinamikasının necə olması məsələsidir. Neft faktorunu qoyuruq kənara. Çünki burada azalmalar gedir, bu da təbiidir. Dünya təcrübəsi də göstərir ki, təbii sərvətlər var- bir tükənən, bir də təkrar olunan. Yəni, min illər boyu formalaşmış neft resursları çıxarıldıqca, o imkanlar daralır. Azərbaycan da belə bir proseslə üzləşmişdir.  Ancaq neft hasilatının azalması şəraitində Azərbaycan dinamik inkişaf etmiş ölkədir. Qərb mətbuatında, Avropa kanallarında da 0,7-0,8 faizlik göstəricini  Avropa ölkələri üçün ən gözəl nəticə kimi təqdim edirlər, qiymətləndirirlər. Amma biz bu gün qeyri-neft sektorunun 7-8 faizlik inkişafından danışırıq…

“O zaman demişdim ki, uzun illər-minimum yarım əsr Azərbaycanın inkişaf tempi digər ölkələrin inkişaf tempindən üstün olmalıdır”.

-Yəni, sözlərinizdən belə çıxır ki, bu sahədə bizim elə də problemlərimiz yoxdur…

-Bəli, bu, belədir, bizi bu məsələdə ciddi fəsadlar gözləmir. Ümumiyyətlə,  dəfələrlə demişəm, kitablarımda da yazmışam,  hələ sovetlər dövründə-70-ci illərdə Ulu Öndər Heydər Əliyevə bir məruzə-layihə təqdim etmişdim və orada göstərmişdim ki,  uzun illər-minimum yarım əsr Azərbaycanın inkişaf tempi digər ölkələrin inkişaf tempindən üstün olmalıdır. Biz adam başına düşən məhsulun miqdarına görə, bu ölkələrin səviyyəsinə çatmalı, bəlkə də keçməliyik.  Qeyd edeim ki, bu proses də artıq neçə illərdir gedir. Biz bu məsələni artıq  geridə qoymuşuq. Eyni zamanda, dünyda ayrı-ayrı ölkələrin keyfiyyət göstəricilərini, səviyyəsini, inkişafını qiymətləndirmək üçün lazım olan göstəricilərdən biri borcdur. Azərbaycan isə artıq borc alan ölkədən borc verən ölkəyə çevrilib. Mən keçən dəfə bir çıxışımda dedim və indi də xatlırlatmaq istəyirəm: Macarıstanın baş naziri cənab Prezident İlham Əliyevin şərəfinə  keçirilən tədbirdə dedi ki, biz, eləcə də bəzi ölkələr hələ də böhrandan əziyyət çəkirik, ancaq Azərbaycanın uğurları bizlərə nümunədir və biz bu siyasəti davam etdirəcəyik.

“Müstəqil siyasət yeritmək  çox çətindir…”

Bu, onu göstərir və onun etirafıdır ki,  biz daha müstəqil və daha səriştəli  siyasət yürüdürük. Amma müstəqil siyasət yeritmək də çox çətindir.  Azərbaycan dövləti də ötən illər ərzində müstəqil siyasət yolunda  böyük çətinliklərlə  üzləşsə də, yolundan geri dönmədi, daha qətiyyətli oldu. Yəni,  onun-bunun sözlərini birmənalı şəkildə qəbul edib siyasi fikrini, müstəqil mövqeyini dəyişdirmək heç bir ölkəyə xoşbəxtlik gətirmir. Ona görə Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti də öz yolu ilə addımladı, öz müstəqil siyasətini davam etdirdi və bu gün də davam etdirməkdədir. Ölkə Prezidenti İlham Əliyev də  bu siyasəti aparır, Ulu Öndər Heydər Əliyev də zamanında  belə siyasət yürüdüb. Qeyd etdiyim kimi, qlobal sarsıntılar şəraitində,  neft gəlirlərinin nəzərdə tutulmuş səviyyədən aşağı olduğu bir şəraitdə Azərbaycanda ötən illər ərzində heç bir sosial-iqtisadi proqram dayandırılmadı. Azərbaycanda regionların inkişafına ayrılan vəsaitlərin heç biri azaldılmadı.  Bax, budur hökumətin fəaliyyəti…

ziyad-1

“Kapital tutumlu layihələr artıq arxada qalıb. İndi bizə  elm-əmək tutumlu layihələr lazımdır” 

– Sizcə, büdcədə- xərclərdə müəyyən dəyişikliklər ola bilərmi?

-Ola bilər və bu da təbiidir. Bu qədər yollar çəkilib, bu qədər məktəblər tikilib, bu qədər körpülər salınıb. Təbii ki, onlar  bir xeyli müddət fəaliyyət göstərəcəklər. Ona görə hesab edirəm ki, kapital tutumlu layihələr artıq arxada qalıb. İndi bizə  elm-əmək tutumlu layihələr lazımdır. Elm-kapital tutumlu, elm-əmək tutumlu layihələr də daha çox insan kapitalının keyfiyyətinə əsaslanır. Hökumətin də bu istiqamətdə fəaliyyəti göz qabağındadır. Biz bir müddətdən sonra kosmik peykdən büdcəyə gələcək, daxil olacaq gəlirlərdən danışırıq.  Ancaq on il bundan qabaq bu barədə danışa bilməzdik. Amma strategiya, hədəf,  dönüb yeni texnologiyalara. Mən dəfələrlə təklif etmişəm və belə bir nəticəyə gəlmişəm ki, ümumi daxili məhsulun artımında insan kapitalı mühüm yer tutur. Və mən arzu edərdim ki,  ümumi daxili məhsulun ortaya gətirən amillər arasında insan kapitalının rolu artsın.  Bəzən biz insan kapitalının iqtisadiyyatın inkişafında rolunu müəyyən qədər sırf statistik göstəricilərlə hesablayırıq. Hesablayırıq, deyirik ki, bizdə aşağıdır. Təbii, bizdə aşağıdır. Biz böyük bir məktəb, böyük tarixi bir yol keçmişik. Azərbaycan hələ sovetlər dönəmindən xammal ölkəsi kimi formalaşdırılıb. Amma biz indi insan kapitalı və resursları ayırmaq üçün özümüz məsələni həll edirik. Nə qədər məktəb açılıb, nə qədər təhsil ocaqları yaradılıb, nə qədər müasir texnologiyalara əsaslanan iqtisadiyyat qurulub, yəni, hökumətin bu baxımdan da fəaliyyətinə  nəzər yetirdik də görürük ki, çox böyük dəyişikliklər var. Təbiidir, müəyyən məsələlər də var ki, həll olunmur, həll oluna bilmir.  Amma bu o demək deyil ki, dəyişikliklər yoxdur, hökumət buna baxmır.

“İdxaldan asılılığımızı azaltmalıyıq”

 Axı tarix boyu inkişaf mərhələ-mərhələ olur. Bizim hələ də bəzi problemlərimiz var- biz gərək urbanizasiya proseslərini təkmilləşdirək, ucqar kəndlərə diqqəti artıraq. Ucqar kəndlərdə yolların çəkilişi  məsələsi demək olar  həll edilib. Bütün bunlar hamısı proqramlarda var və əminəm ki,  digər məsələlər də  həll olunacaq-həllini tapacaq. Götürək kənd təsərrüfatını. Cənab Prezident özü çıxışında da dedi ki, bu sahədə nə qədər problemlər var.  Ən böyük problemimiz də  məhsuldarlıqdır. İri təsərrüfatlar yaradılır,  məhsuldarlıq artır. Cins mal-qara gətirilir, heyvandarlıq məhsulların istehsalı artır. Bunlar nə üçün bunlar edilir? Ona görə edilir ki, hökumətin əsas vəzifələrindən biri ölkəni ərzaqla təmin etməkdir. Biz idxalımızı təkmilləşdirməliyik, idxaldan asılılığımızı azaltmalıyıq. Bunun üçün  cənab Prezident  hökumətə tapşırıqlar verib ki, ixracyönümlü məhsullar istehsalını həyata keçirən sahibkarlara dəstək verilməlidir. Digər bir məsələ daxili bazarın qorunmasıdır. Təəssüflər olsun ki, bəzən bu məsələdə biz kəndlilərin yanında olmuruq. Biz həmişə onların olduğumuzu göstərməli, onların qayğılarını tam həyata keçirməliyik ki,  kəndli yetişdirdiyi məhsulu çoxlu vasitəçilər olmadan bazara çıxara bilsin. O məhsulun satışından sonra həmin kəndli  fərdi təsərrüfatının inkişafını təmin etsin.

800px-Ziyad_Səmədzadə

“Keyfiyyətli məhsullarla, yeni Azərbaycan brendləri ilə biz xarici bazarlara çıxaq…” 

Bu baxımdan, hökumət fəaliyyətində gələcəkdə buna da diqqət artırılmalıdır. Aqrar sektorda yetişdirilən məhsulların bazara çıxarılması məsələsində maneələr aradan qaldırılmalıdır. Səmərəlilik göstəriciləri yaxşılaşmalıdır. Biz artıq inkişafın elə bir məhsulpərvər mərhələsinə çatmışıq ki, itkilərin azaldılmasını təmin etməliyik. Biz daha mütərəqqi, yeni iş yerləri yaratmalıyıq. Texniki-peşə sisteminin inkişafı ön plana çəkilməlidir.  Dövlətin,  millətin gələcəyi üçün ən vacib olan məsələlərdən biri də sənaye siyasətidir. Yeni sənaye siyasəti bizə imkan verəcək ki, bizim ümumi daxili məhsulumuzda elm tutumlu istehsal sahələri məhsuldarlığının xüsusi çəkisi artsın. Keyfiyyətli məhsullarla, yeni Azərbaycan brendləri ilə biz xarici bazarlara çıxaq.  Amma mən bir daha bütövlükdə  hökumətin builki fəaliyyətini də çox müsbət qiymətləndirirəm.  Ətrafımıza baxaq, biz nədən danışırıq, qonşular nədən danışırlar. Onlar danışırlar ki, əmək haqqını vaxtında görək verə biləcəyikmi? Pensiyaları vaxtında verə biləcəyikmi? Görəsən, bütün yollarımızda bir dəyişikliklər olacaqmı və sair və sair. Amma Bakının mənzərəsi, Azərbaycanın imici, gələn qonaqlar, keçirilən tədbirlər, Azərbaycan  beynəlxalq aləmdə reytinqi, bütün bunlar onu göstərir ki, siyasətimiz düzgündür və bu düzgün siyasət də hökumət tərəfindən  onun səlahiyyətinə daxil olan istiqamətlər çərçivəsində uğurlu həyata keçirilir.

“Ölkənin 9 milyonluq əhalisinin xeyli hissəsinin Bakıda, digər iki mərkəzlərdə cəmləşməsi o qədər də müsbət qiymətləndirilmir”

-Siz urbanizasiya məsələsinə toxundunuz. Bu məsələnin uğurlu həlli, bölgələrdən insanların Bakıya kütləvi axının qarşısının alınması üçün paytaxtın Bakıdan başqa əraziyə köçürülməsi və yeni paytaxtın salınması mümkündürmü? 

-Bilirsiniz,  urbanizasiya proseslərinin tənzimlənməsi çox vacib məsələdir. Ölkənin 9 milyonluq əhalisinin xeyli hissəsinin Bakıda, digər iki mərkəzlərdə cəmləşməsi o qədər də müsbət qiymətləndirilmir. Hələ sovetlər vaxtında Ulu Öndər Heydər Əliyev çıxışlarının birində demişdi ki, Abşeron Azərbaycan ərazisinin 7 faizini təşkil edir. Amma burada o vaxtlar əhalinin xeyli hissəsi, istehsal olunan potensialın 75-80 faizi cəmləşib. Bu, doğrudan da, düz deyil. Bu, sovet sistemindən qalan bir nəticə idi. Sovet sistemində SSRİ Dövlət Plan Komitəsi, Nazirlər Soveti çalışırdı ki, bütün iri müəssisələri paytaxtda yerləşdirsin. Çünki onlar üçün bu asan idi ki, mənzil burdadır, kommunal təsərrüfatlar  burdadır, ona görə elə iri müəssisələrdə burada  yerləşdirilsin. İndi görürsünüz ki, iri müəssisələr,  şəhərin əhalisinin sağlamlığına mənfi təsir edən tullantıları havaya buraxan müəssisələr kənara köçürülür.

“Əsas hədəfimiz regionların üstün inkişafıdır…”

Amma bir müddət regionlarda, doğrudan da, məşğulluq problemi çox ciddi şəkildə üzə çıxdı. Nə üçün? Kolxozlar, sovxozlar dağıldı. Bu da olmalıydı. Obyektiv zərurət idi, o sovet sistemi idi. Amma eyni zamanda müstəqilliyin ilk illərində təsərrüfatsızlıq, səriştəsiz rəhbərlik,  ölkədəki siyasi gərginlik, istimai-siyasi sabitliyin olmaması insanları evlərindən uzaqlaşdırdı. Həmçinin, ciddi qaçqın-köçkün problemi yarandı və birdən-birə qaçqınları rayonlarda yerləşdirmək üçün o qədər yer yox idi. Onlar hamısı gəldilər Bakıya və indi bu tendensiyanın sağlamlaşdırmaq üçün dövlət başçısı daim davam edən prosesləri həyata keçirir. Qaçqınlar üçün məhəllələr, qəsəbələr salınır. Füzulinin ermənilərlə sərhəd olan Horadiz şəhəri inkişaf edir. Dağlıq Qarabağın-erməni faşistləri tərəfindən zəbt edilmiş torpaqların yanında Azərbaycan zəhmətkeşləri iri təsərrüfatlar, sənaye müəssisələri yaradırlar. Blokada şəraitində yaşayan Naxçıvanda böyük sənaye müəssisələri tikilib. Yəni, bütün bunlar kənddən şəhərə axını azaltmağa sövq edəcək. Mən hesablamalar aparmışam, mənim bəzi tədqiqatlarım var. Mən bu məsələlərlə elmi cəhətdən də məşğul olmuşam və hesab edirəm ki,  əsas hədəfimiz regionların üstün inkişafıdır, özü  təkcə kənd təsərrüfatı baxımından yox.

“İnsana diqqət ön plana çəkilməlidir” 

Məsələn, bu yaxınlarda qərar qəbul edildi ki, Neftçalada sənaye məhəlləsi yaradılsın. Belə sənaye məhəllələri gələcəkdə digər rayonlarda da yaradılacaq. Mingəçevir sənaye qovşağı, Yevlax sənaye qovşağı, Şirvan, Gəncə, bu tərəfdən cənubda Lənkəran. Bütün bunlar Azərbaycanın potensial inkişaf imkanlarını genişləndirəcək və  bu baxımdan,  Bakıya köç edən insanlar daha çox kənddə qalmağa, yəni, kənd rayonlarında qalmağa üstünlük verəcəklər.  Eyni zamanda, insana diqqət ön plana çəkilməlidir. Mən işçilərin bəzi hallarda ixtisarını o qədər də qəbul etməyən iqtisadçıyam. Hər bir iş yerinin ixtisarı mənəvi cəhətdən ağırlıq gətirir. Çünki orada insan nə qədər çox məşğul olarsa, insanlar nə qədər çox əmək fəaliyyətinə cəlb olunarsa, bir o qədər yaxşı olar. Ona görə mən əminəm ki, biz bu prosesləri tənzimləyəcəyik.  Bununla belə, onu da nəzərə almalıyıq ki,  Azərbaycan o qədər də ərazisi  böyük olan  dövlət deyil ki,  yeni paytaxt salaq və ya bir neçə iri şəhərlər yaradaq. Biz gərək mövcud şəhərlərimizin simasını qoruyaq.

“Qəbələdən indi kim gələr Bakıya? Oğuzdan kim gələr Bakıya?”

Görürüsünüz, Xaçmaz necə dəyişib,  Qubada  necə inkişaf var. Bir müddətdən sonra hamı Quba-Xaçmaz zonasına üz tutacaq.  Qəbələdən indi kim gələr Bakıya? Oğuzdan kim gələr Bakıya? İri müəssisələr yaradılır, yeni-yeni iş yerləri yaradılır.  Eyni  zamanda, turizmi də biz inkişaf etdirməliyik. Yeri gələndə turizmin inkişafı ilə bağlı bəzən yerli işçi qüvvəsi tapılmır,  digər rayonlardan gəlirlər. Ona görə də o boşluğu doldurmaq lazımdır. Bir tədqiqatçım var, mən ona Aran rayonlarının sosial-iqtisadi inkişafı ilə bağlı mövzu tapşırmışam. Çünki Aran rayonlarında inkişaf səviyyəsi digər rayonlara nisbətən aşağıdır. Mənim fikrim ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı özünün elə bir inkişaf mərhələsinə çatıb ki, burada urbanizasiya proseslərini tənzimləmək şansları, tənzimləmə mexanizmi, imkanları xeyli genişlənib,  əvvəlki axın ola bilməz…

Kamil HƏMZƏOĞLU

Gün.Az və “525-ci qəzet”,  fevral, 2015-ci il   

Etikxeber.az   

 

Read Previous

Hava necə olacaq?

Read Next

“Qeyri-formal məşğulluq mövcuddur, nə edəsən ki, hələ də qaçılmazdır” – RƏCƏBLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir