“Vətən yolunda qayınımı və tək oğlumu Şəhid vermişəm…İstəyirəm ki, övladım “Cəsur döyüşçü” medalı və ordenlərimizdən biri ilə təltif edilsin, Kənanımın adı, xatirəsi əbədiləşdirilsin…”-ŞƏHİD KƏNAN ƏLƏKBƏRLİNİN ANASI FƏXRİYYƏ ƏLƏKBƏROVADAN ÖLKƏ RƏHBƏRLİYİNƏ MÜRACİƏT

Goranboy rayonunun Qızılhacılı qəsəbəsindən olan Fəxriyyə Ələkbərova ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident, Birinci xanım Mehriban Əliyeva, Müdafiə naziri Zakir Həsənov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Kərim Vəliyevə (surəti) müraciət ünvanlayıb.

Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Çox hörmətli və çox dəyərli Müzəffər Ali Baş Komandan!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Fəxriyyə Xəlil qızı Ələkbərova Goranboy rayonunun Qızılhacılı qəsəbəsindən olan İkinci Vətən Müharibəsi Şəhidi Kənan Müşfiq oğlu Ələkbərlinin anasıyam. Oğlum Kənan Ələkbərli İkinci Vətən Müharibəsi zamanı, oktyabr ayının 10-da, müharibənin 14-cü günündə Ağdərə-Suqovuşan istqamətində döyüşlərdə Şəhid olub və nəşi bir gün sonra Qızılhacılı (Balakürd) qəbiristanlığında dəfn edilib. Kənan mənim tək oğlum idi. Həm də nişanlıydı. Ömrü kimi arzuları, xəyalları da yarımçıq qaldı. Bəyliyi ağ kəfəni oldu. Bir ana, bir valideyn üçün bunları dilə gətirmək, qeyd etmək də çox çətin, çox əzablıdır, ölümdən betərdir. Allah heç kimə, heç bir Anaya övlad itkisi, acısı yaşatmasın! Biz yandıq, digər analar, atalar yanmasın, acı çəkməsin!

Elə bu yerdə deyim, qeyd edim ki, mənim qayınım-subay Cabbar Ziyəddin oğlu Ələkbərov da Şəhiddir. Birinci Qarabağ Savaşının, 1994-cü ilin Şəhidi. Hələ də məzarı yoxdur. O da bu həyatdan nakam, arzuları gözündə getdi. Həyat yoldaşım Müşfiq Ələkbərov da Birinci Qarabağ Savaşının iştirakçılarından, Vətən sevdalılarından olub.

İstər övladımla, Kənanımla, istər Şəhid qayınımla, istərsə də həyat yoldaşımla Fəxr edir, Qürur duyuram. Fəx edir, Qürur duyuram ki, Kənan kimi bir Oğulun anasıyam, Cabbar kimi bir İgidin qardaşı yoldaşıyam, Müşfiq kimi Vətən sevdalısının xanımıyam. Oğlum və qayınım da daxil olmaqla, cəmi Şəhidlərimizin, Şəhid balalarımızın ruhları qarşısında da baş əyirəm!”

Müraciətdə sonra deyilir:

“Cənab İlham Heydər oğlu!

Müraciət etməklə, Sizin diqqət və nəzərinizə iki xahişimi, arzumu çatdırmaq istəyirəm.

Birinci xahişim övladımın təltifi ilə bağlıdır. Övladım öz arzusu ilə İkinci Vətən Müharibəsində iştirak edib, 14 günlük çox ağır, çox şərəfli döyüş yolu keçib və Şəhid olub. Ancaq cəmi iki medalla-“Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Elə bilirəm ki, bu, çox azdır, bu, Şəhidimə haqsızlıqdır. Çox istərdim ki, övladım “Cəsur döyüşçü” medallı və ölkəmizin ən dəyərli ordenlərindən biri ilə təltif olunsun. Bu, övladımın Haqqıdır.

Eyni zamanda, yaşadığımız Qızılhacılı qəsəbəsində, Goranboy rayonunda övladımın adının, xatirəsinin əbədiləşdirilməsini istəyirəm. İstəyirəm ki, küçələrdən birinə övladımın adı verilsin. Eyni zamanda, məktəblərdən, məktəbəqədər təhsil müəssisələrindən, mədəniyyət ocaqlarından biri övladımın ismi ilə adlandırılsın.

Əgər belə olarsa, həm arzuları gözündə, ömrü kimi yarımçıq qalmış balamın ruhu sevindirilmiş, həm də iki əzizini Şəhid vermiş bir ailəyə ən azı mənəvi təskinlik, təsəlli verilmiş olar.

Ona görə inanıram və ümid edirəm ki, müraciətim tərəfinizdən həssaslıqla a, nəzərə alınacaq və öz müsbət həllini tapacaq. Öncdən də Sizə dərin minnətdarlıq və təşəkkürlərimi bildirirəm.

Allah Sizi, ailənizi, Millətimizi, Dövlətimizi, Vətənimizi qorusun və hifz etsin!”

Etikxeber.az

Read Previous

Parlamentin plenar iclaslarında 2022-ci ilin büdcə zərfinin müzakirələri başlayır-SABAHDAN

Read Next

“Valyuta ehtiyatlarımız ilin sonuna dövlət borcunu 6 dəfədən çox üstələyəcək”-MİKAYIL CABBAROV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir