12 medallı keçmiş Xüsusi Təyinatlı Tural Əliyev yendən ölkə rəhbərliyinə müraciət VƏ ÜZLƏŞDİYİ PROBLEMLƏRİN HƏLLİNƏ KÖMƏK, DƏSTƏK İSTƏDİ

Goranboy rayonunun Düzqışlaq kəndindən olan keçmiş Xüsusi Təyinatlı Tural Əsgər oğlu Əliyev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ölkənin Birinci xanımı Mehriban Əliyevaya, Müdafiə naziri, general-polkovnik Zakir Həsənova, Müdafiə nazirinin Birinci müavini, Baş Qərargah rəisi Kərim Vəliyevə, Müdafiə nazirinin müavini, general-leytenant Hikmət Mirzəyevə, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə və Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımova müraciət ünvanlayıb.

Etikxeber.az xəbər verir ki, müraciətdə deyilir:

“Əminəm ki, budəfəki müraciətim Sizə çatacaq, çatdırılacaq və həllini istədiyim məsələlər qısa zamanda öz çözümünü tapacaq”

“Cənab Prezident!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Tural Əsgər oğlu Əliyev Qəhrəman Goranboy rayonunun Düzqışlaq kəndindənəm. Və bu, Sizə son iki ayda ünvanladığım ikinci müraciətimdir. Çox təəssüflər olsun ki, ilk müraciətimdə həllinə köməklik istədiyim məsələlərin heç biri aidiyyatı qurumlar tərəfindən öz müsbət çözümünü tapmadı, sadəcə, xala xətrin qalmasın, başdansovdu, soyuqqanlı cavablar göndərildi. İnanıram ki, müraciətim Sizə çatsaydı, Siz özünüz onunla birbaşa tanış olsaydınız qaldırdığım, həllini istədiyim məsələlərin hər biri artıq çoxdan öz müsbət və təcili həllini tapmışdı. Ona görə əminəm ki, budəfəki müraciətim Sizə çatacaq, çatdırılacaq və həllini istədiyim məsələlər qısa zamanda öz çözümünü tapacaq. Əksi mümkün deyil və əksini də düşünmürəm.

Təkrarçılıq da olsa, qeyd etmək istəyirəm ki, mən 1994-cü ilin mart ayının 2-də Qəhrəman Goranboy rayonunun Düzqışlaq kəndində sadə bir ailədə dünyaya gəlmişəm. Ailənin iki övladından, iki qardaşdan biri, evin sonbeşiyiyəm. Atamızı çox vaxtsız, cəmi 44 yaşında, 2009-cu ildə itirmişik. Anamız Sevinc xanım-Sevinc Əliyeva o vaxtdan bizə həm analıq, həm də atalıq edib.

Orta məktəbi bitirdikdən və həqiqi hərbi xidmətimi başa vurduqdan sonra-2014-cü ildə yenidən həyatımı hərb, Ordu ilə bağlamışam. 2014-2016-cı illərdə Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə fəaliyyət göstərmişəm. 2016-cı ildə Aprel döyüşlərində iştirak etmişəm, yaralanmışam. Ancaq yenidən hərb həyatına davam etmişəm.

2016-cı ildə həm də Xüsusi Təyinatlı Qüvvələrin sıralarında fəaliyyətimi davam etdirmişəm, Gizir rütbəsinə layiq görülmüşəm. 2020-ci ilin sentyabr ayının 27-dən isə İkinci Vətən Müharibəsi başlaması ilə “Əfsanəvi tabor”un Xüsusi Təyinatlısı, Giziri kimi döyüşlərə atılmışam. Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd istiqamətlərində döyüşmüşəm. Oktyabrın 17-də Xocavənd istiqamətində qanlı döyüşlərdən birində topuğumdan və diz nahiyəmdən yaralanmışam. Ayın 19-dan isə səhhətimlə əlaqədar müxtəlif xəstəxanlarda müalicə-müayinədən keçmişəm.

2020-ci ilin dekabrından yenidən hərb həyatımı davam etdirmişəm və 2021-ci ildə iki dəfə erməni terrorçularının əsir götürülməsində birbaşa, yaxından iştirak etmişəm, yenə həyatımı risqə atmaqdan çəkinməmişəm. 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, “Qisas” əməliyyatında iştirak etmişəm və sentyabrın 13-də Kəlbəcər istiqamətində qarın nahiyəmdən və qolumdan ağır yaralanmışam. Əvvəlcə Kəlbəcərdə əməliyyat olunmuşam, sonra Bakı şəhərinə Hərbi Hostiptalda müalicəmi davam etdirmişəm. 2023-cü ilin iyulunda isə səhhətimlə bağlı Ordudan təxris olunmuşam. Həmçinin, bu ilin sentyabrında lokal xarakterli antiterror əməliyyatında iştirak etmək üçün Goranboy rayon Hərbi Komissarlığına müraciət etmişəm, ancaq buna ehtiyac olmadığı bildirilib.

Ötən illər ərzində həm müdafiə naziri tərəfindən, həm də Müzəffər Ali Baş Komandanımız kimi Sizin tərəfinizdən 12-yə yaxın medalla təltif olunmuşam. Ancaq çox təəssüflər olsun ki, bugünədək orden Haqqımı ala bilməmişəm. Konkret olaraq, 44 günlük İkinci Vətən Müharibəsindən sonra “Azərbaycan Bayrağı”, 2021-ci ildə-iki dəfə erməni terrorçularının əsir götürülməsindən sonra 3-cü dərəcəli “Rəşadət” və “Azərbaycan Bayrağı” və “Qisas” əmiyyatından sonra yenə “Azərbaycan Bayrağı” ordeninə təqdim olunduğum bildirilsə də, təqdimatlarım Sizin masanızın üstünə qoyulmayıb.

Eyni zamanda, 2022-ci ilin yayında ailə həyatı qurmuşam və ötən ilin sonlarında Sevinc adlı qız övladım dünyaya gəlib. Nə özüm işləyirəm, nə də həyat yoldaşım işləyir. İkimiz də işsizik. Hazırda səhhətimdə çox ciddi problemlər var, müalicə-müayinəmi davam etdirirəm. Əlillik dərəcəsini də ala bilməmişəm”.

Müraciətdə sonra qeyd olunur:

“Hörmətli İlham Heydər oğlu, Müzəffər Ali Baş Komandanımız!

Bu müraciəti ünvanlamaqla, bir daha Sizin nəzərinə bir neçə problemimi çatdırmaq və bir neçə xahişimi dilə gətirmək istəyirəm. Qeyd etdiyim kimi, səhhətimlə bağlı artıq bir neçə aydır heç bir yerdə işləmirəm. Ailəliyəm, övlad atasıyam. Maddi durumumuz çox ağırdır. Odur ki, ilk növbədə səhhətimin, keçdiyim hərb və döyüş yolumun nəzərə alınaraq, müvafiq, normal bir işlə təmin olunmağımı Sizlərdən xahiş və rica edirəm.

İkinci xahişim banka olan borcumun bağlanması, bağışlanması məsələsidir. İşsiz olduğuma görə bank kreditimi ödəyə bilmirəm. Maddi durumum buna heç bir halda yol vermir. Elə bilirəm ki, bank kreditimin bağışlanması ölkəmiz və həmin bank (ABB) üçün böyük problem olmaz. Bu yerdə acı təəssüf hissi ilə onu da nəzərə çatdırmaq istəyirəm ki, ötən dəfə müraciətimlə bağlı mənə verilən “cavab”da hansı banka borclu olduğumun qeyd edilmədiyi bildirilib. Vallah, bu, çox gülməlidir və hörmətsizlikdir. Hansı banka borclu olduğumu öyrənmək, aydınlaşdırmaq mənə “cavab” yazan qurum və ya şəxslər üçün “iki vuraq iki” kimi çox asan bir məsələdir.

Burada hansısa “velosiped” icad etməyə ehtiyac yoxdur. Ancaq verilən “cavab”ın özü göstərir ki, müraciətimə, problemimə hansı “münasibət” var. Bu isə Vətəni üçün canını əsirgəməyən bir insan kimi məni çox üzür və çox incidir. Ona görə bu məsələnin müsbət həlli üçün öz səlahiyyətlərinizdən istifadə edib, aidiyyatı qurumlara müvafiq göstəriş və tapşırıqlar verməyinizi Sizdən xahiş və rica edirəm. 

Yeri gəlmişkən, mənim qaldırdığım, həllinə köməklik istədiyim məsələlərin Goranboy rayon İcra Hakimiyyətinə heç bir aidiyyatı yoxdur, onların səlahiyyətinə aid deyil. İcra hakimiyyəti orden, mənzil verən və ya bank problemini həll edən bir qurum deyil. Ona görə müraciətimin Goranboy rayon İcra Hakimiyyətinə göndərilməsi düzgün deyil, bu, mənə qarşı hörmətsizlikdir.

Eyni zamanda, yuxarıda da qeyd etdiyim kimi, əlillik dərəcəmi almadığım üçün (yaxın zamanlarda bu barədə qərar, rəy verilməlidir və inanıram ki, müsbət qərar, rəy olacaq) indiyə kimi şəxsi evlə, mənizillə təmin olunmamışam. Şəxsi evim, mənzilim yoxdur.  Anamla və hələlik subay olan qardaşımla bir yerdə yaşayıram ailəmlə birlikdə. Elə hesab edirəm ki, evlə, mənzillə təmin olunmağım üçün əlilik məsələsinə xüsusi ehtiyac yoxdur. Keçdiyim şərəfli hərb və döyüş yolum evlə, mənzillə təmin olunmağım üçün tam əsas verir. Ona görə bu məsələnin həllinə də dəstək olmağınızı Sizdən xahiş edirəm.

Həmçinin, ölkənin ali ordenlərindən biri ilə təltif olunmağımı Müzəffər Ali Baş Komandanımız kimi Sizdən rica edirəm.Yuxarıda da vurğuladığım kimi, dörd dəfə söz, vəd verilsə də, orden Haqqımı ala bilməmişəm. Təvazökarlıqdan uzaq olmasın, keçdiyim şərəfli hərb və döyüş yolu ali ordenlərimizdən biri ilə təmin olunmağımı mümkün edir. Orden də mənim halal haqqımdır və istəyirəm ki, Haqqım yeyilməsin, kimlərsə öz şəxsi maraqları naminə mənim Haqqını yeməsinlər, Haqqıma girməsinlər. Mənim kimi neçə-neçə Haqqını ala bilməyən Vətən sevdalısı oğulları bu Vətəndən, bu Dövlətdən küsdürməsinlər. Bizim üçün hər şeydən öncə Vətən, Dövlət, Torpaq gəlib və bu, hər zaman da belə olacaq. Amma biz də insanıq, biz də təmənnasız əziyyətlərimizin, xidmətlərimizin yerdə qalmamasını, Haqqımızın yeyilməməsini istəyirik. Ona görə orden Haqqımın da tanınmasını, bu istiqamətdə səlahiyyətli və qurumlara tapşırıq və göstərişlər verməyinizi xahiş və rica edirəm

İnanıram və əminəm ki, Sizə ünvanladığım bu müraciətim diqqətlə nəzərdən keçiriləcək və öz müsbət həllini tapacaq. Eyni zamanda, qarşıdan 7 fevral-növbədənkənar prezident seçkiləri gəlir. Bizim də birmənalı seçimimiz Sizsiniz, başqa cür də ola bilməz!

Öncədən də Sizə növbəti uğurlar, Qələbələr arzulayır, öz dərin minnətdarlıq və təşəkkürlərimi ifadə edirəm!”

Etikxeber.az

Read Previous

Prezident Bakıda DSX-nın yeni hərbi hospital kompleksinin-AÇILIŞINDA – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Prezidentliyə namizədlərin ödənişsiz efir vaxtının bölgüsü üçün-PÜŞKATMA KEÇİRİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir