“YAP ÜZVÜ OLMAQ ŞƏRƏFDİR, ÇÜNKİ…” – YAP-çı deputat

Üzvü və parlamentdə təmsil etdiyim Yeni Azərbaycan Partiyasından (YAP) qürur duyur, iftixar hissi keçirirəm. Bu partiyanın üzvü olmaq hər birimiz üçün böyük şərəfdir. Çünki bu partiyanın adı dahi və tarixi şəxsiyyət, böyük və mahir siyasət ustası, görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Bu partiyanın yaradıcısı, banisi və qurucusu odur, ikinci müstəqil Azərbaycanın qurucusu və memarı kimi. Məhz Heydər Əliyevin razılığı, rəhbərliyi və iştirakı ilə belə bir partiya yeni-müstəqil Azərbaycanın Yeni Azərbaycan Partiyası yaradıldı, təsis edildi.

Bunu Etikxeber.az-a açıqlamasında YAP-dan olan millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, düz 27 il öncə, 1992-ci ilin şaxtalı-sazaqlı payız günlərində, noyabrın 21-də soyuq bir zalda Heydər Əliyevin hərarəti, isti nəfəsi ilə Yeni Azərbaycan Partiyasının Naxçıvanda təsis konfransı keçirildi.

“O vaxtkı hakimiyyət təmsilçilərinin bütün təzyiq və əngəllərinə rəğmən, onlarla, yüzlərlə fədakar Azərbaycan övladının iştirakı ilə  böyük öndərə qucaq açan Naxçıvanda partiyamızın təməli, bünövrəsi, özü qoyuldu.

Yaranmasından, təsis edilməsindən sonra da partiyamız təqiblərə, təzyiqlərə məruz qaldı, partiyamızın üzvləri incidildi, sıxışdırıldı, ancaq onların heç biri yolundan, amalından, əqidəsindən dönmədi, daha da mətinləşdi, daha da mübariz oldu. Partiyamızın üzvləri Ulu öndərin və onun Azərbaycan naminə amalları ətrafında sıx birləşərək, qısa zaman ərzində YAP-ı ölkənin ən güclü, bir nömrəli müxalifət partiyasına çevrdi. İnsanlarda sabaha, gələcəyə ümid qığılcımları yaranmağa, gözlərdə işıq közərməyə başladı. Partiyamız indiki radikal  müxalifətdən ( o vaxt isə hakimiyyətdə olan qüvvələrdən) fərqli olaraq,  hakimiyyətə qarşı sağlam, konstruktiv mövqedə dayandı, dövlətə, dövlətçiliyə müxalifətçilik etmədi.

Bunun da nəticəsində YAP çox qısa zaman kəsiyində hakimiyyətə gəldi. 1993-cu məlum hadisələrindən, 4 iyun qiyamından, o vaxtkı səriştəsiz iqtidarın təkidli və israrlı tələblərindən sonra Heydər Əliyev yenidən Bakıya qayıtdı, Ali Sovetin sədri seçilməklə və qısa müddətdən sonra  ölkə Prezidentin səlahiyyətlərini icra etməklə ikinci hakimiyyət dövrünə qədəm qoydu, rəhbəri olduğu Yeni Azərbaycan Partiyası, onun fədakar üzvləri ilə birlikdə tarixi missiyasını yerinə yetirdi,  ölkəmizi uçurumdan, bölünməkdən, parçalanmaqdan, vassala çevrilməkdən, müstəqilliyini ikinci dəfə itirməkdən xilas etdi.

Uğurlu neft strategiyası, tarixi “Əsrin müqaviləsi” nəticəsində Azərbaycanın həyatında  sabitlik, inkişaf mərhələsinə qədəm qoyuldu. Ölkədə bütün demokratik təsisatlar bərqərar olundu, söz, vicdan azadlığı təmin edildi, çoxpartiyalılıq oturuşduldu, ilk müstəqil Konstitusiyamız qəbul edildi. Qısa zaman ərzində Azərbaycan dünyanın sabit və inkişaf etmiş ölkələrindən birinə çevrildi. 2003-cü ilin oktyabrında  isə Ulu Öndərin layiqli davamçısı ölkə Prezidenti cənab İlhan Əliyevin hakimiyyətə gəlməsi ilə sabitlik, inkişaf mərhələsi əsl tərəqqi, çiçəklənmə, yüksəliş, intibah mərhələsi ilə əvəzləndi. Ölkəmiz bölgənin və dünyanın lider dövlətləırindən birinə çevrildi. Sabitlik və təhlükəsizlik adası, milli və dini tolerantlıq mərkəzi kimi dünyanın ən önəmli məsələlərinin müzakirə olunduğu siyasi, iqtisadi, mədəni, humanitar, hərbi dialoq məkanına çevrilməyi bacardı.

Bu gün Azərbaycan dünyada nəinki tanınır, etiraf və qəbul edilir, həm də sözü, nüfuzu, çəkisi ilə hesablaşlır, fikri və rəyi ən mötəbər mərtəbələrdə nəzərə alınır. Azərbaycanın razılığı və iştirakı olmadan bölgədə heç bir layihə icra olunmur. Yalınız və yalnız Azərbaycanın razılığı və dəstəyi ilə nəinki bölgə, bütövlükdə dünya üçün önəmli layihələr icra olunur, həyata vəsiqə qazanır. Bu uğurlarda da Heydər Əliyevin qurucusu və yaradıcısı olduğu, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası və onun fədakar üzvlərinin əməyi, zəhməti var. İstər Ulu Öndər, istərsə də ölkə Prezidenti hər zaman çıxışlarında bunu dilə gətirib, YAP üzvlərinə xidmətlərinə görə öz minnətdarlıq və təşəkkürlərini ifadə edib, partiyamızın üzvlərinin fəaliyyətini yüksək dəyərləndiriblər. Bunlar bizlərə, YAP üzvlərinə verilən ən böyük dəyər və qiymətdir.

Bu gün artıq partiyamızın yaranmasının 27 ili tamam olur. Bu tarixi hadisə, tarixi günlə bağlı başda YAP sədri, ölkə Prezidenti cənab İlham Əliyev olmaqla bütün partiya üzvlərimizi təbrik edir, onlara uğurlar, nailiyyətlər, növbəti parlaq zəfərlər arzulayıram. Eyni zamanda, bu əziz və tarixi gündə bir daha Ulu Öndərimizi minətdarlıq hissi ilə  və şükranlıqla anır, nə qədər ki Azərbaycan var, sən də bizimlə birgə olacaqsan, ruhun bizimlə olacaq, deyirəm.

Bir daha günün mübarək olsun, Yeni Azərbaycan Partiyası və onun dəyərli üzvləri!”-deyə, E. Səlimov sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az 

 

 

Read Previous

“Fərman Salmanov adına təqaüd”ün verilməsi Qaydası” – TƏSDİQLƏNDİ

Read Next

YAP-ın 27 illiyi təntənəli şəkildə – QEYD OLUNUR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir