Yenə Mingəçevir…Yenə Şəhidlər Xiyabanı…Nur üzlü Şəhidlərimiz…-NƏŞİ 15 GÜNDƏN SONRA TORPAĞA TAPŞIRILAN-EVİN TƏK OĞLU NİCAT VASİF OĞLU İBİŞOV… – FOTOLAR

Yenə Mingəçevirimizdəyəm…

İkinci Vətən Müharibəsində 50-yə yaxın İgidini Şəhid vermiş ölkəmizin dördüncü şəhərində, dördüncü sənaye mərkəzində…

Yenə Mingəçevir Şəhidlər Xiyabanındayam…

Yenə Vətən İgidlərini, Vətən sevdalılarını, Birinci və İkinci Qarabağ Savaşının Şəhidlərini ziyarət etməyə gəlmişəm…

Şəhidlərimizi ziyarət etmək borcumdur, borcumuzdur cümləmizin…

Onlar bizim üçün, Vətənin bütövlüyü, Qarabağın azadlığı uğrunda canlarını fəda ediblər, canlarından keçiblər-cavan, gəncəcik yaşlarında…

Bir ömür boyu onlara-Musaya, Turala, Əzimə, Məhəmmədə, Ərzumana, Əliyə, İslama, İlkinə, Pərvinə, Pərvizə, Fuada, Şahmara…borcumuz bitməz, tükənməz, hər zaman, hər an onlara borcluyuq, minnətdarıq…

Onlar bizim Zəfər, Qələbə Dastanı yazanlarımızdır…

Baş tacımız, müqəddəs and yerimizdirlər!

***

Şəhidlər Xiyabanını ziyarət edərkən Şəhidimiz Nicatın məzarı önündə dayanıram…

Susuram, səssizəm…Deməyə söz tapmıram Şəhidimin, Şəhidimizin məzarını önündə diz çökən, için-için ağlayan, sızım-sızım sızlayan…anasına təskinlik, təsəlli verməyə…

Sözün, kəlmələrin yenə bitdiyi, aciz qaldığı yer, an…

Özümü birtəhər toparlayıb Şəhidimizin anasına, Samirə xanıma başsağlığı verirəm, Allah səbrinizi versin deyirəm…

Şəhidimiz evin tək oğlu olub…

Nicatgil ailədə iki uşaq – bir bacı-bir qardaş olublar…

Nicat evin böyük uşağı olub…

2000-ci ilin avqust ayının 27-də Mingəçevirdə sadə bir ailədə dünyaya gəlib…

Orta məktəbi bitirdikdən sonra, 2018-2020-ci illərdə hərbi xidmətdə, əsgərlikdə olub…

Əsgərliyini başa vurduqdan sonra yenə evinə, ailəsinə dönüb və cəmi bir neçə aydan sonra səfərbərliyə cəlb olunub, 20 yaşının tamamının bir ayında, 2020-ci ilin sentyabr ayının 27-də isə döyüşə, cəbhəyə yollanıb…

Döyüşüb, vuruşub, igidliklər göstərib…Və ağır döyüşlərin birində, oktyabrın 10-da Suqovuşan-Ağdərə istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhadətinə qovuşub, Şəhidlik məqamına uclalıb…

Həmin gün nəşini götürmək mümkün olmayıb, yalnız 15 gündən sonra, oktyabrın 25-də nəşini götürmək mümkün olub və Mingəçevirə, Şəhidlər Xiyabanına gətirilərək, torpağa tapşırılıb…

Ölümündən sonra Ali Baş Komandan tərəfindən də iki medalla-“Vətən uğrunda”“Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub…

Haqqıdır, Haqqını da qanı ilə, canı ilə qazanıb!

Allah məkanını cənnətlik, məzarını behiştlik, məqamını ucalardan uca etsin-Şəhidimizin, Şəhid Nicatımızın, Nicat Vasif oğlu İbişovun!

Böyük Yaradan acılı, kədərli, gözü yaşlı ailəsinə-anası Samirə xanıma, atası Vasif bəyə və tək bacısına səbr, dözüm versin!

Nurlar içində uyusun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

07.05.2021, Mingəçevir

Etikxeber.az

Read Previous

Daha bir Şəhidimiz-32 YAŞLI ƏBÜLFƏZ RƏHMƏTOVUN NƏŞİ TORPAĞA TAPŞIRILDI – YENİLƏİNİB

Read Next

Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxslər-HƏBS EDİLDİ – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir