“Zaman Ermənistanın əleyhinə işləməkdədir…” – ELMAN NƏSİROV YAZDI

Aprel zəfərinin üçüncü ildönümü

Azərbaycan ordusu 2016-cı ilin 2-5 aprel tarixlərində Ermənistan silahlı qüvvələrinin növbəti hərbi avantürasının qarşısını əks-həmlə ilə aldı və düşmənə sarsıdıcı zərbələr endirdi. 4 günlük hərbi əməliyyatlarda qoşunlarımız mövqe üstünlüyünü təmin etmiş oldu. Bu vəziyyəti necə şərh etmək olar?

ILYA_HERBI

ILHAM-HARBI-1

Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, “Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasınadır. Güclənən Azərbaycan və qüdrətli Azərbaycan Ordusu, qəhrəman Azərbaycan əsgəri onlar üçün daim qorxu mənbəyidir və bu qorxunu aradan qaldırmaq üçün, sadəcə olaraq, Ermənistan beynəlxalq hüquq normalarına əməl etməlidir və işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır”.

Ermənistan tərəfi bu fikirlərə uzun müddət ərzində bir təbliğat kampaniyasının tərkib hissəsi kimi yanaşırdı. Elə bu məntiqlə də aprelin 1-dən 2-nə keçən gecə növbəti hərbi avantüraya əl atdı və layiqli cavabını aldı. Ermənistanın Azərbaycanla dövlət sərhəddində və qoşunların təmas xəttində törətdiyi növbəti hərbi insident Azərbaycan ordusunun qüdrətini və sarsılmaz döyüş ruhunu, erməni ordusunun isə acizliyini və zəifliyini nümayiş etdirdi. Ən müasir hərbi texnika və silahlarla təhciz edilmiş, yüksək vətənpərvərlik ruhuna malik ordumuzun 4 gün ərzində düşməni əks-hücumu ilə darmadağın etməsi cənab Prezidentin yuxarıda qeyd olunan fikirlərinin tam həqiqəti əks etdirdiyini bir daha təsdiqlədi. Ermənistanın aprel hərbi təxribatı və ona Azərbaycan ordusunun verdiyi layiqli cavab bir sıra nəticələrə gəlməyə əsas verir. Çoxsaylı nəticələr sırasında 3-ü üzərində xüsusi olaraq dayanmaq istəyirəm.

mnnn-1

Birinci nəticə. Ermənistan ordusunun və qondarma “DQR silahlı qüvvələri”nin kifayət qədər güclü olması, ən müasir silahlarla təhcizatı və əsgər-zabit heyyətinin yüksək döyüş ruhuna malik olması ilə bağlı erməni təbliğat maşınının illərlə formalaşdırdığı mif sabun köpüyü kimi dağıldı. Ermənistan ordusunun keçən əsrin 80-ci illərinin silahlarından istifadə etdiyi həqiqəti bəlli oldu.

Həmin dövrdə Ermənistanın Baş naziri Ovik Obramyanın İrəvana səfər etmiş Rusiyanın Baş naziri Dmitri Medvedevə 200 milyon dollar kredit üzrə silah-surasatın verilməsinin hələ də Moskva tərəfindən yubadıldığını xatırlatması və bu məsələdə koməklik göstərilməsini az qala yalvararaq xahiş etməsi yuxarıda söylənən fikirlərin düzgünlüyünü təsdiqləyir. Bundan savayı, Ermənistan zamankı prezidenti Serj Sarkisyan Almaniyada səfərdə olarkən 2 hadisənin onu üzdüyünü dilə gətirməkdən çəkinməmişdir. Birincisi, Azərbaycan ordusu ən müasir silahlarla təhciz olunubdur. İkincisi, müttəfiqləri olan Rusiya Azərbaycana müasir silah-sursat satır. Əli Xocalıda dinc, günahsız soydaşlarımızın qanına bulaşmış “Serj Sarkisyanı heç vaxt bu qədər bədbin və inamsız görməmişdik,-” fikri də erməni ekspertlərinə məxsusdur.

İkinci nəticə. Beynəlxalq birliyin subyektlərinin mütləq əksəriyyəti, o cümlədən böyük dövlətlər və beynəlxalq təşkilatlar, əsasən, Azərbaycanın haqq işini müadfiə etdilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “bütün həmsədr ölkələr – ABŞ, Rusiya, Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Dünyada Ermənistandan başqa elə bir ölkə yoxdur ki, bizim ərazi bütövlüyümüzü dəstəkləməsin…qanlı toqquşmalardan sonra beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı narahatlığını ifadə etdi. Həmsədr ölkələrin rəhbərliyi sülh danışıqlarına sadiqlik göstərilməsi, məsələnin sülh yolu ilə həlli haqqında bəyanatlar verdilər və biz də bunu istəyirik”.

Hətta iş o yerə gəlib çatdı ki, Ermənistanın Xarici İşlər Nazirliyi beynəlxalq qinaq obyektinə çevriləcəyi perspektivindən ehtiyatlanaraq bu istiqamətdə yaranmış vəziyyətin geniş təhlilə ehtiyacı olduğunu vurğuladı və məlum istiqamətdə fəaliyyətin yenidən qurulmasının vacibliyini qeyd etdi. Xüsusilə, Ermənistanın hər zaman istinad edərək Azərbaycanı hədələdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ayrı-ayrı üzvlərinin davranışı rəsmi İrəvanın ”yuxusuna haram qatdı”. Xüsusilə Qazaxıstan və Belarus dövlətlərinin Azərbaycanın mövqeyini birmənalı olaraq müdafiə etməsini böyük məmnunluq hissi ilə qeyd edirik. Türkiyə hər zaman olduğu kimi, bu dəfə də Azərbaycanın yanında oldu. Dövlətlərimizin qardaş, dost, strateji müttəfiq olması həqiqəti növbəti dəfə tarixin sınağından çıxdı. Ermənistan mətbuatı və ziyalıları isə ölkələrinin təkləndiyini, müttəfiqsiz qaldığını acı etiraf etdilər.

NESIROV ELMAN

elman-n-1

Üçüncü nəticə. 1994-cü ildən bəri davam edən nisbi atəşkəs dövründə ilk dəfə olaraq Azərbaycan ordusunun düşmənə sarsıdıcı zərbə endirə bilməsi bir sıra amillərlə bağlıdır. Xüsusi olaraq qeyd edək ki, Ulu öndər Heydər Əliyevin ordu quruculuğuna prioritet sahə kimi yanaşması və bu istiqamətdə göstərdiyi misilsiz fəaliyyət Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilmişdir. Son 15 il ərzində Azərbaycanın hərbi arsenalı ən müasir silahlarla təmin edilmişdir. Ölkə büdcəsində hərbi xərclər birinci mövqedədir. Ordumuzun hərbi-vətənpərvərlik ruhu özünün pik nöqtəsindədir.

Bütün qoşun növləri arasında unikal koordinasiya mövcuddur. Ən başlıcası isə, hakimiyət və xalq arasında monolit birlik vardır. Xalq prezidentini sevir, prezident isə xalqın mənafeyini hər şeydən üstün tutur. Məhz bu reallıq ölkəmizdə siyasi sabitliyin formalaşmasını təmin edən başlıca amilə çevrilmişdir. Bütün bunlar Ermənistanda yoxdur. Məhz Aprel döyüşlərinin bilavasitə nəticəsi olaraq Ermənistan dövlətinin onsuz da zəif olan dayaqları sarsılmış oldu. Ermənistan inqilab yaşadı. Sarkisyan rejimi tarixin qaranlıq küncünə atıldı. Ermənistanın müdafiə naziri və əksər generalları vəzifələrindən qovuldular.

Ermənistanda yeni müxalifət düşərgəsi-“Əsgər anaları hərəkatı” formalaşdı. Ermənistan ordusunun böyük aprel itkiləri fonunda bu hərəkatın sıraları ədədi deyil, həndəsi silsilə ilə artmaqdadır. Bu realılqlar Ermənistan yeni rəhbərliyi üçün ibrət dərsi olmalıdır. Əks halda Ermənistanı hərbi cəbhədə labüd biabırçı məğlubiyyət gözləyir. Ermənistanın siyasi-hərbi rəhbərliyinin papağını qarşısına qoyub düşünməyinin vaxtı çoxdan çatmışdır.

Hər keçən zaman Ermənistanın əleyhinə işləməkdədir…

Elman Nəsirov,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı,
Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasının
Siyasi Araşdırmalar İnstitutunun direktoru,
siyasi elmlər doktoru, professor

Read Previous

İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“Mövqeyimizdə heç bir dəyişiklik yoxdur…” – İLHAM ƏLİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir